Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Milli Kitabxana Avropa Milli Kitabxanaları Konfransı təşkilatının (CENL) onlayn konfransında iştirak edib

Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov 45 ölkədən ümumilikdə 49 Milli Kitabxananın üzv olduğu CENL-in onlayn İllik İclasında iştirak etmişdir. Bu il Belçika Kral Kitabxanasında keçirilməsi nəzərdə tutulan konfrans koronavirus pandemiyası ilə əlaqədar təxirə salınmış və onlayn şəkildə keçirilmişdir. Konfransa 33 Milli Kitabxananın direktorları və digər beynəlxalq təşkilatların nümayəndələri qoşulmuşdu.

CENL - 1987-ci ildə Avropa Şurasının təşəbbüsu ilə yaradılmış və onun dəstəyi ilə fəaliyyət göstərir. CENL-in əsas vəzifəsi vahid informasiya məkanında kitabxanaların birgə və əlaqəli fəaliyyət göstərməsini təmin etməkdən ibarətdir. Azərbaycan Milli Kitabxanası 2005-ci ildə Avropa Milli Kitabxanalar Konfransı beynəlxalq təşkilatına üzvlüyə qəbul edilmişdir.          

Onlayn konfransda CENL sədri, Britaniya Kitabxanasının İcraçı direktoru Roly Keating açılış nitqi ilə çıxış edərək konfrans iştirakçılarını salamlamışdır.

Daha sonra 2019-cu ildə Mo i Ranada Norveç Milli Kitaxbanasında keçirilən 33-cü CENL İllik İclasının yekun sənədləri müzakirə olunmuş, Slovakiya Milli Kitabxanasının Baş Direktoru Katarina Kristofova CENL-in illik hesabatını təqdim etmişdir. Ardınca Belçika Kral Kitabxanasının Baş Direktoru Sara Lammens CENL-in 2019 və 2020-ci illərə dair maliyyə hesabatlarını məruzə etmiş və 2021-ci ilin büdcə təklifini səsvermə üçün təqdim etmişdir. Daha sonra Britaniya Kitabxanasından Marcie Hopkins CENL-in Fəaliyyət Planı ilə bağlı çıxış etmişdir.

Onlayn konfransda “Milli Kitabxanalar pandemiya şəraitində” mövzusunda çıxış edən Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov pandemiya şəraitində Milli Kitabxananın onlayn rejimdə fəaliyyətindən danışmış, eyni zamanda Azərbaycanda müharibə getdiyini və Azərbaycan ordusunun Ermənistan tərəfindən 30 ildən artıq işğal altında saxlanılan torpaqlarımızın erməni işğalından azad olunması uğrunda müharibə apardığını və erməni vandallarının dinc əhalini raket atəşinə tutmasını Avropanın 33 ölkəsinin Milli  Kitabxana direktorlarının diqqətinə çatdırmışdır. Milli Kitabxananın direktoru həmçinin, işğalçı Ermənistan ordusu tərəfindən atılan raket atəşlərindən mədəniyyət obyektlərimizin, o cümlədən kitabxanaların zərər çəkdiyini söyləmişdir.

Son olaraq, Kərim Tahirov qeyd etmişdir ki, belə görüşlərin keçirilməsi ölkələr arasında elmi, tarixi, mədəni və ədəbi irsin təbliğində, Milli Kitabxanaların birgə fəaliyyətinin və gələcəkdə birgə layihələrin həyata

keçirilməsində, qabaqcıl dünya təcrübəsinin kitabxanalarda tətbiqində böyük əhəmiyyət kəsb edir.

İclasın sonunda CENL-in növbəti illik toplantılarının Brüsseldə (2021), Ankarada (2022) və Parisdə (2023) keçiriləcəyi elan olunmuşdur.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

20 Oktyabr 2020 15:49 -

Köhnə versiyamızdan xəbərləri izlə