Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İspaniyanın “La Razón” qəzeti: “Qarabağ Azərbaycandır”

İspaniyada böyük oxuyucu kütləsinə malik “La Razón” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Anar Məhərrəmovun “Qarabağ Azərbaycandır” sərlövhəli məqaləsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin atəşkəs rejiminin kobud şəkildə pozaraq təmas xətti boyunca Azərbaycanın mövqelərini, mülki əhalisini iriçaplı silahlardan, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutmaqla ölkəmizə qarşı növbəti təcavüzə əl atdığı qeyd olunur.

Diqqətə çatdırılır ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə, sənaye şəhəri Mingəçevir, habelə Xızı və Abşeron rayonlarında əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələri, böyük əhəmiyyətə malik infrastrukturu Ermənistan ərazisindən, habelə işğal edilmiş ərazilərimizdən məqsədyönlü şəkildə raket atəşinə tutulur.

Bildirilir ki, Azərbaycan Silahlı Qüvvələri Ermənistanın növbəti hərbi təcavüzünün qarşısını almaq və təmas xətti boyunca sıx şəkildə yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə özünümüdafiə hüququ çərçivəsində, həmçinin beynəlxalq humanitar hüquqa tam riayət etməklə əks-hücum və cavab tədbirləri həyata keçirir.

Oktyabrın 10-da Moskvada humanitar atəşkəslə bağlı razılaşmanın əldə olunmasına baxmayaraq, Ermənistan silahlı qüvvələri razılaşmanı kobud şəkildə pozmaqda davam etdiyi diqqətə çatdırılır. Qeyd olunur ki, Azərbaycanın ikinci ən böyük şəhəri olan və cəbhə bölgəsindən xeyli kənarda yerləşən Gəncə Ermənistan silahlı qüvvələri tərəfindən ballistik raket hücumuna məruz qalıb. Ermənistanın törətdiyi bu müharibə cinayəti nəticəsində aralarında azyaşlılar da olmaqla, mülki şəxslər qətlə yetirilib, bir sıra soydaşımız ağır bədən xəsarətləri alıb.

“Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəs razılaşmasından sonra da dinc insanları və şəhərləri atəşə tutması barbarlıq və insanlıq əleyhinə cinayətdir. Bu, bir daha onu nümayiş etdirir ki, Ermənistan münaqişənin siyasi həllində maraqlı deyil və Azərbaycana qarşı təcavüz siyasətini davam etdirmək məqsədini güdür”, - deyə vurğulanan məqalədə, həmçinin bildirilib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti çərçivəsində dinc insanları, evləri, mülki obyektləri, tibb işçilərini məqsədli atəşə tutması ölkənin beynəlxalq hüququn prinsip və normalarına, o cümlədən beynəlxalq humanitar hüquq və Cenevrə konvensiyalarına, o cümlədən Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən – Dağlıq Qarabağdan və ətraf yeddi rayondan dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə məhəl qoymadığını, öz öhdəliklərini aşkarcasına pozduğunu, adi humanizm prinsiplərindən çox uzaq olduğunu növbəti dəfə nümayiş etdirir.

Azərbaycan tərəfi Ermənistanın bu təcavüzkar əməllərini qətiyyətlə pisləyərək, beynəlxalq ictimaiyyəti işğalçı Ermənistanı beynəlxalq hüquqa və öhdəliklərinə riayət etməyə məcbur etmək üçün qətiyyətli addımlar atmağa çağırır.

Müəllif bildirir ki, yaranmış vəziyyətə görə tam məsuliyyət Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür.

19 Oktyabr 2020 13:57 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə