Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə həsr edilən yeni monumental sərgi

Çoxəsrlik zəngin tarixə malik Azərbaycan ədəbiyyatı və mədəniyyətinin öyrənilməsi və təbliğində xüsusi xidmətləri olan Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Mu­zeyi 80 illik yubileyini qeyd etməyə hazırlaşır. Prezident İlham Əliyevin bu münasibətlə imzaladığı müvafiq sərəncamda qeyd edildiyi kimi, Nizami muzeyi arxada qalan onillər ərzində üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlib, muzeydə qorunub saxlanılan qiymətli eksponatlar və nüma­yiş etdirilən qədim əlyazmalar, böyük ədiblərin əsərlərinə miniatürlər, xalq yaradıcılığı və tətbiqi sənət nümunələri, görkəmli şəxsiyyətlərlə bağlı nadir sənədlər, habelə müxtəlif əsrlərə aid digər maddi mədəniyyət abidələri ziyarətçilərdə ədəbiyyatımızın bu günədək keçdiyi inkişaf yolu barədə dol­ğun təsəvvür formalaşdırmağa öz töhfələrini veribdir.

Muzeydə 80 illik şərəfli yolun bü­tün mərhələlərini əks etdirən yubiley sərgisinin hazırlıq işləri başa çatıb.

Ədəbiyyat Muzeyindən bildirilib ki, müxtəlif vaxtlarda muzeydə ayrı-ayrı şair və yazıçıların yuvarlaq ildönümləri ilə bağlı sərgilərin ha­zırlanması ənənəsi olsa da, indiki yubiley sərgisi bütün əvvəlkilərdən əsaslı şəkildə fərqlənir. Bununla bağlı muzeyin direktoru, akademik Rafael Hüseynov bildirib: “Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi xalqımızın 3 min ildən artıq dövrü əhatə edən ədəbiyyatı, mədəniyyəti və tarixi haqqında kompleks bilikləri təqdim edən mədəniyyət ocağı olaraq dünya muzeyləri ailəsində xüsusi yer tutur. Bu gün Nizami muzeyi dünyanın 5 qitəsindəki 200-dən çox muzey və mədəniyyət mərkəzi ilə əlaqələr qurub. 1940-cı illərdə dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 800 illiyi münasibətilə şairin xatirəsinə həsr edilən memorial muzey kimi yaransa da, tədricən bu muzey əhatə dairəsini genişləndirib, Azərbaycan ədəbiyyatının bü­tün dövrlərini və əksər görkəmli simalarını əks etdirən əsl söz məbədinə çevrilib. Muzeyin eks­pozisiyasının tamaşaçı üzünə açıldığı 75 ildən artıq müddətdə milyonlarla yerli və xarici tamaşaçı Nizami muzeyinin qonağı olaraq ədəbiyyatımız, mədəniyyətimiz haqqında, bütövlükdə, xalqımız, yurdumuz, dəyərlərimiz barədə müfəssəl məlumatlar alıblar. Təbii ki, 80 illik yol həm də muzeyin fədakar əməkdaşlarının yorul­maz əməyi, səmərəli fəaliyyəti deməkdir. Yeni hazırlanmış sərgidə məhz həm yaşanmış onillərin ən maraqlı ədəbi-mədəni hadisələri, həm də bu müddət boyunca mu ­zeyin nüfuzunun ildən-ilə artma­sı, şöhrətlənməsi üçün çalışmış əməkdaşların fəaliyyətləri əksini tapıb. Yeni sərgi muzeyin 80 yaşına uyğun olaraq 80 lövhədən ibarətdir. Xüsusi vurğulamaq istərdim ki, indiyədək bu miqyasda və əhatədə sərgi hazırlanmayıb. Qiymətli arxiv materialları, fotosənədlər və illüst­rasiyalarla bəzənmiş sərgi muzeyin tərcümeyi-halını ayrıntıları ilə təsvir edən bir salnamə sayıla bilər”.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi pandemiya böhranının yaratdığı məhdudiyyətlərə baxmayaraq, yeni şəraitə uyğun işini səmərəli şəkildə davam etdirir. Muzeyə istər yerli, istər əcnəbi tamaşaçıların virtual səyahət edə bilməsi üçün 5 dildə ekskursiyaları müntəzəm olaraq internet vasitəsilə izləmək mümkün­dür. Elə yeni yubiley sərgisinin də ayrıca elektron versiyası hazırlanıb ki, onu da ədəbiyyat həvəskarları və Nizami muzeyinin etibarlı tamaşa­çıları həm muzeyin saytından, həm də “YouTube” kanalından izləyə biləcəklər.

18 Oktyabr 2020 02:22 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Oktyabr 2020 | 15:42
Stadion xəstəxanaya çevrildi

Köhnə versiyamızdan xəbərləri izlə