Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gəncə Qələbəmizə sarsılmaz inamı ilə döyüş meydanındadır

Gəncəm mənim, Nizaminin, Cavad xanın, babalarımın şəhəri! Unudulmaz ulu öndər Heydər Əliyev Xan bağında Nigar Rəfibəylinin heykəlini açdığı şəhər!

Bu gün müzəffər ordumuz kənd-kənd, rayon-rayon, təpə-təpə doğma torpaqlarımızın hər qarışını, dağını, dərəsini düşmən tapdağından azad edərkən, qəhrəmanlar qəhrəmanı Prezidentimizin dilindən bu xoş xəbərləri eşidib qürur duyarkən, işğalçılar biyabırçı məğlubiyyətlərinin hayıfını dinc əhalidən, qadınlardan, uşaqlardan çıxırlar.

Bir ovuc avantüristin hakimiyyətini qorumaq üçün döyüşə  atılan erməni əsgərləri tankını, topunu atıb dovşan kimi qaçırlar. Onların bu panik fərariliyinin qarşısını almaqçün əsgərlərini səngərlərdə zəncirlə bağlayırlar, amma zəncirlərini qırıb qaçanlar, canını qurtaranlar da olur.

Döyüşdə məğlubiyyətlərinin əvəzini müharibə caniləri cəbhə xəttindən çox-çox uzaq olan şəhərlərimizdən, onların dinc əhalisindən çıxırlar. Quduzlaşmış düşmən Tariximizin qeyrət qalası Gəncənin uğaqlarını, qocalarını, qadınlarını, yatmış insanlarını gecəyarısı kütləvi ölüm saçan raket atəşlərinə tutmaqla  müharibə cinayəti, soyqırımı törədir.

Düşmən bu gün cəbhə boyu Azırbaycan Ordusunda aldığı sarsıdıcı zərbələrin, irimiqyaslı məğlubiyyətin qisasını azğın çar generalı Sisiyanova boyun əyməyən, təslim olmayıb şəhid olan Cavad xanın Gəncəsindən, 1918-ci ilin mayında ilk müstəqil Cümhuriyyətimizin beşiyi olmuş Gəncədən, 1920-ci ilin bolşevik istilasından sonra qiyam etmiş və on minlərlə insanını qurban vermiş Gəncədən almağa çalışır.

Açıq döyüşdə hücumlarımıza davam gətirməyib geri çəkilənlər hayıflarını ikiyaşlı Mədinə Şahnəzərlidən çıxır, uzaqdan- uzağa şəhəri raket atəşinə tutur, abad evləri viranəyə çevirirlər. Azğınlaşmış yağılar uşaqları yetim, böyükləri övladsız qoyur, ən quduz yırtıcı heyvanın belə edə bilməyəcəyi qəddarlıqla insanları məhv edirlər. Mərmilər şəhərin əhalisi sıx olan məhəllələrinə, özü də oğru, quldur əməlləri kimi gecələr atılır. Qəlpələr Nizami məqbərəsinin həndəvərinə, tarixi və dini abidə-- İmamzadəyə düşür.

Dünya ictimaiyyəti deyilən kar və kor kütlə, sanki, bütün bunları görmür, eşitmir, bilmir. Erməni milyarderləri “səxavətiylə” satın alınmış TV çıxışçıları isə hələ də təcavüzə məruz qalan Azərbaycanın yox, “müztərib” ermənilərin halına acıyır.

İşğalçıların ririlərimizə atəş açmaqla ürəkləri soyumur. Qəbirstanlığa, meyitlərə raket atırlar. Ermənistanın başını itirmiş rəhbərlərinin hərəkətləri mənə faşist Almaniyasının son günlərini, Hitlerin yeniyetmələri döyüşə-ölümə göndərdiyi günləri xatırladır. Dinc əhalini qıranları da elə Hitlerin aqibəti gözləyir.

18 Oktyabr müstəqillik bayramı ərəfəsində Gəncənin xaincəsinə vurulması Füzulinin azad olunması sevincini ürək dolusu yaşamağa qoymadı. Cəbhə xəttindən çox uzaq olsa da, bu gün Gəncə həmişəki kimi döyüş meydanındadır-- öz əzmiylə və şəhidləriylə, qüruruyla və qurbanlarıyla, dağıdılmış evləri və qələbəmizə sarsılmaz inamıyla.

İnanıram ki, bütün işğal edilmiş torpaqlarımız azad olacağı yaxın günlərdə hörmətli Prezidentimiz İlham Əliyevin  fərmanı ilə başqa şəhərlərimizlə bir sırada Gəncə də “Qəhrəman şəhər” adına layiq görüləcək.

Ona da inanıram ki, öz ad gününə bir gün qalmış və bir daha heç vaxt ad gününü özü qeyd edə bilməyəcək on beş yaşlı Nigarın—anam Nigar Rəfibəylinin adaşı Nigar Əziz qızı Əsgərovanın qanı da - bütün şəhidlərimizin qanı kimi - yerdə qalmayacaq.

19 Oktyabr 2020 15:03 - XƏBƏRLƏR
XƏBƏRLƏR
2 Dekabr 2020 | 04:24
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə