Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Səfir: Rəşadətli Orduya malik Azərbaycanın heç kimin hərbi yardımına ehtiyacı yoxdur

Azərbaycanın Misirdəki səfiri Tural Rzayev bu ölkənin nüfuzlu “Dostor” informasiya portalına müsahibə verib. Səfir müsahibəsində bildirib ki, rəşadətli Orduya malik Azərbaycanın heç kimin hərbi yardımına ehtiyacı yoxdur və işğalçı Ermənistanın hərbi təxribatına qarşı əks-hücum əməliyyatları keçirən Silahlı Qüvvələrimiz torpaqlarımız tam azad olunanadək döyüşləri davam etdirmək əzmindədir.

AZƏRTAC xəbər verir ki, ərazilərimizin 20 faizini işğal etmiş Ermənistan qoşunlarının 27 ildir həmin torpaqların dərhal və qeyd-şərtsiz çıxarılması barədə BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməkdən boyun qaçırır. ABŞ, Fransa və Rusiyanın həmsədrləri olduqları ATƏT-in Minsk qrupunun da münaqişənin nizama salınması istiqamətində fəaliyyəti Ermənistanın danışıqlar prosesində qeyri-konstruktiv mövqeyi səbəbindən heç bir nəticə verməyib. Status-kvonu qoruyub saxlamağa çalışan işğalçı ölkə, eyni zamanda, hərbi təxribatlar törədib, atəşkəs rejimini davamlı olaraq pozub. Ermənistan hərbi birləşmələri vaxtaşırı mülki obyektləri, dinc əhalini hədəf alıb.

Diplomatımız qeyd edib ki, Ermənistanda Paşinyanın hakimiyyətə gəlişi ilə Azərbaycana qarşı təcavüzkar siyasət, düşmənçilik daha da güclənib. Erməni baş nazir tez-tez Dağlıq Qarabağın guya Ermənistana məxsus olduğu barədə bəyanatlar verir, danışıqlar prosesinin dayanmasına can atırdı.

Diplomat diqqətə çatdırıb ki, torpaqlarımızın işğal edildiyi ötən əsrin 90-cı illərindən fərqli olaraq, indi Azərbaycanın 100 min əsgəri, ən müasir silah və texnika ilə təchiz edilmiş qüdrətli Ordusu var. Bu ordu ərazilərimizi düşmən tapdağından azad etməyə qadirdir.

Ordumuzun cəbhədə möhtəşəm qələbələrindən də bəhs edən T.Rzayev bəzi dairələrin guya suriyalı muzdlu döyüşçülərin Azərbaycanın tərəfində vuruşduğu barədə yalan və qərəzli iddialarına da cavab verib. Qeyd edib ki, əhalisinin sayı 10 milyon nəfərdən çox olan və qüdrətli Orduya malik ölkəmizin əhalisinin sayı 2,5 milyondan da az olan Ermənistana qarşı döyüşlərdə əcnəbi muzdlu əsgərlərə ehtiyacı yoxdur.

Səfir əlavə edib ki, Türkiyə, Pakistan, Ukrayna, Malayziya, Mərakeş, Macarıstan və İtaliya , habelə İslam Əməkdaşlıq Təşkilatı, o cümlədən müsəlman ölkələri Azərbaycanın haqq işinə siyasi dəstəklərini ifadə ediblər.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

20 Oktyabr 2020 20:33 -

Köhnə versiyamızdan xəbərləri izlə