Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qisas qiyamətə qalmaz

Erməni faşistlərinin qətlə yetirdikləri uşaqların qanı yerdə qalmadı

Zəhra, Fariz, Aygün, Nigar, Bahar, Şəhriyar, Sevil, Hüseyn, Nilay, Narin, Mədinə, Xədicə, Orxan, Məryəm... Daha da uzadaqmı bu siyahını? Daha da adlar sadalayaqmı? Kimdir bunlar? – deyə hələ də bizi görmək, eşitmək istəməyənlərə səslənirəm! Adları fərqli, taleləri oxşar olan körpələr... Bir güllədə əzizlərini, atasını-anasını itirən, kiçik cüssələri cansız bədənə çevrilən yavrular! Azərbaycanlı uşaqlar... Türk cocuqları! Uşaqlıqlarını yaşamadan yaşamaq haqları, uşaqlıq haqları əllərindən alınan körpələr. Nədir onların suçu?

Bu uşaqlar müharibənin kiçik şəhidləri, kiçik qəhrəmanlarıdırlar. Bir uşaq bir evin sevinci, bir uşaq bir ölkənin gələcəyidir! Amma, əsla və əsla zülmün, bombanın hədəfi deyil. Amma nə yazıq ki, hədəf alındılar. Raket atəşləri ilə, öz evlərində, analarının qucağında mışıl-mışıl yatdıqları yerdə qətl edildilər! Qatillər uşaqlarla müharibə aparırlar! Qaniçən düşmən beşikdəki körpələrdən torpaq istəyir! Təbəssümü qəfil kirimiş olan uşaqların-məhz azərbaycanlı olduqları üçün bir gecədə məhv edilən bu uşaqların məzlum pıçıltıları, sivil dünyanın üz qarasıdır. Amma qisas qiyamətə qalmaz, deyir, atalar. Qalmayacaq və qalmadı da zatən! Bu qisası uşaqlarımızın gələcəyinə buraxmadan bu gün alırıq və alacağıq! Amma əsla erməni kimi yox! Əsl Azərbaycanlı kimi, Türkə yaraşan bir şəkildə alırıq bu qisası!

Əli yalın, silahsız xalqı, uşaqları, qadınları nişan almadan, özgəsinin torpağında gözü olmadan öz haqqımız, ədalətimiz, torpaqlarımızın bütünlüyü uğrunda çıxdığımız müqəddəs yolda inamla, qətiyyətlə irəliləyərək, düşmən ordusuna döyüşdə, məhz döyüşdə layiqli cavabını verərək, 32 ildən bəri zorla işğal altında tutduqları torpaqlarımızın hər qarışından onları qovaraq, həmin torpaqlarda üçrəngli bayrağımızı sancaraq alırıq bu qisası!

Bu gün Azərbaycan öz tarixinin ən şanlı, ən şərəfli, ən qürurlu səhifələrini yazır və yazacaq! Bu şərəfi, bu qüruru bizlərə yaşatdığı üçün Ali baş Baş Komandan, möhtərəm Prezidentimiz İlham Əliyevə borcluyuq!... Cənab Prezident, xalqımız əmindir ki,  bizə hələ çox qələbələr, çox zəfərlər yaşadacaqsınız! Hələ çox qələbələrə, zəfərlərə imza atacaqsını! Bu missiyanı - xilaskarlıq missiyasını Böyük Yaradan məhz Sizə etibar edib. Bu günə kimi bütün əməllərinizlə zatən Azərbaycanın yeni tarixini yazırdınız. Bu gün isə daha fərqli bir tarix yazırsınız! Bu gün dərs verirsiniz düşmənə... Hələ çoxlarına çox dərslər verəcəksiniz! Bu yolda yaradan Sizə, canınızdan çox sevdiyiniz, uğrunda çox fədakarlıqlara imza atdığınız xalqımıza, ordumuza, dövlətimizə yar və yardımçı olsun. Zəfər, qələbə bizimdir! Qarabağ Azərbaycanın olub, Qarabağ Azərbaycanındır, Qarabağ Azərbaycanın olacaq!

Jalə ƏLİYEVA,
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri  komitəsi sədrinin müavini, pofessor

20 Oktyabr 2020 15:55 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə