Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şəhid Cəbrayıl Dövlətzadənin ailəsi ziyarət edilib

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva qardaş Türkiyədən olan bir qrup ziyalı ilə bərabər, 19 yaşlı şəhid Cəbrayıl Dövlətzadənin ailəsini ziyarət edib. Qənirə Paşayeva qəhrəman şəhidin adının yeniyetmə və gənclərimizin, ümumən xalqımızın dilindən düşməyən bir ada çevrilidiyini deyib:

“Ordumuz sentyabrın 27-dən bəri, əcdadımızın hərbi ənənəsini davam və inkişaf etdirməklə, yeni qızıl səhifələrlə zənginləşdirməkdədir. 19 yaşlı Cəbrayıl Dövlətzadə kimi əsgərlərimiz Azərbaycan gəncliyinin malik olduğu sarsılmaz Vətən sevgisini, şücaəti, öz canlarını Vətənə qurban verməklə, bütün dünyaya sübut edib. Bu xalq ruhunun cəsarətini göstərir.  Hələ 19 yaşındaykən qəhrəmanlıq göstərərək şəhid olan Cəbrayılın döyüş yolu gənclərimiz üçün bir örnəkdir”.

Qardaş Türkiyədən olan ziyalılar deyib ki, adını, soyadını doğruldan Cəbrayıl Dövlətzadə artıq yalnız mənsub olduğu ailənin, yalnız Azərbaycanın deyil, türk dünyasının əzizi, doğmasıdır. Türkiyə hər zaman Azərbaycan şəhidlərini öz şəhidi bilib. Biz bir bədəndə iki can kimiyik.

Oğlunun könüllü olaraq, öz hərbi xidmət yerini öncəbhəyə dəyişməsindən, qəhrəmanlıqla şəhid olmasından qürur hissi keçirdiyini deyən atası, bildirib ki, sonuncu dəfə onunla əlaqə saxlayarkən “Məndən nigaran qalmayın. Vətənə canım fəda olsun!” – deyib.

Şəhidin atası deputat Q.Paşayeva ilə yanaşı qardaş ölkə ziyalılarının da ailəni ziyarət etməsindən məmnunluğunu bildirərək, “Qoy, hamı bilsin ki, biz, doğrudan da, bir millətin iki dövlətiyik” - söyləyib.

Xatırladaq ki, əslən Zəngilan rayonundan olan Cəbrayıl Dövlətzadə 2001-ci ildə Sumqayıt şəhərinin Corat qəsəbəsində doğulub. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. O, Sərhəd Qoşunlarında xidmət etsə də, özü ərizə yazaraq, könüllü olaraq döyüşlərə qatılmaq istədiyini bildirib. Yaxından tanıyanlar onun mərd, qüvvətli, nəcib keyfiyyətli, qətiyyətli bir gənc olduğunu deyir.

Ruhu şad olsun!

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

20 Oktyabr 2020 10:58 - XƏBƏRLƏR
XƏBƏRLƏR
27 Noyabr 2020 | 01:12
Hava proqnozu
27 Noyabr 2020 | 00:52
Atalar və oğullar

Köhnə versiyamızdan xəbərləri izlə