Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Düşmənin mülki əhalini atəşə tutması nəticəsində Ağdam rayonunda üç nəfər, o cümlədən AZTV-nin əməkdaşı xəsarət alıb

Ermənistanın silahlı qüvvələri elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini, o cümlədən 1949-cu il tarixli Cenevrə Konvensiyalarının əsas norma və prinsiplərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı cinayət əməllərini davam etdirir.

Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, oktyabrın 19-da səhər saatlarından başlayaraq düşmənin silahlı birləşmələri tərəfindən Ağdam rayonu müxtəlif istiqamətlərdən raket və ağır artilleriyadan intensiv atəşə tutulub.

Saat 15 radələrində rayonun Bənövşələr qəsəbəsinə top mərmisinin düşməsi nəticəsində 1955-ci il təvəllüdlü Quliyeva Şamama İsa qızı və 1976-cı il təvəllüdlü Quliyeva Maya Məmməd qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Həmçinin, həmin vaxt Bənövşələr qəsəbəsində olan “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin (Aztv) cəbhəboyu zonaya ezam edilmiş əməkdaşı 1982-ci il təvəllüdlü Həsənov Anar Bəybala oğlu Ermənistanın mülki əhaliyə qarşı törətdiyi təxribatları dünya ictimaiyyətinə çatdırarkən düşmən tərəfindən atəşə tutulması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Bundan başqa, rayonun Paşabəyli kəndi ərazisinə top mərmisinin düşməsi nəticəsində kənd sakini Məhiyəddinli Çiçək İlyas qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.

19 Oktyabr 2020 17:33 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə