Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Alanyada Azərbaycan bayraqları

Azərbaycan bayrağı tarixi Xudafərin körpüsü üzərində dalğalandı. Azərbaycandan, döyüş bölgəsindən cox uzaqlarda yaşasaq da hər açılan sabahımızı qardaşlarımıza dualarımızla başlayırıq. Ay-ulduzlu bayraqlarımızın Şuşa, Xankəndi, Kəlbəcər, Zəngilan, Qubadlı üzərində dalğalanacağı günü səbirsizliklə gözləyirik.  

Bu fikirləri Azərbaycanın dostlarından olan Alanyalı memar, Türk-Alman Dostluq Dənəyinin Alanya şöbəsinin rəhbəri Fəxri İgid redaksiyamıza ünvanladığı mesajlarında bildirir. O, qeyd edir ki, Alaniya Türkiyənin yüzlərcə şəhərindən biridir. Burada Azərbaycan haqq mücadiləsinə başladığı ilk gündən azərbaycanlı qardaşlarımızla həmrəyliyimizi bir an belə unutmadıq. Mənfur Ermənistanın  Gəncə şəhərində törətdiyi terror aktlarını, mülki şəxslərin, xüsusilə azyaşlıların öldürülməsini pisləyir və bunu Ermənistan rəhbərliyinin hərbi cinayəti adlandırırıq.  Dinc əhaliyə atəş açmaq, görünməmiş vəhşiliklər törətmək hərbi cinayətdir. Onlar bu cinayətə görə məsuliyyət daşımalıdırlar və daşıyacaqlar. Sevinirik ki, şanlı Azərbaycan Ordusu onların cavabını döyüş meydanında verir. 30 ildir ki, işğal altında olan tarixi Qarabağ torpaqlarının işğaldan qurtarılması böyük bir amal kimi Türkiyəni Azərbaycanla qırılmaz tellərlə birləşdirir.

İndi şəhərimizin küçələrində Türkiyə bayraqları ilə yanaşı dalğalanan Azərbaycan bayraqlarını seyr etmək hər kəsə - uşağa da, böyüyə də ilham verir, sevinc bəxş edir. Hansı idarənin, müəssisəni qapısını açsan, stolların üstündə bayraqlarımız qoşa qoyulub. Kücələrdə, evlərin eyvanlarında qoşa dalğalanan bayraqlar birliyimizin təntənəsidir. AK Partiya Alanya şəhər təşkilatının rəhbərliyi Azərbaycanı dəstəkləmək üçün təşkilatın binasına Azərbaycan və Türkiyə bayraqları asdı. Bu Azərbaycanla Ermənistan arasında 27 sentyabrda  başlayan qarşıdurmalara və 27 ildir ki, Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki işğalçılıq siyasətinə AK Partiyanın Alanya təşkilatının sərgilədiyi mövqe olmaqla, Azərbaycana bayraq dəstəyi idi.  

Alanya Ticarət və Sənaye Palatasının prezidenti Mehmet Şahin də Ermənistanın xain hücumlarına məruz qalan Azərbaycanı dəstəkləmək üçün iş adamlarına və vətəndaşlara 1000 ədəd Türkiyə və Azərbaycan bayraqlarını paylatdı. Mehmet Şahin kampaniyaya əvvəlcə Türkiyə və Azərbaycan bayraqlarını palatanın inzibati  binasının önündə asmaqla başladı.

Fəxri bəy bildirdi ki, indi şəhərin tarixi yerlərindən və Alaniyanın simvollarından olan “Qız Qalası”nın üstündə də bayraqlarımız qoşa dalğalanır. Şəhərin küçələrində hərəkət edən avtomobillər üzərində də bayraqlarımız qoşa qoyulub. İndi Türkiyənin hər yerində bunu görmək mümkündür. Bir az əvvəl Antaliyalı bir dostumun mənə göndərdiyi fotoya baxanda cox qürurlandım. Antaliya Agdəniz Universitetinin girişində  asılmış aylı, ulduzlu bayraqlarımız necə də əzəmətli görünürdü. Tanrı bu birliyimizi bizlərə çox görməsin.

Qarabağ Azərbaycandır! Azərbaycan Ordusu öz torpaqlarının azadlığı üçün döyüşür. Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik. Bu gün də can qardaşlarımızın - Azərbaycanımızın  haqlı davasında, öz torpaqlarını geri qaytarmaq mübarizəsində sonuna qədər mübarizəmizi davam edəcəyik. Sonuncu erməni əsgərinin murdar ayaqları tarixi türk torpaqlarından çəkilənə kimi davam etməlidir. Bir türk olaraq düşünürəm ki, blokadaya salınmış Naxçıvanın Azərbaycana birləşdirilməsinin də məqamını yetişmişdir. Hesab edirəm ki, bu tarixi ədalətin də bərpası olardı. 100 il əvvəl Azərbaycan xalqının iradəsindən kənar qəbul edilmiş qərarların ləğvini tələb etmək hüququmuz var. Əzm və qətiyyətlə bildirirəm ki, işğalçı Ermənistanın hücumlarına qarşı  sonadək azərbaycanlı qardaşlarımızın yanındayıq,-deyə Fəxri bəy fikirlərini tamamlamışdır.

Namiq Qədimoğlu,
“Xalq qəzeti”

20 Oktyabr 2020 12:40 - XƏBƏRLƏR
XƏBƏRLƏR
27 Noyabr 2020 | 01:12
Hava proqnozu
27 Noyabr 2020 | 00:52
Atalar və oğullar

Köhnə versiyamızdan xəbərləri izlə