Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Balın qaymağı çox faydalı arı məhsuludur

“Doğulduğum Yuxarı Rəfədikli kəndi işğal altındadır. Hazırda 4 saylı “Qayıdış” qəsəbəsində yaşayıram. Ata-babalarımız daim arıçılıqla məşğul olub. Mən də uşaqlıqdan demək olar ki, ailəmizdə pətək görmüşəm”. Bu fikirlər Bakıda keçirilən Arıçılıq məhsullarının sərgi-satış yarmarkasının iştirakçısı, Füzuli rayonundan olan arıçı Telman Musayevə məxsusdur.

O, 15 ildir arıçılıqla məşğuldur: “2003-cü ildə yenidən ailəmizin ənənəsini bərpa etməyi, arıçılığı inkişaf etdirməyi bir məqsəd kimi qarşıma qoydum. Hazırda arıxanamda 40 arı ailəsi var. Bu sahəni daha da inkişaf etdirmək istəyirəm. Mən bəzi bal məhsulları haqqında öz fikrimi sizinlə bölüşmək istəyirəm. Balın qaymağı çox faydalı arı məhsuludur. Arılar yığdıqları nektarı altıbucaqlı mum yuvaya, yəni şana yığır, bala çevriləndən sonra şanını mumla suvayaraq üzərinə pərdə çəkir, bir növ “möhür” vururlar. Bal qaymağı məhz pətəyin üstündəki “möhürdən”, yəni suvaqdan hazırlanır. Müalicəvi əhəmiyyəti var. Nəfəs yollarını təmizləyir, asma xəstəliyinə, damaq xəstəliyinə qarşı, uşaqlarda vitamin çatışmazlığı zamanı istifadə olunur. 40 ari ailəsindən 9 litr bal qaymağı toplamışam. Bal qaymağı ona görə qiymətlidir ki, “möhür” işini 4 günlük bal arıları həyata keçirir.  Bal qaymağını bir neçə dəqiqə çeynəyib udandan 2 saat sonra onun aktiv komponentləri qanda, limfada və hüceyrəarası mayedə aşkarlanır. Onun qəbulu orqanizmdə maddələr mübadiləsini sürətləndirir”.

Telman Musayev hər bir işdə halallığın tərəfdarıdır: “Saxta bal olmur, saxta şirə olur. Arıçılıqla məşğul olan insan halal olmalıdır ki, alıçılar da aldığı baldan zövq alsınlar. Dünyadakı bütün xəstəliklərin  60 faizi bal ilə müalicə olunur. Propolis cövhəri qəbul edən insan heç zaman xərçəng xəstəliyinə tutulmaz. Bal haqqında bizim bölgədə deyirlər ki, balı qaydasında yeyərsən xeyir verər, isidib yeyərsən, ziyan olar. Balı günəş şüaları altında saxlamaq olmaz. Onu 14 dərəcə temperaturda saxlamaq daha məsləhətdir”.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti"

16 Oktyabr 2018 12:07 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə