• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 12.2 ° C / 79%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Öhdəmizə düşən vəzifələri yerinə yetirməyə hazırıq

Öhdəmizə düşən vəzifələri yerinə yetirməyə hazırıq

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı ötən dövrün uğurlarını, ilin əvvəlindən qarşıya qoyulan vəzifələrin vaxtında icra edildiyini diqqətə çatdırdı. Bildirdi ki, Azərbaycan 2018-ci ildə də öz dinamik inkişafını təmin etmiş və ölkəmiz əmin-amanlıqda yaşamışdır. Ümumi daxili məhsul 0,8 faiz artmış, doqquz ayda 85 min daimi iş yeri açılmışdır. Bu, onu göstərir ki, Azərbaycanda çox düşünülmüş iqtisadi siyasət aparılır və bu sahədə islahatlar davam etdirilməlidir.

Kənd təsərrüfatında əldə edilən nailiyyətlərdən danışan Prezidentr pambıqçılıq, baramaçılıq, meyvəçilik, üzümçülük, tərəvəzçilik  və digər sahələrdəki uğurlardan, eyni zamanda, bəzi çatışmazlıqlardan söz açdı, yeniliyin tətbiqinə üstünlük verilməsini dəyərləndirdi: “Kənd təsərrüfatı ilə bağlı yekun olaraq demək istəyirəm ki, ilk növbədə, biz daxili tələbatı təmin etməliyik, məhsuldarlığı artırmalıyıq, elmi yanaşmanı tətbiq etməliyik və ixrac imkanlarımızı genişləndirməliyik”. 

    Sahibkarlığın inkişafından, yeni iş yerlərinin yaradılmasından danışan dövlət başçısı dedi: “Sahibkarlara bundan sonra da dövlət öz dəstəyini göstərəcək. Bu günə qədər Sahibkarlığın İnkişafı Fonduna 2,2 milyard manat vəsait ayrılmışdır. Bu proses davam etdirilir. Mənə verilən məlumata görə, bu il də kreditləşmə uğurla gedir, tələbat çoxdur. Bu, çox sevindirici haldır. Əminəm ki, Sahibkarlığın İnkişafı Fondunun fəaliyyəti nəticəsində gələn il də ölkəmizdə minlərlə iş yeri yaradılacaq”.

Prezident, həmçinin yeni yaradılan mərkəzlərdən, onların fəaliyyətindən söz açdı. Qeyd etdi ki, indi “ABAD” - “Ailə Biznesinə Asan Dəstək” mərkəzləri yaradılır. Mən bunu alqışlayıram. Bu, daha da geniş vüsət almalıdır. Müşavirələrin birində mən özəl sektora müraciət etmişdim. Demişdim ki, onlar da bu təşəbbüsü dəstəkləsinlər və özəl şirkətlər “ABAD” mərkəzləri ilə müqavilələr bağlayıb sponsorluq edirlər. Bir neçə milyon manat dəyərində sponsorluq ki, fermerə, ailə təsərrüfatlarına dəstək olsunlar. 
Sentyabrın 27-də respublikamızda IX Azərbaycan--Rusiya Regionlararası Forumu keçirildi. Sahibkar kimi mən də həmin forumda iştirak etdim. Forum çərçivəsində keçirilən “Kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlıq” mövzusunda “dəyirmi masa” təşkil edildi.  “Dəyirmi masa”da Azərbaycan və Rusiya tərəfindən rəsmi şəxslər, eləcə də İKT, qida və kimya sənayesi, tikinti, sığorta, maliyyə və digər sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak edirdilər. “Dəyirmi masa”da çıxış edən Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı, bu sahəyə göstərilən dövlət dəstəyi barədə məlumat verdi. Qeyd etdi ki, 2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yaradılıb. Agentliyin yaradılmasında məqsəd ölkədə kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi, onlara bir sıra xidmətlərin göstərilməsi, dövlət və özəl qurumların bu sahədə göstərdikləri xidmətlərin əlaqələndirilməsidir.
Toplantıda qeyd edildi ki,  “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq, 2025-ci ilədək Azərbaycanda kiçik və orta biznesin payı ÜDM-də 35 faizə, məşğulluqda 40 faizə, ölkənin qeyri-neft ixracında isə 25 faizə çatdırılacaq.

Prezidentin cənub bölgəsinə iki gün öncəki səfərini də izlədik. Televiziya ilə zonada sahibkarlıq subyektlərinin uğurlarının şahidi olduq. Xalçaçıların ölkəmizdə bu qədim sənətin inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıq dolu ürək sözləri onların öz işlərindən məmnunluğunun təsdiqi idi. Sonda onu deyim ki, bir sahibkar olaraq Azərbaycan Prezidentinin dəstəyi ilə sahibkarlığın inkişaf etməsindən çox razıyam.  Nazirlər Kabinetinin son iclasında söylənilən fikirlərdən öhdəmizə düşən vəzifələri can-başla yerinə yetirməyə hazırıq.

 

Sürəyya İsmayılova,
“İşgüzar Qadınlar Naminə” İctimai Birliyinin sədri

16 Oktyabr 2018 17:36 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Ən son xəbərləri səhifəmizdən də izləyin