Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistandan fərqli olaraq, həm sülh, həm də qanuni ərazilərimizi istəyirik

“Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinə videomüsahibəsində öz qətiyyətli cavabları ilə bir daha sübut etdi ki, Azərbaycan haqq yolundadır, mübarizəsi ədalətlidir və məqsədi işğal olunmuş torpaqlarının azad edilməsidir. Müxbirin “Siz necə hesab edirsiniz, əldə olunmuş atəşkəsin tamamilə yerinə yetirilməsinə qayıtmaq mümkündür, yoxsa həmin atəşkəs tamamilə pozulub?” – sualına cavabında tərəfdaşlarla əlaqələr çərçivəsində  götürülən öhdəliklərə sadiq qaldıqlarını, lakin, Ermənistanın danışıqlardan sonra heç 24 saat keçməmiş, yatmış Gəncə şəhərinin yaşayış məhəllələrinə məqsədyönlü şəkildə zərbə endirməklə atəşkəsi nümayişkaranə şəkildə pozduğunu xatırlatdı. Həmçinin Ermənistanın bu addımla, vasitəçilərə və öz üzərinə götürdüyü öhdəliklərə hörmətsizlik göstərdiyini dedi və bunu beynəlxalq terrorizm adlandırdı.  BMT-nin Baş katibinin, Avropa İttifaqının və bir çox ölkələrin bu beynəlxalq terrorizm aktını milli səviyyədə pislədiklərini diqqətə çatdırdı”. Bu fikirləri iqtisad üzrə fəlsəfə doktoru Vüsal Bayramov dövlət başçısının növbəti müsahibəsilə bağlı münasibət bildirərkən dedi.

V.Bayramov qeyd etdi ki, cənab Prezident Azərbaycanın nizamlama prinsiplərinə sadiqliyini vuğulayaraq, “...əgər Ermənistan danışıqlar məcrasında özünü konstruktiv apararsa, biz günü sabah hərbi əməliyyatları dayandırmağa hazırıq. Lakin Yerevandan eşitdiyimiz bəyanatlar ATƏT-in Minsk qrupu tərəfindən hazırlanmış baza prinsiplərinə tamamilə ziddir”, -- dedi. Ermənistan rəhbərliyinin lap yaxın vaxtlarda baza prinsiplərini faktiki olaraq təkzib edən çox təhlükəli bəyanatlarla çıxış etdiyini bildirdi. Prinsip etibarilə, Ermənistanın yeni rəhbərliyinin bütün fəaliyyətinin danışıqlar prosesinin pozulmasına yönəldiyini qeyd etdi. Ermənistan tərəfindən işğal edilmiş ərazilərin qaytarılması, Dağlıq Qarabağın gələcəyinə dair danışıqlar, qaçqınlar və məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə, o cümlədən Dağlıq Qarabağa, Şuşaya qaytarılmasının baza prinsiplərində yazıldığını və Azərbaycan tərəfin mövqeyinin dəyişmədiyini qeyd edən Prezident dedi: Mən bu gün öz mövqeyimizi elə bir vaxtda təsdiq edirəm ki, işğal altında olan ərazilərdə daha 13 yaşayış məntəqəsinin azad olunması bu gün elan edilib. Elə bir vaxtda ki, erməni ordusu, əslində, fiaskoya uğrayır. Azərbaycan döyüş meydanında öz üstünlüyünü nümayiş etdirir. Lakin bununla belə biz, qan tökülməsinin davam etməsini istəmədən, insanların həyatını qoruyub saxlamağı arzu edərək bu məsələni siyasi yolla həll etməyə hazırıq”. Bu gün təmas xəttinin olmadığı, status-kvonun pozulduğu bir zamanda hərbi müşahidəçilərin texniki baxımdan yerləşdirilməsinin mümkün olmadığına toxunan dövlət başçımız, həmçinin bildirdi ki, döyüş meydanında vəziyyət hər gün dəyişir. “Hansısa xarici müşahidəçilər oraya gələndə harada dayanacaqlar? Haradasa dağlarda, vadilərdə, körpülərin üstündə? Yəni, bütün bunlar çox ətraflı işlənib hazırlanma tələb edir. Bu, öz hərbi kontingentini oraya göndərməyi lazım bilənlər üçün böyük riskdir”.

Cənab Prezident qeyd etdi ki, baza prinsiplərini biz qəbul etsək də, erməni tərəfi təkzib edir.

“Əgər rusiyalılar olmasa, bu missiyada daha hansı ölkələr iştirak edə bilərdi?” --sualına Prezidentin cavabı konkret oldu. Bunu ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklif edəcəklərini, Azərbaycan və Ermənistanın isə öz tərəflərindən bu və ya digər ölkəyə veto qoya, ya da razılaşa bilmə hüququndan istifadə edə biləcəyini vurğuladı. “İş onda deyil ki, Azərbaycan razılaşacaq və ya razılaşmayacaq. Biz mandatın, necə deyərlər zaminini, funksiyalarını, yerləşdiyi məkanı, fəaliyyətini bilməliyik. Onlar dağlarda və ya boş bir sahədə dayanıb kimin haraya atəş açmasını müşahidə edəcəklər? Əvvələn, bu, təhlükəlidir. İkincisi, məsələn, atəşkəsi kimin pozduğunu müşahidə etmək üçün hətta onu kimin pozduğu müəyyən edilsə belə, sonra nə olsun? Həmin insanları məsuliyyətə cəlb edəcəklər? Hansısa cinayət işləri açılacaq? Buna görə, ilk növbədə, baza prinsiplərinin implementasiyası qaydası müəyyən edilməlidir”.

Müsahibədə bildirildi ki, əgər erməni tərəfi desə ki, bəli, biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq, ikincisi, biz baza prinsiplərinə sadiqik, üçüncüsü, biz işğal edilmiş ərazilərdən öz qoşunlarımızı çıxarmağa razıyıq. Onda müşahidəçilər məsələsini müzakirə etmək olar. Baza prinsiplərində təkcə Laçın dəhlizinin deyil, bütün kommunikasiyaların, həmçinin Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında kommunikasiyaların açılmalı olduğu yazılıb. Erməni tərəfi bu dəhlizin təhlükəsizliyinə zəmanət təqdim etməli idi. Bunlar Azərbaycan ərazilərinin işğaldan azad edilməsini, azərbaycanlı məcburi köçkünlərin qovulduğu bütün torpaqlara, təkcə yeddi rayona deyil, həm də Dağlıq Qarabağın ərazisinə qaytarılmasını nəzərdə tutan kompromis paketinin bir hissəsidir. Əlbəttə, Dağlıq Qarabağ ilə Ermənistan arasında Laçın dəhlizi vasitəsilə maneəsiz gediş-gəliş də nəzərdə tutulurdu. Biz bu mövqeyimizi bir daha təsdiq edirik.

Müsahibənin sonunda müxbirin “Ermənistandan olan həmsöhbətinizlə görüşmək üçün Moskvaya gəlməyə hazırsınızmı?” – sualına cavab verən dövlət başçımız haqlı mübarizəmizin qələbə ilə nəticələnəcəyinə əminlik ifadə edən əsas şərtini də diqqətə çatdırdı: “Biz qarşıdurmaya son qoymaq və nizamlama yollarını tapmaq üçün Moskvada və ya hər hansı başqa bir yerdə görüşməyə həmişə hazırıq. Biz də sülh istəyirik, lakin Ermənistandan fərqli olaraq, biz öz qanuni ərazilərimizi də istəyirik”!

Bütün xalq bilir ki, biz ədaləti bərpa etmək uğrunda savaşa çıxmışıq. Bu yolda ölüm də olsa, ərazi bütövlüyümüz naminə Vətənə canını fəda etməyə, Prezidentin bir əmrilə döyüş meydanına atılmağa  hazır həm gənclərimiz, həm yaşlılarımız var. Qələbə bizimdir. Qarabağ Azərbaycandır!

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

20 Oktyabr 2020 15:29 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə