Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Özümüzü COVİD-19-dan qorumaq, həm də ordumuzu qorumaqdır

“Azərbaycan koronavirusla mübarizədə ilk tədbir görən ölkələrin arasındadır. Mart ayının əvvəllərində tətbiq olunan ictimai səhiyyə tədbirlərinin nəticəsi olaraq yoluxma sayları getdikcə azalmışdı. Lakin sonradan yay aylarında sürətli artım yaşadıq. Yay mövsümünün sonlarına doğru vəziyyət yenidən nəzarət altına alındı. Payız girdikdən sonra, xüsusən də son iki həftədir ki, yoluxma sayları yavaş-yavaş artır. Son bir neçə gün isə daha nəzərəçarpan artımlar qeydə alınır”. Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

O bildirib ki, yoluxma saylarının artımının müxtəlif səbəbləri var. Belə ki, qış ayları yaxınlaşdıqca, COVID, eləcə də digər respirator virus infeksiyaları və mikroblar daha çox yayılır. Buna səbəb insanların qapalı məkanlarda daha çox vaxt keçirməsidir. Həmçinin hazırda insanlarda pandemik yorğunluq müşahidə olunur. Çünki fevral ayından bəri insanlara müəyyən qaydalara əməl etmək, diqqətli olmaq tövsiyə edilir. İnsanlarda həssaslıq azalıb. Bu hal Azərbaycanda deyil, bütün dünyada yaşanır. Onu da qeyd etmək lazımdır ki, ÜST pandemik yorğunluqla necə mübarizə aparılmasına dair yeni tövsiyələr yayımlayıb.

Son zamanlar Azərbaycanda yoluxma sayında qeydə alınan sıçrayış diqqəti cəlb edir, xəstələrin daha da artacağı gözlənilir və bu, qaçılmaz olacaq. Çünki insanların bir yerə toplanmasına səbəb olan günlər yaşayırıq. Belə vaxtlarda isə koronavirusu düşünmürük. İnsanlara belə çətin günlərdə bu mesajları ünvanlamaq asan deyil. Lakin özümüz, sevdiklərimiz naminə xəstəliyin daha da yayılmasının qarşısını almaq üçün diqqətli olmalıyıq.

Qeyd etməlyik ki, hazırda Avropada yoluxma sayı sürətlə artır və bu, artmağa davam edəcək. Buna bəzən ikinci, üçüncü dalğa deyilir. Lakin bunun necə adlandırılması, elə də əhəmiyyətli deyil. Təxminlərə görə, qışda yoluxma sayları yay aylarında qeydə alınan piki ötəcək. Avropada COVID --19 infeksiyasının yeni halları sürətlə artsa da, bugünkü vəziyyət yazda olduğundan çox fərqlidir. BMT-nin xəbərlər xidmətinin məlumatına əsasən deyə bilərik ki, ÜST-ün Avropa Bürosunun direktoru Hans Kluge epidemioloji vəziyyəti təhlil edərək, bölgənin bir çox ölkəsində məhdudiyyətlərin tətbiq edilməsini bəyənib, vəziyyətin pisləşməməsi və daha sərt addımların atılmaması məqsədilə onlara ciddi riayət edilməsinə çağırıb.

ÜST-nin Avropa bölgəsində COVID --19-un yeni hadisələri təkcə 10 gündə 6 milyondan 7 milyona qədər artıb. Hər həftə bölgədə 700.000 insan koronavirusa yoluxur ki, bu da pandemiya başlayandan bəri ən yüksək göstəricidir. Bu mart vəziyyətinə qayıtdığımızı göstərmir. Çünki indi yoluxma artsa da, nəticə əvvəlkindən fərqlidir. Gündəlik infeksiya hadisələrinin aprel ayında pandemiyanın pik dövrünə nisbətən 2 --3 dəfə çox olmasına baxmayaraq, tibbi xidmət səviyyəsinin daha keyfiyyətli olması səbəbindən ölüm halları beş dəfə azalıb.

Xəstəliyin artması qismən test səviyyəsinin, xüsusilə də gənclərin testlərinin əhəmiyyətli dərəcədə artması ilə də izah edilə bilər. Eyni zamanda gənclərin ehtiyat tədbirlərinə riayət etməmələrinə görə, onların arasında virusun xüsusilə sürətlə yayılmasına baxmayaraq, gənclərdə, bir qayda olaraq, ağır simptomlar olmur və infeksiya ölümə gətirib çıxarmır. Lakin indi insanlar, o cümlədən müxtəlif nəsillərin nümayəndələri qapalı yerlərdə bir-biri ilə getdikcə daha çox vaxt keçirəcək və yenə də yaşlı insanlar yoluxmağa başlayacaq, bu isə vəziyyətin kəskin şəkildə pisləşməsi ilə nəticələnə bilər.

Hans Kluge proqnozların nikbinlik üçün əsas vermədiyini söyləyib. 2021-ci ilin yanvarında məhdudiyyətlər uzun müddətə yumşaldılarsa, gündəlik ölüm sayı aprel ayı ilə müqayisədə 4 --5 dəfə çox olacaq. Lakin eyni modellər göstərir ki, maskanın taxılması, həm ictimai, həm də özəl məkanlarda insanların sıxlığına ciddi nəzarət kimi sadə tədbirlər, bölgənin 53 ölkəsində yanvar ayının sonunadək 281.000 insanın həyatını xilas edə bilər. Yalnız nəzərə almaq lazımdır ki, maskalardan indi olduğu kimi 60 faizdən az deyil, əhalinin 95 faizi istifadə etməlidir.

O, bir çox Avropa ölkəsində getdikcə daha sərt məhdudiyyətlərin tətbiq edilməsini "tamamilə zəruri" adlandırıb, çünki onlar elmi məlumatlara əsaslanır: virus evlərdə və digər qapalı yerlərdə və ehtiyat qaydalarına riayət edilmədiyi yerlərdə yayılır.  Doktor Kluge yerli vəziyyətə uyğun tədbirləri tətbiq edərək, möhkəm olmağa -- onlara ciddi riayət edilməsini tələb etməyə və böyük izdihamı məhdudlaşdırmağa çağırıb. Bu tədbirlər, insanları digər xəstəliklər və ya iqtisadi çökmə riski altına qoymadan COVID  --19-dan qurtarmaq məqsədilə hazırlanıb. İnsanlar onlara əməl etməsələr, yazda olduğu kimi getdikcə daha sərt tədbirlər görmək zərurəti yaranacaq. “Mən dəfələrlə demişəm ki, “bugünkü” pandemiya təkcə virusun ötürülmə dinamikasına görə deyil, həm də bu gün onunla mübarizə aparmaq üçün nə qədər silahlı olduğumuza görə də “dünənkindən” fərqlənir, – deyə Kluge qeyd edib. – Buna uyğun olaraq, son altı ay ərzində "karantin" anlayışı da dəyişib”.

O xatırladıb ki, mart ayında virusun hücumu gözlənilməz olduğundan, demək olar ki, hər şey dayandı: insanlar hərəkət edə və bir-birləri ilə əlaqə qura bilmirdilər, müəssisələr, məktəblər və sərhədlər bağlanmışdı. Bu gün isə söhbət “hər bir konkret vəziyyətə uyğun hədəflənmiş müvəqqəti tədbirlərin mərhələli tətbiqindən gedir”. ÜST Regional Direktorunun vurğuladığı kimi, bu gün bütün cəmiyyətin və hər bir fərdin bu mübarizədə iştirakı tələb olunur -- o zaman bu tədbirlərin cəmiyyət və iqtisadiyyat üçün mənfi "yan təsirlərindən" qaça bilərik.

“Hazırda mövcud vəziyyətlə bağlı düşmən atəşi altında işləyən xəstəxanalar var. Bəzi hallarda yaralı hərbi qulluqçulara, əsgərlərə zirzəmilərdə tibbi yardım göstərilir. Ağdam, Tərtər, Füzuli, Beyləqan rayonlarında vəziyyət təxminən belədir”. Bu fikirləri operativ qərargahın təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva söyləyib. O, həmçinin bildirib ki, bu gün biz daha çox lokal qapanmalara gedirik. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrində də qeyd olunub ki, iqtisadi vəziyyəti nəzərə alaraq ölkələr tam böyük bir qapanmalara getməsinlər, daha çox lokal məhdudiyyətlər tətbiq olunsun. Biz də artıq bu prosesə başlamışıq. Ümid edirik ki, proseslər nəticə verəcək.

Onun sözlərinə görə, müsbət nəticə əldə etmək, orduya dəstək olmaq üçün ictimai qınaq olmalıdır. Hər birimiz karantin qaydalarına ciddi əməl etməliyik.  Maska taxmalı, ara məsafəsi saxlamalı, gigiyena qaydalarına əməl etməliyik. İctimai qınaqdan heç kim çəkinməsin, bu, özümüzü xəstəlikdən qorumaqda da faydalıdır. Dünyada xəstəliyin ağırlaşması və ölümə səbəb olmasına dair araşdırmalar aparılır. Artıq Azərbaycana da koronavirusun genomunu öyrənə bilən avadanlıqlar gətirilib. Araşdırmalar Milli Hematologiya və Transfuziologiya Mərkəzində aparılacaq. Hazırda xəstələrin sayının artdığı mərhələdə virusun daha öldürücü və ağır olduğunu demək tezdir: “Bununla bağlı müşahidə aparılacaq. Ümid edirik ki, bu, olmayacaq”.

Koronavirusdan danışarkən, virusa qarşı hazırlanan peyvəndlərdən də söz açmasaq, olmaz. Qeyd edək ki, Azərbaycan COVID --19 xəstəliyinə qarşı peyvəndlərlə bağlı həm ikitərəfli, həm də çoxtərəfli COVAX layihəsinin iştirakçısıdır. Hazırda dünyada vaksinlərlə bağlı aparılan araşdırmalar Azərbaycan tərəfindən də çox yaxından izlənir. TƏBİB-dən bildiriblər ki, hansı peyvənd namizədinin uyğun olacağını demək çox tezdir. Bəzi peyvənd namizədləri ikinci mərhələni bitirib üçüncü araşdırma mərhələsinə keçəndə çox ümidverici olur. Lakin insanlarda onun istifadəsi başlayan zaman hər hansı fəsadlar və əks-təsirlər qeydə alınır. Hələ bütün mərhələləri bitirən və beynəlxalq təşkilatlar tərəfindən təsdiq olunan vaksin yoxdur. Ölkəmizdə həmin proseslər yaxından izlənilir. Biz artıq bütün proseslərin iştirakçısıyıq. Əgər hansısa vaksin təsdiq olunarsa, onu əldə edə biləcək ölkələrin sırasındayıq.    Rusiyadan vaksin gətirilməsi məsələsinə toxunaraq TƏBİB-dən bildiriblər ki, vaksinin hansı ölkədə istehsal olunması əhəmiyyətli deyil. Rusiyada istehsal olunan vaksin də hazırda peyvənd namizədlərin siyahısındadır və beynəlxalq təşkilatlar tərəfindən qiymətləndirilir: “ÜST həmin peyvəndə bəzi müsbət qiymətlər verir, o da tam təsdiqlənməyib. Onun müsbət qiymətləndirmə nəticələri qeyd olunur. Əgər həmin peyvəndin tam şəkildə zərərsiz olması və istifadəsinin mümkünlüyü təsdiq olunarsa və ÜST tərəfindən qəbul olunarsa, o zaman Azərbaycan da onu almağı düşünə bilər”.

Ümumiyyətlə, hazırkı duruma görə deyə bilərik ki, son günlər Azərbaycanda koronavirusa yoluxma və sağalma halları arasında əldə olunmuş müsbət dinamika dəyişir, sanitar-epidemioloji durum pisləşir. Ötən həftədəki 500-ü keçmə həddi səbəbindən mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində bir sıra məhdudiyyətlərin tətbiq olunmasına qərar verilib. Oktyabrın 18-də olan statistika indiyəcən müşahidə edilməyən bir rəqəmin üstündə dayanır. 600-dən yuxarı həddin olması, həyəcan təbilidir, ciddi təhlükədir. Görünür, koronavirusla mübarizədə son vaxtlar əldə olunan uğurlar cəmiyyətdə vaxtından əvvəl arxayınlıq yaradıb. Sosial məsafənin gözlənilməməsi, maskadan və dezinfeksiya vasitələrindən istifadə edilməməsi halları kütləviləşib, ticarət, məişət-iaşə obyektlərində, ictimai nəqliyyatda ciddi pozuntu halları artıq insanları narahat etmir. Xüsusilə də, Ermənistanın növbəti təxribatı nəticəsində başlanmış müharibə bütün cəmiyyətimiz üçün ciddi təhlükə olan koronavirus pandemiyasını unutdurub və arxa plana keçirib.

Heç kəs unutmasın ki, koronavirusla mübarizədə fəal olmaq, xüsusi karantin rejiminin qaydalarına riayət etmək həm də cəbhədə döyüşən əsgərlərimizin sağlamlığı üçün vacibdir. Çünki, hərbçilərimiz sıravi vətəndaşlarla bu və ya digər səbəbdən təmasda olur və bu prizmadan hər bir koronavirus xəstəsi bu virusu cəbhəyə ötürə, hərbçilərimiz arasında xəstəliyin yayılmasına səbəb ola, özü də bilmədən ordumuzun ardıcıl uğurlarına ciddi zərbə vura bilər. Buna görə də hər kəs üzərinə düşən məsuliyyəti dərk etməlidir. İndiki müharibə vəziyyətində koronavirusla mübarizə, əhalinin sağlamlığının qorunması həm də güclü əsgər, güclü vətəndaş deməkdir. Bu gün orduya dəstək vermək istəyən hər bir vətəndaş, ilk növbədə, əsgər və zabitlərimizin sağlamlığı haqqında düşünməli, özünü və yaxınlarını xəstəlikdən qorumaqla, haqq işimizə layiqli töhfəsini verməlidir. Məhz, koronavirusla fəal mübarizə cəbhəyə, əsgərlərimizə və haqq işimizə ən böyük yardım və dəstəkdir.

Hərbçilərimiz Vətən uğrunda mətinlik, güclü iradə və əzm nümayiş etdirir. Ən azı onların sağlamlığı naminə sadə qaydalara əməl etmək heç kim üçün çətin olmamalıdır. Unutmayaq ki, indi qaydalara əməl etməklə yalnız özümüzü, yaxınlarımızı deyil, həm də ordumuzu qorumuş oluruq.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

19 Oktyabr 2020 11:56 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə