Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Ordusu yeni tarix yazır

“Azərbaycan Prezidentinin son günlərdə xarici televiziya kanallarının müxbirlərinə verdiyi müsahibələrdə, hətta təhrikedici suallara belə təmkinlə yanaşaraq ətraflı cavab verməsi onun diplomat kimi necə yüksək səviyyəli, bacarıqlı bir dövlət rəhbəri olduğunun göstəricisidir. Həmçinin özünü daim “qalib ordu” hesab edən qonşu dövlətin indiki durumda, bütün cəbhə boyu ağ bayraq qaldıraraq, Azərbaycan ordusuna təslim olmaq ərəfəsində olduğunu ifadə edir. Bizim humanistliyimiz, rəhmimiz, yenidən Gəncədə körpələrin, Tərtərdə dəfn iştirakçılarının, yaxud məktəblilərin, həkimlərin raket atəşinə tutulması ilə üzərimizə qayıtmamalıdır. Müharibənin də öz qayda-qanunu, hərbçinin də buna uyğun öz davranışı olmalıdır. Hərb meydanında uduzub, ön cəbhədən uzaqdakı dinc insanları – uşaqları, qadınları, qocaları hədəf almaq, özü də, məhz onlar yatarkən raket atəşinə tutmaq rəzillikdən başqa bir şey deyil. Belə qeyri-insani hərəkətlərlə Azərbaycanın haqlı davasını sarsıtmaq mümkün deyil!”

Bu fikirləri Milli Məclisin deputatı Məşhur Məmmədov Azərbaycanın işğalda olan torpaqlarımızın azad edilməsi üçün apardığı əks-hücum əməliyyatları ilə bağlı real vəziyyətə və dövlət başçımızın xarıci televiziyaların müxbirlərinə verdiyi müsahibələrə münasibət bildirərkən dedi. Məşhur Məmmədov bildirdi ki, işğalçı Ermənistanda hökm sürən xaos cəbhəyanı bölgədə yerləşən Tərtərdə daha çox hiss olunur. Hərbi - siyasi hakimiyyətləri ciddi-cəhdlə humanitar atəşkəs əldə olunması üçün yalvardığı halda, Ermənistan silahlı qüvvələri atəşi kəsmir. İşğalçı ordu növbəti dəfə razılaşmanı kobud surətdə pozaraq, Tərtərə mərmilər yağdırmaqda davam edir. Müzəffər Ordumuz düşmənə layiqli qarşılıq verir, atəşi kəsməyən atəş nöqtələri sıradan çıxarılır.

Sentyabrın 27-dən bəri artıq ikinci dəfədir, istismarçı və işğalçı düşmən humanitar atəşkəs üçün yalvarır, sonra əldə edilmiş razılaşmanı kobud şəkildə pozur.  Ölkə Prezidenti İlham Əliyevin nüfuzlu xarici TV-lərə verdiyi müsahibələrdə Ermənistanın iç üzü bütün incəlikləri ilə beynəlxalq ictimaiyyətə çatdırılır. Düşmənin arasıkəsilməz yalanları  və atəşi isə yenə davam edir…

Deputat qeyd etdi ki, Prezidentin Füzuli şəhərinin azad olunduğunu elan etməsindən öncə, qardaş Türkiyənin nüfuzlu “A Haber” televiziya kanalına müsahibəsi də Ermənistanın hərbi cinayətlərini göstərmək, ordumuzun məhz xilaskarlıq missiyası həyata keçirdiyini təsbit etmək baxımından səciyyəvi idi.  “Humanitar atəşkəs” qüvvəyə minəndən dərhal sonra Gəncəyə raket atan Ermənistan hərbi-siyasi rəhbərliyi Xocalı soyqırımı suçlusu sələflərindən qətiyyən fərqlənmədiklərini göstərdi. Görün, düşmən mülki əhalinin qanını tökməyə, evini dağıtmağa nə qədər həvəslidir ki, cəbhə meydanında ortalıqda qalmış yüzlərlə hərbçisinin meyitini götürmədən, öz imkanlarını Gəncədə, Mingəçevirdə vahimə, qorxu yaratmağa yönəldir. İki illik Paşinyan hakimiyyəti dönəmində qətl edilən Azərbaycan uşaq, qadın və qocalarının sayı Xocalıdakı soyqırımı qurbanlarının sayına çatmaqdadır.

Bu mənada, cənab Prezidentin “Haber Global” efirindən dünyaya çatdırdığı fikirlər Ermənistanın indiki hərbi-siyasi rəhbərliyinin portretini dəqiq göstərir: “Müzəffər Azərbaycan Ordusu hər gün yeni hərbi uğurlara imza atır. Hər gün, demək olar ki, ya hansısa bir şəhər, ya kənd işğaldan azad edilir, yaxud da, bu kəndlərin ərazisi nəzarət altına alınır. Bu gün deyə bilərəm ki, bir neçə yaşayış məntəqəsi indi bizim tam nəzarətimiz altındadır. Sadəcə olaraq, o yaşayış məntəqələrinə biz hələ girməmişik, çünki hərbi nöqteyi-nəzərdən buna ehtiyac yoxdur. Ancaq müəyyən müddətdən sonra biz növbəti elanlar edəcəyik. Ona görə bütün cəbhəboyu istiqamətlərdə Ermənistan məğlubiyyətə uğrayır və belə olan halda öz heyfini, öz acısını, öz məğlubiyyətini mülki şəxslərdən çıxmaq istəyir. Bu, onların xislətidir. Çünki Xocalı soyqırımını törədənlər məhz Gəncəyə o hücumu da törətmişlər”.

Prezident “Ria Novosti”yə müsahibə verərkən də təmkininə sadiq qalaraq, fikirlərini müxbirə faktlarla çatdırdı. Müxbirin “Başlanmış hərbi əməliyyatların nəticələrini necə qiymətləndirirsiniz?” – sualına verdiyi sərrast, diplomatik cavab onun əsil liderlik keyfiyyətlərini göstərdi. Prezident Azərbaycanın ardıcıl olaraq Ermənistan silahlı qüvvələrinin hücumuna məruz qaldığını vurğuladı və son üç ay ərzində olan təxribatları xatırlatdı. İyul ayında Tovuzda buna bənzər, lakin nisbətən kiçik miqyaslı hadisənin o vaxt dəf edildiyini, avqust ayında Azərbaycanın dinc əhalisinə və hərbi qulluqçularına qarşı terror aktları törətmək üçün Ermənistan tərəfindən təxribat qrupu göndərildiyini və bu qrupun başçısının saxlanıldığını, sentyabrın so­nunda yaşayış məntəqələrimizin yenidən artilleriya atəşlərinə məruz qaldığını və bunun nəticəsində həm dinc əhali, həm də hərbi qulluqçular arasında ölüm hallarının baş verdiyini bildirdi. Dinc əhali arasında həyatını itirənlərin  və yaralıların olduğunu, təmas xəttinə yaxın ərazilərdə evlərin, tamamilə dağıdıldığını, və ya  zərər çəkdiyini qeyd etdi.

Dövlət başçımız  müxbirin ordumuzda muzdluların olması ilə bağlı sualına kəskin cavabı ilə fikrinin həqiqət olduğunu isbatladı: “ Bizim nəyə malik olduğumuz heç kəs üçün sirr deyil. Buna görə bizim əlavə hərbi qüvvələrə ehtiyacımız yoxdur. Azərbaycan beynəlxalq terrorizmə qarşı həmişə ardıcıl mübariz olub. Əlbəttə, hansısa terror təşkilatlarının bizim ərazimizdə yuva salmalarına, xüsusən bizim xalqımız və qonşularımız üçün təhdid mənbəyi olmalarına heç vaxt imkan verməyəcəyik. Azərbaycan ərazisində indiki hərbi toqquşmalarda iştirak edən xarici silahlı dəstələrin mövcudluğu barədə heç kəs bizə heç bir sübut təqdim etməyib. Bizim rəsmi mövqeyimiz belədir ki, bizdə heç bir əcnəbi muzdlu yoxdur”.

Azərbaycan haqq yolundadır. İnanırıq ki, ədalətin zəfər çalacağı gün çox yaxındadır. Azad edilən kəndlərin sırası hər gün genişlənir. Müzəffər Ordumuzun Möhtəşəm Qələbə sorağını verəcəyi gün uzaqda deyil. Xalqımız Prezidentin hər sözünü əmr, şərtini şərt kimi qəbul edir. Dövlət başçımız başda olmaqla Azərbaycan Ordusu 2020-ci ilin oktyabrında yeni tarix yazır!

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

19 Oktyabr 2020 15:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR
2 Dekabr 2020 | 04:24
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə