Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın Baş prokuroru Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri ilə görüşüb

Oktyabrın 19-da Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas ilə görüşüb.

Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, görüşdə Baş prokuror Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, milli qanunvericilik sahəsində Avropa İttifaqına daxil olan ölkələrin qabaqcıl təcrübəsinin öyrənilməsinin önəmli olduğunu vurğulayıb.

Kamran Əliyev prokurorluqda aparılan genişmiqyaslı islahatlardan söhbət açaraq, prokurorluq orqanlarında struktur dəyişikliyi ilə əlaqədar yeni yaradılmış idarələrin, o cümlədən Xüsusi müsadirə məsələlərinin əlaqələndirmə idarəsinin fəaliyyət istiqamətləri barədə məlumat verərək, bu sferada Avropa İttifaqının uğurlu təcrübəsindən geniş istifadə olunduğunu diqqətə çatdırıb.

Baş Prokuror Ermənistan tərəfindən Dağlıq Qarabağ münaqişənin törədilməsini, o cümlədən mülki əhalinin sıx yaşadığı Gəncənin raket atəşinə tutulmasını pisləyən Avropa İttifaqının bəyanatlarını yüksək qiymətləndirib. Münaqişənin mahiyyəti barədə məlumat verən Baş prokuror sentyabrın 27-dən başlayaraq Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycanın yaşayış məntəqələrinin ağır artileriya və raket qurğularından atəşə tutulması nəticəsində dinc mülki əhalimizə qarşı sülh və insanlıq əleyhinə cinayətlərin törədilməsini, o cümlədən 4, 11 və 17 oktyabr tarixlərində Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin raket zərbələrinə məruz qalması nəticəsində xeyli sayda mülki insanın həlak olması və yaralanmasını xüsusilə vurğulayıb.

Səmimi qəbula görə təşəkkürünü bildirən Kestutis Yankauskas ikitərəfli münasibətlərə toxunaraq Avropa İttifaqının Azərbaycanla əlaqələrə böyük önəm verdiyini və münasibətlərin yüksək səviyyədə və müvəffəqiyyətlə inkişaf etdiyini bildirib.

Avropa İttifaqının nümayəndəsi ölkəmizlə Ermənistan arasındakı mövcud münaqişə barədə fikir mübadiləsi aparılarkən Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıyaraq Dağlıq Qarabağ ərazisinin ölkəmizin tərkib hissəsi olmasını təsdiqləmiş, münaqişənin BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində nəzərdə tutulmuş qaydada ATƏT-in Minsk qrupunun iştirakı ilə baza prinsipləri əsasında Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllinin vacibliyini qeyd edib.

Həmçinin Kestutis Yankauskas Avropa İttifaqının Azərbaycanın ərazi bütovlüyü və suverenliyinin tanınmasının təmsil etdiyi qurumun rəsmi sənədlərində dəfələrlə təsdiq edildiyini xüsusilə vurğulayıb.

Ermənistan silahlı qüvvələri tərəfindən Gəncənin yaşayış məntəqələrinin raket atəşinə tutulmasının Avropa İttifaqı tərəfindən bəyanatla pislənildiyini bildirilib, bu hadisələrin dünya ictimaiyyətinə tanıdılması məqsədilə Baş Prokuroluq tərəfindən keçirilmiş brifinqlər, verilən məlumatlar və görülmüş digər tədbirlərin xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanmaqla bu kimi mətbuat konfranslarının tez-tez keçirilməsinin vacibliyi diqqətə çatdırılıb.

Kestutis Yankauskas missiya rəhbəri kimi Gəncədə dinc əhaliyə qarşı törədilmiş cinayətləri pislədiyini bir daha xüsusilə qeyd edib.

Yekunda maraq kəsb edən suallara və mövzulara dair ətraflı məlumatın verilməsi təmin edilməklə, bir sıra digər məsələlər, o cümlədən Avropa İttifaqının TAIEX və TWINNING layihələrinin əhəmiyyəti müzakirə edilib, faydalı fikir mübadiləsi aparılıb.

19 Oktyabr 2020 17:10 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə