Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Özbəkistanda Ermənistan tərəfindən Gəncə və digər şəhərlərimizin raket atəşinə tutulması ilə bağlı etiraz aksiyası keçirilib

Azərbaycanın Özbəkistandakı səfirliyində “Ermənistanın işğalına son, Gəncənin, şəhər və kəndlərimizin raket atəşinə tutulmasını, dinc sakinlərin qətlə yetirilməsini pisləyirik!” şüarı ilə etiraz aksiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, aksiyada Özbəkistan Xarici İşlər Nazirliyinin Müstəqil Dövlətlər Birliyi Departamentinin şöbə müdiri Fatulla Abduraxmanov, Türkiyənin, Pakistanın və Əfqanıstanın Özbəkistandakı səfirləri Mehmet Surayya Er, Sayid Ali Asad Gilani və Əhməd Xamid Elmi, Daşkənddə yaşayan soydaşlarımız, qardaş özbək xalqının nümayəndələri, azərbaycanlı gənclər iştirak edib.

Soydaşlarımız Gəncə şəhərində mülki əhaliyə qarşı raket hücumu zamanı ölən və yaralanan uşaqların, digər vətəndaşlarımızın şəkillərindən ibarət guşənin önünə gül-çiçək, uşaq oyuncaqları qoyublar.

Aksiya iştirakçıları əllərində Azərbaycan və özbək dillərində “Erməni işğalına son!”, “Gəncədə dinc sakinlərin qətlə yetirilməsini pisləyirik!”, “Gəncədə uşaqların öldürülməsini qınayırıq!” plakatları tutublar.

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev oktyabrın 10-da və 17-də Ermənistanın humanitar atəşkəsi kobud şəkildə pozaraq Azərbaycanın müharibə zonasından 100 kilometr uzaqda yerləşən qədim Gəncə şəhərinə raket hücumu haqqında məlumat verib, bu hücumların gecə vaxtı edildiyini iştirakçıların diqqətinə çatdırıb. Səfir deyib ki, gecə vaxtı edilən hücumun məqsədi isə daha çox insanı qətlə yetirməkdir. Sonuncu hücumda şəhərdə 15 mülki şəxs həlak olub, 50-dən çox insan yaralanıb.

Diplomat vurğulayıb ki, Ermənistan silahlı qüvvələri Gəncədən başqa, Mingəçevir şəhərini, həmçinin Bərdə, Beyləqan, Ağcabədi, Tərtər, Goranboy rayonlarını raket atəşinə tutur, dinc əhali arasında ölənlər və yaralananlar var.

Bu təxribatlarla Ermənistan 1949-cu il Cenevrə Konvensiyasının, 1954-cü il Haaqa Konvensiyasının şərtlərini və beynəlxalq hüququn qəbul edilmiş ümumı normalarını kobud şəkildə pozub. Bu qanlı aktlara beynəlxalq birlik tərəfindən düzgün qiymət verilməlidir. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamədə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş torpaqlarından qeyd-şərtsiz çıxarılması tələb olunur. Ermənistan hələ də nə bu qətnamələrin tələblərini, nə də digər beynəlxalq təşkilatların saysız-hesabsız qərarlarını yerinə yetirib.

Diplomat bildirib ki, artıq Cəbrayıl şəhəri və rayonun kəndləri, Füzuli rayonu işğaldan azad olunub, əsgərlərimiz bu istiqamətdə yeni qələbələrə imza atırlar.

Səfir vurğulayıb ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan tam azad olunması günü uzaqda deyil.

Sonra çıxış edən Mehmet Surayya Er Ermənistan rəhbərliyinin təxribatçı addımlarından, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə və digər şəhər və rayonlarına raket hücumlarndan, günahsız mülki insanların həlak olmasından danışıb, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi uğrunda apardığı haqq işindən söhbət açıb. Səfir deyib ki, Türkiyə Azərbaycanın haqq müharibəsinə siyasi dəstək verib, bundan sonra da verəcək.

Sayid Ali Asad Gilani və Əhməd Xamid Elmi çıxışlarında Ermənistanın Azərbaycana təcavüzünü pisləyib, mülki insanları hədəfə alan Ermənistanın buna cavab verməli olduğunu vurğulayıblar. Bildirilib ki, Azərbaycan Ordusu Ermənistanın işğalçı ordusunu öz torpaqlarından təmizləyir və bu, tamamilə qanunidir. Bu, sözün əsl mənasında, müharibə cinayətdir və Ermənistan buna görə nə vaxtsa cavab verməli olacaq.

 

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

19 Oktyabr 2020 21:09 -

Köhnə versiyamızdan xəbərləri izlə