Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xalqımızın Qarabağ savaşı sonuncu erməni əsgəri torpaqlarımızdan çıxana kimi davam etməlidir!

Ermənistan tərəfin dünyaya yalvarışları, nəhayət ki, Rusiyanın vasitəçiliyi altında Moskvada keçirilən üçtərəfli danışıqlarda atəşkəs razılaşması ilə nəticələndi. Amma bu razılaşmanın da BMT TŞ-nin qətnamələri və digər beynəlxalq qurumların qərarları kimi, kağız üzərində qalacağı elə ilk gündən bəlli idi.

Bir gün sonra Ermənistan silahlı qüvvələri çox təhlükəli silahdan – müasir ballistik raket sistemindən istifadə edərək təmas xəttindən uzaq­da yerləşən Gəncə və Mingəçevir şəhərlərini gecəyarısı atəşə tutdu. Mingəçevir zərbədən xilas edilsə də, Gəncədə müharibə cinayəti – dinc insanların qətliamı baş verdi. Ermənistanın bu dövlət terroru əməli nəticəsində mülki insanlar təcavüzə məruz qalıb, 5-i qadın olmaqla 10 nəfər həlak olub. Həmçinin 16-sı qa­dın, 6-sı azyaşlı olmaqla 40 nəfərdən çox dinc sakin yaralanıb. 10-dan artıq çoxmənzilli binaya, 100-dən çox müxtəlif təyinatlı obyektə, o cümlədən məktəb binalarına ziyan dəyib.

Azərbaycan Prezidenti İlham Əliyev bu vandallıq aksiyası ilə bağlı dünyaya bəyan etdi: “Bu, erməni faşizminin eybəcər sifətinin növbəti təzahürüdür. Artıq dünya erməniliyi, Ermənistanın havadarları, onların hamiləri və islamofob dairələr bu cinayəti gizlədə bilməyəcəklər. Çünki artıq hər şey göz qabağında­dır. Dünən o hadisə yerində təşkil olunan mətbuat açıqlamaları və bu gün oraya gedən xarici səfirliklərin nümayəndələri öz gözləri ilə hər şeyi görürlər. Bir daha görürlər ki, bu münaqişənin səbəbkarı kimdir. Kim təcavüzkar siyasət aparır, kim mülki əhaliyə qarşı cinayət törədir. Ermənistan dövləti terror dövlətidir, faşist dövlətidir və insanlığa qarşı törədilmiş bu cinayət bunu bir daha göstərdi. Bu, onların xislətidir. Çünki Xocalı soyqırımını törədənlər məhz Gəncəyə o hücumu da törətmişlər”.

Atəşkəsdən sonrakı gündə Tərtərə 300, digər cəbhəboyu bölgələrə 2 mindən artıq mərmi atıldı. Bu gün də Ermənistan Mosk­vada əldə olunan humanitar atəşkəs razılaşmasını kobud şəkildə poza­raq mülki əhalini hədəfə almaqda davam edir. Bu hücumlar, mülki əhalinin qətlə yetirilməsi və ağır yaralanmalar, dağıntılar, sözün əsl mənasında, müharibə cinayətləridir. Ermənistanın bu əməlləri təkcə müharibə cinayəti deyil, eyni zaman­da, insanlıq əleyhinə törədilən ağır aksiyalardır. İnsan nə qədər vəhşi və amansız olmalıdır ki, uşağa, qocaya, qadına rəhm etməyib onların üstünə yatılı ikən raket atsın. Gəncədə baş verən bu növbəti qətliam hadisəsi də sübut etdi ki, ermənilər heç vaxt belə amansız təxribatlarından əl çəkməyəcəklər.

Bu vandallıq aksiyalarının hədəfində nələrin dayandığını aydın­laşdırmaq üçün qardaş Türkiyənin İzmir şəhərindəki Egey Universite­tinin professoru Aydın İbrahimovla həmsöhbət olduq.

– Aydın müəllim, sizcə belə bir atəşkəs lazım idimi? Xüsusən də indiki durumda...

– Sualınıza birbaşa cavabımdan əvvəl onu deməyi vacib sayıram ki, bütün müharibələrin sonun­da birmənalı olaraq sülh dayanır. Amma indiki məqamda atəşkəs amilinin ortaya gəlməsi Rusiyanın, ən önəmlisi də Rusiya Prezidenti Vladimir Putinin iradəsi idi. Əslində, Ermənistan üçün bu heç əlverişli də deyildi. Birincisi, Azərbaycan Ordu­sunun işğalçını ciddi məğlubiyyətə uğratması və torpaqların bir qisminin işğaldan azad edilməsi Ermənistan hakimiyyətində ciddi təşviş yaradıb.

Gözlənilməz durumla üzləşən Ermənistan hakimiyyəti nə edəcəyini belə dürüstləşdirə bilmir. Az qala, hər kəsdən imdad diləyir. Elə bir dövlət, təşkilat qalmayıb ki, qapısını həyasızcasına döyməsinlər. İkin­cisi, bizim işğaldan azad olunmuş ərazilərimizdə xeyli sayda, hətta minlərlə erməni meyiti qalıb. Erməni valideynlər Qarabağda vuruşan öv­ladlarından xəbərsizdirlər. Adamlar orduda olan yaxınları ilə əlaqə saxla­ya bilmir, insanları hərbi sirr adıyla itkilərdən məlumatsız saxlayırlar.

Meyitlərin İrəvana aparılması­nın Paşinyan hakimiyyətinin sonu olduğundan ermənilər atəşkəsi sözdə qəbul etsələr də, əməldə bunu edə bilməzdilər. Əsir və meyitlərin mübadiləsi Qırmızı Xaç Komitəsinin vasitəsilə baş tutduğundan onların cəbhədən gətirdikləri meyitləri nə gizlətmək, nə də tədricən elan etmək mümkün olmayacaqdı. Yadınıza salım ki, Suqovuşan ərazisində erməni əsgərlərinin cəsədlərini yığan və üzərinə ağ bayraq sancılan sanitar maşının Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində bir tibbi xidmət qulluqçusu ağır yaralanıb. Bu fakt da deyilənləri təsdiqləyir.

Yeni əks-hücum təşkil edərək döyüş əməliyyatları aparan erməni ordusu və Ermənistan hakimiyyəti çalışır ki, Qırmızı Xaç Komitəsi bu humanitar aksiyanı yerinə yetirə bilməsin. Digər tərəfdən, Ermənistan rəhbərliyinin daxili auditoriyaya hesablanmış bir məqsədi də budur ki, xalqa göstərsinlər ki, onların or­dusu hətta uzaq Gəncəni belə vurur. Bununla da erməni cəmiyyətində ruh yüksəkliyi yaratmağa çalışırlar.

– Bəs baş tutmayan bu atəşkəs Azərbaycan üçün nə demək idi?

– Uzun illərdir ki, Turkiyədə yaşasam da Azərbaycanla əlaqələrim, həm də informasiya texnologiya­larının müasir inkişaf səviyyəsi hadisələri zamanında və hərtərəfli izləməyə imkan verir. Mən hadisələrin gedişinə cox nikbin baxıram, yaşından, vəzifəsindən, siyasi mənsubiyyətindən asılı olma­yaraq cəbhəyə yollanıb, düşmənlə vuruşmağa hazır olan insanların ruh yüksəkliyini görəndə özün də onların yanında olmaq istəyirsən. Bu gün Azərbaycandakı möhkəm birlik və həmrəylik tariximizin yeni və möhtəşəm bir səhifəsidir.

Amma dediyim kimi, atəşkəs təklifi Rusiyadan gəldi və son 30 ildə Rusiya ilk dəfə idi ki, Qara­bağ məsələsində nisbətən neytral göründü. Rusiya ondan imdad diləyən Ermənistana açıq kömək edə bilmədiyindən Prezident Putin onlara bildirdi: müharibə Ermənistan ərazisində yox, Qarabağda, Azərbaycan torpaqlarında gedir. Bu, həm də Ermənistanın üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) dünyaya cavabı kimi də qiymətləndirilə bilər.

–Yeri gəlmişkən, Ermənistan tez-tez KTMT-nin müdaxiləsini gündəmə gətirir.

–Bəli, Ermənistan KTMT üzvlərindən biridir. Amma onlar elə danışırlar ki, KTMT, san­ki Ermənistan üçün qurulub. Amma bu təşkilatda Rusiyadan və Ermənistandan başqa digər ölkələr də var. Unutmayaq ki, onların ikisi türkdilli dövlətdir – Qazaxıstan və Qırgızıstan. Yəni türk türkəmi güllə atacaq?! Ermənilər nə düşünür, qardaşın qardaşla müharibəsinimi? Bunları KTMT-yə üzv olanlar düşünməlidirlər. Açıq- aydın görünür ki, Ermənistan onları ədalətsiz müharibəyə qoşmaq istəyir. KTMT Ermənistanın işğalçı siyasətinə dəstək üçün yaradılmayıb ki! Çox açıq söyləyirik: KTMT ölkələri bunu ciddi anlamalıdırlar.

Hər halda, Azərbaycan rəhbərliyi atəşkəsə razılaşmaqla Ermənistana növbəti bir şans da verdi. Ölkəmiz Moskvada humanizm prinspilərindən çıxış edən humanitar atəşkəsə razı­laşdı, Ermənistana Qarabağ boyunca səpələnmiş meyitlərini yığışdırmaq üçün şərait yaratdı. Bir faktı da unutmayaq ki, Azərbaycan əvvəllər də sülh prosesinə sadiq qalıb. Lakin təəssüf ki, 30 ildə bu danışıqlar nəticə verməyib. Cənab Prezident də xalqa müraciətində qeyd etdi ki, hərbi yola əl atmaq məcburi bir addım idi.

Hərbi yolla biz torpaqlarımızın bir qismini geri qaytarmışıq, sülh danışıqlarına da sadiqik. Şərtimiz isə birdir və qətidir: Ermənistan silahlı qüvvələri qeyri-şərtsiz Azərbaycanın işğal olunmuş torpaqlarından çıxa­rılmalıdır. Belə olan halda ölkəmiz sülh danışıqlarına hazırdır. Əslində, hümanitar atəşkəs bağlanğıc kimi bunlara hazırlıq ola bilərdi.

–Amma baş verənlər Ermənistanın işğalçı siyasətinin və erməni xislətinin dəyişmədiyini bir daha ortaya qoydu.

– Haqlısız, baş verənlər Ermənistanın günahıdır. Azərbaycan bütün dünyaya bu problemin həllinin uzun illər ərzində sülh yolu ilə mümkün olmadığından müharibə yoluna əl atılmasının zəruriliyini və öz torpaqlarını azad etmək hüququ­nun təsirli olduğunu təsdiq etdi. Son 30 ilin mənzərəsinə diqqət etsək, bir faktı aydın görərik: insan itkisinə yol verməmək üçün danışıqlara gedilib, müharibədən uzaq durmaq Azərbaycan dövlətinin və Preziden­tin birmənalı siyasi xətti olub. Amma son illərin təcavüzlü hadisələri də göstərdi ki, artıq sulh işə yaramır.

Üstəlik, Ermənistanın yeni rəhbərliyinin təhdidləri, Qaraba­ğa davamlı səfərlərı, beynəlxalq tədbirlərdə məsuliyyətsiz bəyanatları, yeni torpaq iddiaları, ən nəhayət, Tovuz hadisələri və xalqın erməni haqsızlığına qarşı birliyi müharibəni qaçılmaz etdi. Bu, Azərbaycan üçün Vətən mücadiləsi oldu.

– Sizcə, millətin birdən-birə ortaya çıxan bu çoşğusunun və sarsılmaz birliyinin kökündə nə durur?

– Mən əbəs yerə Vətən mücadiləsi ifadəsini işlətmədim. İndi adamların mübarizə ruhu o qədər yüksəkdir ki, bunu sözlə ifadə etməkdə çətinlik çəkirəm. Eyni za­manda, qardaş-dost Türkiyənin şanlı tarixinə yazılmış və yadıma düşən bir dəyərindən danışmaq istəyirəm. Qurtuluş savaşı Türkiyənin varlı­ğını yenidən qaytardığı kimi, türk millətinin də qürurlu bir millət oldu­ğunu təsdiq etdi. Böyük Atatürkün idealları ilə birləşən türk xalqı yunan, ingilis, fransız, italyan düşmənlərini ölkədən qəhrəmanlıqları ilə qovmağı bacardılar.

Fransız, ingilis, italyan, yunan orduları türk millətinin mücadiləsi ilə bacarmadılar. Burada biz erməni faşistləri ilə bacaramayacağıqmı? Azərbaycan xalqının qismətinə belə bir missiya bu gün düşmüşdür. İndi yeni bir siyasi dönəmin başlanğı­cındayıq. Azərbaycan xalqı bütün Şərqdə və Qafqazda örnək ola bilən məqama doğru gedir. Şübhəsiz ki, burada Ali Baş Komandanın, Prezident İlham Əliyevin rolu, genişmiqyasılı və səriştəli diplomatik fəaliyyəti müstəsns dərəcədə misil­sizdir. Bu gün bunu dərk edən xalq bir yumruq kimi birləşməyi baçardı.

Vətən mücadiləsi yeni bir Azərbaycan yaradıb. İndi hər bir azərbaycanlı qarabağlıdır, bu o deməkdir ki, ölkədə Vətən mücadiləsini dəstəkləyən 10 mil­yondan çox qarabağlı var. İnşallah, Qarabağdakı torpaqlarımıza sahiblik edəcəyimiz gün uzaqda deyil. Bu, bi­zim qurtuluş savaşımızdır və Atatürk demiş, gəldikləri kimi də gedərlər...

–Bundan sonra nankor qonşu­larımızla birgə yaşayışımız davam edə bilərmi?

–Əslində, bunu bizdən əvvəl onlar fikirləşməlidirlər. Cənab Prezi­dentin beynəlxalq birliyə yönəlik son telemüsahibələrində bu sualın cavabı var: “Biz sülh yolu ilə həll istəyirik, amma həll. Biz həll istəyirik, imi­tasiya yox, daha 30 il ərzində boş sözləri yox, praktiki addımları, vaxt cədvəlini, insanlarımızın evlərinə nə vaxt qayıdacağını, onlar üçün təhlükəsizlik zəmanətinin nədən ibarət olacağını və bizim necə barışa­cağımızı bilmək istəyirik. İki millət barışmalıdır. Biz qonşuyuq. Biz əbədi olaraq düşmənçilik şəraitində yaşaya bilmərik. Bu, dayandırıl­malıdır. Lakin tarixi həqiqət və beynəlxalq hüquq əsasında dayandı­rılmalıdır”.

Ümid edirəm ki, indi atəşkəsə əməl etməyən Ermənistanın sülhə məcbur edilməsindən sonra bun­ları görəcəyik. İstənilən müharibə danışıqlarla bitir. Qalib olduğumu­zun sayəsində biz diktə edən tərəf olacağıq. Onda danışıqlar da qalib ilə məğlub arasında aparılacaq. Amma bildiyim bir həqiqət də var. Daşnak Partiyasının təşkilatçılığı ilə təşkil edilən “Nemesis əməliyyatı”nın (Osmanlı və Azərbaycan dövlət adamlarının, o cümlədən Camal Pa­şanın Berlində və Xoyskinin Tiflisdə qətlə yetirilməsi) qurucularından və rəhbərlərindən biri olan Natali Şağan “Biz ermənilər və türklər” adlı kitabında yazır: “Məndən soruşurlar ki, türklər və ermənilər bir yerdə yaşaya bilərlərmi? Cavabım: yox, yox, yox!… Bu dünyada ya biz, ya da onlar qalacaq”.

Bunu biz demirik, bunu ermənlərin başbilən saydığı insan­lar deyirlər. Təbii ki, bunlardan nəticə çıxarmaq lazımdır. Biz fərqli millətik, beynəlmiləl millətik, mədəni və sivil dünyanın bir parça­sıyıq. Ermənilər kimi, faşizm virüsü ilə aşılanmış ulus deyilik. Nə yaxşı da beləyik. Amma harada olub-olma­masından asılı olmayaraq, erməninin kim olduğunu bilməliyik.

–Yenə sülh, atəşkəs çağırışla­rı eşidirik. Amma Ermənistanın barbarlığına “dur!” – deyən və vəhşiliyinə qarşı etiraz səsini ucal­dan da yoxdur.

– Otuz ildə gördüklərimiz bəs edir ki, bu barədə ətraflı da­nışmayaq. Çünki bu günə kimi Ermənistana Azərbaycana qarşı törətdiyi təxribatlara görə heç bir təzyiq göstərilməyib. Amma onu da qeyd etməliyəm ki, dünya xeyli dəyişib, indi bizim xeyrimizə, ən azı, qonşularımız olan İran, Gürcüstan ədalətli mövqe ortaya qoymaqdadırlar. Qardaş Türkiyənin dövləti də, xalqı da birmənalı olaraq bizimlədir, Azərbaycanın yanın­dadır. Bu, Azərbaycanın ortaya qoyduğu gücün, uğurlu siyasətin təntənəsidir.

Qənaətim budur ki, başqala­rına güvənmək olmaz, erməniləri ancaq öz gücümüzlə, hərbi yolla zərərsizləşdirmək və sülhə məcbur etmək mümkündür. Sonuncu erməni əsgəri torpaqlarımızdan çıxmayana kimi mübarizə getməlidir – geriyə yol yoxdur. İnşallah, Azərbaycan əsgəri işğalçıya “dur!” – deyəcək. Prezident, Ali Baş Komandan İlham Əliyev qəti şəkildə öz mövqeyini ortaya qoyaraq bildirdi ki, bir qarış torpağımız güzəştə gedilməyəcək. Ali Baş Komandanımıza, Ordumuza güvənirik!

Hazırladı: Namiq QƏDİMOĞLU, “Xalq qəzeti”

18 Oktyabr 2020 02:28 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Oktyabr 2020 | 15:42
Stadion xəstəxanaya çevrildi

Köhnə versiyamızdan xəbərləri izlə