Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qələbə ardınca qələbə

Bu il sentyabrın 27- də Ermənistan silahlı qüvvələrinin  başladığı genişmiqyaslı təxribatlar getdikcə daha da şiddətləndi. Azğınlaşmış  təcavüzkarlar  Azərbaycanın digər ərazilərini də işğal edərək “böyük Ermənistan” dövləti yaratmaq iddiasını gercəkləşdirmək istəyirdilər. Lakin istəkləri ürəklərində qaldı. Azərbaycan Ordusunun güclü əks-hücumları nəticəsində düşmən öz məkrli niyyətini həyata keçirə bilmədi. Üstəlik, 27 il işğal altında saxladığı ərazilərimizi də hissə - hissə geri qaytarmaq məcburiyyətində qalıb. Əslində, 4 il əvvəl –2016- cı ilin Aprel döyüşlərindən sonra Ermənistan silahlı qüvvələri öz xoşu ilə işğal etdikləri ərazilərimizi tərk  etməli idilər. İndi isə  rəşadətli ordumuz düşməni darmadağın edir, işğalçıya layq olduğu yeri göstərir.

Artıq xalqımız hər gün qələbə sədalı xəbərlər eşitməyə vərdiş edib. Uşaqlı- böyüklü hamımız  gündəlik xəbərləri diqqətlə izləyirik. Eşidəndə  ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin xalqa müraciəti olacaq, səbrsizliklə həmin vaxtı  gözləyirik. Əminik ki, yeni qələbə xəbəri eşidəcəyik.  Oktyabrın 20- dək ölkəmizin işğal altında olan 78 yaşayış məntəqəsinin azad olunması xəbərini böyük sevinclə qarşılamışıq. Bu xəbərlərin hər biri hər kəsdə qürur, fəxarət hissi yaradıb. 

Oktyabrın 20- də  Prezident İlham Əliyev xalqa müraciətində daha bir qələbə sədası ilə bizi sevindirdi. Ali Baş Komandan  Füzuli və Cəbrayıl rayonlarının hər birinin ayrılıqda  yeddi, ümumilikdə 14,  Xocavənd rayonunun beş və Zəngilan rayonunun  altı  kəndinin, o cümlədən Zəngilan şəhərinin düşməndən azad olunduğunu elan etdi. Bununla da işğaldan azad olunmuş yaşayış məntəqlərimizin ümumi sayı 104 -ə çatdırıldı. 23 gün ərzində 104 yaşayış məntəqəsi düşməndən azad edildi. Böyük və tarixi qələbədir!

Azərbaycanın müstəqillik tarixinə yeni şanlı səhifələr yazılır. Bu, unudulmaz  səhifələrin müəllifi Prezident, Ali Baş Komandan İlham Əliyev və rəşadətli ordumuzdur. Artıq dünya ictimaiyyəti də bir daha əmin oldu ki, Azərbaycan Ordusu  dünyanın 50 ən güclü ordularındandır. Bu ordumuz  Ali Baş Komandanın rəhbərliyi ilə düşmən tapdağında olan ərazilərimizin hamısını azad edəcək.

Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Aqiyə NAXÇIVANLI,
Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor

21 Oktyabr 2020 10:41 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə