Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş prokurorlarının videokonfrans formatında 18-ci iclası keçirilib

Oktyabrın 20-də Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş prokurorlarının korrupsiyaya qarşı mübarizə məsələlərinə həsr olunmuş videokonfrans formatında 18-ci iclası keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 15 dövlətin baş proku­rorlarının və beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndələrinin iştira­kı ilə keçirilmiş tədbirdə ölkəmizi Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.

İclasda çıxış edən Baş prokuror tədbir iştirakçıla­rına Azərbaycan Respub­likasının Prezidenti İlham Əliyevin rəhbərliyi və siyasi iradəsinə uyğun olaraq ölkəmizdə korrupsiyaya qarşı kəsərli mübarizə tədbirləri, o cümlədən iqtisadiyyatın liberallaşdırılması, bürokratik maneələrin aradan qaldı­rılması, vəzifəli şəxslərlə vətəndaşlar arasında sağlam əlaqələrin qurulması, habelə şəffaflıq və hesabatlılığın təmin edilməsi məqsədilə qa­nunvericilik sahəsində həyata keçirilmiş genişmiqyaslı islahatlar, habelə korrupsiya ilə mübarizədə institusional baza təşkil edən ixtisaslı qurumlar – Azərbaycan Res­publikasının Korrupsiyaya Qarşı Mübarizə Komissiyası və Azərbaycan Respublika­sının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin fəaliyyəti haq­qında ətraflı məlumat verib.

Bu sahədə beynəlxalq əməkdaşlığın xüsusi əhəmiyyəti vurğulanaraq, Azərbaycan Respublikası­nın BMT-nin “Korrupsiyaya qarşı mübarizə haqqında”, həmçinin mövcud olan müvafiq Avropa konvensiya­larına qoşulduğu, eləcə də Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən GRECO, Moneyval, OECD, Beynəlxalq Prokurorlar As­sosiasiyasının Prokurorların Korrupsiyaya Qarşı Mübarizə Şəbəkəsi çərçivəsində, həmçinin xarici ölkələrin hüquq mühafizə orqanları ilə səmərəli əməkdaşlığın uğur­la davam etdirildiyi bildirilib.

Baş prokuror iştirak­çılara sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən beynəlxalq hüququn nor­ma və prinsipləri, Cenevrə Konvensiyalarının tələbləri kobud şəkildə pozularaq münaqişə zonasında, eləcə də hərbi əməliyyatların aparıl­dığı yerdən xeyli uzaqda yerləşən mülki əhalinin sıx yaşadığı məntəqələrin hədəfə alınması, o cümlədən 4, 11 və 17 oktyabr tarixlərində Azərbaycanın ikinci böyük şəhəri olan qədim və tarixi Gəncənin dinc əhalisinin sıx yaşadığı mərkəzi hissəsinin, strateji əhəmiyyət kəsb edən Mingəçevir şəhərinin, Bakı-Tbilisi-Ceyhan, Bakı-Novo­rossiysk neft kəmərlərinin, Mingəçevir Su Elektrik Stansiyasının raket atəşinə məruz qalması, beynəlxalq səviyyədə qadağan olunmuş “Smerç” kaset bombalarından və “Skad” raket qurğuların­dan istifadə edilməsi, xarici ölkələrdən gətirilmiş muzdlu­ların düşmən qüvvələrinin sı­ralarında iştirakının müəyyən edilməsi haqqında ətraflı məlumat verib.

Bildirilib ki, Ermənistanın silahlı qüvvələri tərəfindən mülki dinc əhalimizə qarşı törədilən cinayət faktları üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən 37 cinayət işi başlanıb. Ərazidə həyati təhlükənin ol­masına baxmayaraq prokuror və müstəntiqlər tərəfindən əməliyyat-istintaq tədbirləri həyata keçirilməkdədir.

Qeyd olunub ki, sent­yabrın 27-dən bu günədək Ermənistanın mülki əhaliyə qarşı törətdiyi cinayətlər nəticəsində 7-si uşaq, 19-u qadın olmaqla 61 mülki şəxs həlak olub, 300-dən çox mül­ki vətəndaş ağır yaralanıb, ümumilikdə 2500-dən çox evə və mülki obyektə ciddi ziyan vurulub.

Eyni zamanda, Baş pro­kuror qeyd edib ki, Ordumuz Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında əks-hücum əməliyyatına başlayıb və bu sahədə mü­hüm uğurlara imza atmaqla müxtəlif kənd, qəsəbə, rayon və şəhərləri işğaldan azad edib.

Rusiya Federasiya­sının Baş prokuroru İqor Krasnov, İran İslam Res­publikasının Baş prokuroru Məhəmməd Cəfər Monta­zeri və Özbəkistan Res­publikasının Baş prokuroru Niqmatilla Yuldaşev mülki əhaliyə qarşı hücumları qəti surətdə pisləyib, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə həll olunmasının vacibliyini vurğulayıb.

Tədbirin sonunda Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş prokuror­ları tərəfindən əməkdaşlıq haqqında sənədlər imzalanıb, 2021-ci ildə növbəti iclasın Hindistan Respublikasında keçirilməsi qərara alınıb.

21 Oktyabr 2020 00:59 - XƏBƏRLƏR
XƏBƏRLƏR
2 Dekabr 2020 | 04:24
Hava proqnozu
1 Dekabr 2020 | 14:19
Laçınım mənim...

Köhnə versiyamızdan xəbərləri izlə