Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nikol Paşinyan “Ria Novosti”də də pat oldu

Sentyabrın 27- də  Ermənistan  ordusu tərəfindən başlanan genişmiqyaslı təxribatlar getdikcə daha da alovlandı və müharibə həddinə çatdı. Artıq bütün dünyanın  nəzər – diqqəti  Ermənistan - Azərbaycan müharibəsinə yönəlib. Bu müddət ərzində işğalçı ölkə iki dəfə ağ bayraq qaldıraraq rəşadətli ordumuz qarşısında davam gətirə bilmədiyini etiraf edib və  sülh danışıqlarına razı olduğunu bildirib. Hər iki humanitar atəşkəs rejimini yenə də təcavüzkarlar pozublar. Necə deyərlər, yalvaranda özləri, atəşkəsi pozan da özləri. Atəşkəsə baxmayaraq, mülki insanlara hücum edən Ermənistan silahlı qüvvələrinə  qəhrəman Azərbaycan Ordusu layiqli cavab verməkdə  davam edir.

Dünyanın aparıcı televiziya kanalları dövlətimizin başçısından müsahibə almaq üçün sanki növbəyə dayanıblar.  Ermənistanın baş nazirini isə heç itirib-axtaran da yoxdur. Fikirləşirlər ki, həm işğalçı, həm də məğlub tərəf olan Ermənistanın baş naziri nə deyəcək ki,  tamaşaçılar üçün də maraqlı olsun. Bunu  Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın bu yaxınlarda  Rusiyanın “Ria Novosti” agentliyi üçün “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupunun baş direktoru Dmitri Kiselyovun  müsahibəsi də təsdiqlədi. 

“Ria Novosti” agentliyi tərəfindən  hər iki dövlət başçısına  eyni suallar verilib və cavab vermək üçün hər ikisinə bərabərhüquqlu imkan yaradılıb.  Digər televiziya kanallarının və dünyanın aparıcı kütləvi informasiya vasitələrinin verdiyi suallardan boyun qaçıran Nikol Paşinyan, necə deyərlər, köhnə vərdişlərinə sadiq qaldığını yenə də nümayiş etdirdi. O, dugər müsahibələrində olduğu kimi, bu dəfə də  aparıcının sualları qarşısında gözlərini döyə - döyə qalmışdı və sullardan yayınmağa çalışırdı. İşğalçı və məğlub ölkə başçısından bundan artıq nə gözləmək olardı?  Paşinyan  işğalçı, nasizmə rəğbətini, azərbaycanlı mülki əhalinin qətlə yetirliməsində təşkilatçı olduğunu necə dana bilərdi? Bunların hamısı danılmaz faktlardır. 

Gəlin, Prezident İlham Əliyevlə  baş nazir Nikol Paşinyanın aparıcının verdiyi suallara  cavablarına diqqət yetirək.

“Sentyabrın 27-dən başlayan hərbi əməliyyatları necə qiymətləndirirsiniz, itkilər necədir, sizin qiymətləndirmənizə görə, əsir düşənlər çoxdur?” -- sualına cavab  olaraq dövlətimizin başçısı bildirdi ki, sentyabrın 27-də Azərbaycan Ermənistan silahlı qüvvələrinin növbəti hücumuna məruz qalıb: “Bu, son üç ay ərzində birinci hücum deyildi. İyul ayında dövlət sərhədində buna bənzər, lakin nisbətən kiçik miqyaslı hadisə baş vermişdi. Ancaq işğalçı tərəf öz çirkin məqsədinə çatmamış və böyük itkilərlə üzləşmişdir. Döyüş meydanında itkilərə gəldikdə isə bizdə olan məlumata görə, erməni tərəfin itkiləri bizim itkilərdən xeyli çoxdur”.

Möhtərəm Prezidentimiz hərbi qulluqçular arasında itkilərin münaqişənin qaynar fazası başa çatandan sonra elan ediləcəyini bildirdi: “Döyüş əməliyyatlarının nəticələrinə gəldikdə, onlar Azərbaycan Ordusu üçün çox uğurludur. Biz düşmənin dərin eşelonlaşdırılmış müdafiə xəttini yarmağa nail olduq. Bəzi sahələrdə, hətta, 4 müdafiə xətti vardı. Lakin ərazinin relyefi, dağ relyefi, əlbəttə, müdafiə olunmaq üçün əks-hücumla müqayisədə daha münasibdir”.

Dövlətimizin başçısı Azərbaycan Ordusnun  bu günə qədər qazandığı uğurlar barəsində məlumat verərək dedi ki, onlarca yaşayış məntəqəsi (bu gün artıq işğaldan azad edilən yaşayış məntəqələrinin sayı 78- ə çatıb-S.İ),  o cümlədən Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun kəndlərinin çox hissəsi, Füzuli rayonunun kəndlərinin əksəriyyəti, strateji əhəmiyyətli Suqovuşan qəsəbəsi işğaldan azad edilib: “Biz işğalçıları Murovdağ silsiləsindəki strateji yüksəkliklərdən çıxarmışıq və ölkəmizin ərazi bütövlüyünün bərpası üzrə uğurlu əməliyyatı davam etdiririk”.

Paşinyan isə bu məğlubiyyətin qarşısında aciz qaldığını ört- basdır etmək istəsə də bunu da bacarmadı. Həmişəki kimi, bu dəfə də dili dolaşa-dolaşa dediyi sözləri nə özü, nə də tamaşaçılar başa düşdü. O, yenə də özünü və ölkəsini gülünc vəziyyətə qoydu. Bu, birinci hal deyil. Paşinyan həmişə ona ünvanlanmış suallara “cavab verəndə” belə gülünc vəziyyətə düşür. Ona görə də Ermənistanın siyasi xadimləri haqlı olaraq deyirlər ki, hələ bu ölkənin tarixində Nikol Paşinyan kimi savadsız, qəddar, siyasi dünyagörüşü zəif olan ikinci bir dövlət başçısı olmayıb.

Paşinyan və havadarları Azərbaycanın qələbəsini ölkəmizin ordusnunda muzdluların olması ilə əlaqələndirirlər. Rusiya  televiziya kanalının  əməkdaşının bu məsələ ilə bağlı sualını cavablandıran  möhtərəm Prezidentimiz  bu  mövzuda dəfələrlə danışdığını bildirdi. Konkret olaraq bildirdi ki,  Azərbaycanda hər hansı xarici hərbi iştiraka ehtiyac yoxdur: “Bizim orduda 100 mindən çox döyüşçü var. Zərurət yaranarsa, səfərbərlik hesabına bu rəqəm bir neçə dəfə artırıla bilər. Bu gün malik olduğumuz silahlı dəstələr onların qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə tam qadirdir”.

Erməni hərbi texnikasının məhv edilməsindən söhbət açan dövlətimizin başçısı bunu kadrların  internetdə də  yer aldığını diqqətə çatdırdı. Dedi ki, heç bir muzdlunun bu dərəcədə ixtisası və belə texniki imkanları yoxdur: “Bizim nəyə malik olduğumuz heç kəs üçün sirr deyil. Buna görə bizim əlavə hərbi qüvvələrə ehtiyacımız yoxdur. Azərbaycan beynəlxalq terrorizmə qarşı həmişə ardıcıl mübariz olub. Əlbəttə, hansısa terror təşkilatlarının bizim ərazimizdə yuva salmalarına, xüsusən, bizim xalqımız və qonşularımız üçün təhdid mənbəyi olmalarına heç vaxt imkan verməyəcəyik. Azərbaycan ərazisində indiki hərbi toqquşmalarda iştirak edən xarici silahlı dəstələrin mövcudluğu barədə heç kəs bizə heç bir sübut təqdim etməyib. Bizdə heç bir əcnəbi muzdlu yoxdur”.

Bəs Ermənistanın baş naziri bu suala necə cavab verdi? Necə deyə bilərdi ki, Ermənistan ordusnuda muzdlu döyüşçü yoxdur? Axı, hələ təxribatlara başlamazdan əvvəl Livandan və Suriyadan gətirilən  “ailələr” Şuşada  və Azərbaycanın işğal altında olan ərazilərində qeyri-qanuni məskunlaşdırılırdı. Əslində, bu, terrorçuların yerləşdirilməsi idi.  Ermənistan işğalçı tərəf olaraq Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozur, işğal olunmuş ərazilərimizdə coğrafi və yer adlarının dəyişdirilməsi, Dağlıq Qarabağ və ətraf rayonların təbii resurslarının talan edilməsi və onlardan qazanc məqsədilə istifadə edilməsi, xüsusilə də Suriyadan olan erməni əsilli “qaçqınların” məqsədyönlü şəkildə məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllərini davam etdirir, beynəlxalq hüququn prinsiplərinə zidd hərəkət edir.

Livanın ASALA erməni terror təşkilatının yarandığı, inkişaf etdiyi ölkə olması beynəlxalq ictimaiyyətə də bəllidir. Livandakı Beyrut limanı ermənilərin dünyaya açılan qapısı hesab edilir. Ona görə də bu terrorçuların Ermənistan ordusnun tərkibində Azərbaycana qarşı vuruşması dəfələrlə öz təsdiqini tapıb. Bunu Paşinyan da etiraf etmək məcburiyyətində qaldı.

Telekanalın aparıcısının digər sualları qarşısında pat vbəziyyətində qalan Nikol Paşinyan, eyni zamanda, Prezident İlham Əliyevin dəqiq və faktlara əsaslanan cavabları qarşısında da çaş - baş qalmışdı. “Ria Novosti” də təsdiqlədi ki, dünya ictimaiyyəti Prezident  İlham Əliyevin simasında bir tərəfdən təcrübəli siyasi xadim, praqmatik düşüncəli dövlət başçısı, dərin siyasi dünyagörüşə malik, özünə güvənli və hərəkətlərinin düzgünlüyünə əmin olan dünya səviyyəli lider görür. Digər tərəfdə isə özünü itirmiş, fikirlərini normal izah edə bilməyən, dili topuğ vuran, nə danışdığını özünün də dərk etmədiyi  avantürist fərziyyələr və uydurmalar səsləndirən,  cılız və miskin Nikol Paşinyan durur.

Səhər İSMAYILOVA,
Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının sektor müdiri, politoloq

20 Oktyabr 2020 10:52 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə