Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İsveçdəki həmyerlilərimiz: Biz daha bu haqsızlığa dözə bilmərik

İsveçdəki Azərbaycan diasporu, Dağlıq Qarabağda baş verən toqquşma və Ermənistanın dinc Azərbaycan şəhər və kəndlərinə edilən raket hücumuna cavab olaraq Stokholmun Sergel meydanında dövlətimizə və əsgərimizə dəstək mitinq keçirib.

AZƏRTAC xəbər verir ki, mitinqə toplaşan yüzlərlə həmvətənlimiz, habelə türk və digər icmaların nümayəndələri ölkəmizin haqq səsinin İsveçdə eşidilməsi üçün İsveç, ingilis və Azərbaycan dillərində bir neçə bəyanat oxuyublar.

Bəyanatlarda, Azərbaycanın Ermənistan silahlıları tərəfindən işğal olunmuş ərazilərində gedən qanlı döyüşlər, Azərbaycanın Gəncə, Tərtər, Bərdə, Beyləqan və digər şəhərlərində yaşayan dinc insanlara qarşı ermənilərin raket və ağır artilleriyadan istifadə edilərək törətdikləri qanlı hücumlar barədə məlumat verilib.

Diqqətə çatdırılıb ki, bununla düşmən dünyada mövcud olan bütün beynəlxalq konvensiya və qanunlarını kobud şəkildə yenidən pozub.

Gəncə şəhərinin gecə saatında raket atəşinə tutulmasını xüsusilə pisləyən mitinq iştirakçıları, dinc Azərbaycan əhalisinə qarşı edilən bu hücumun terror aktı olduğunu qeyd edərək, dünya birliyini Ermənistan rəhbərliyinə qarşı tədbir görməyə çağırıb.

İşğalçı Ermənistan dövlətinin BMT Təhlükəsizlik şurasının 822, 853, 874, 884 nömrəli qətnamələrinə məhəl qoymadan Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlamasının dözülməz olduğunu xüsusilə vurğulayan tədbir iştirakçıları deyib: “Biz daha bu haqsızlığa dözə bilmərik”.

Əllərində plakatlar tutan və şüarlar səsləndirən aksiya iştirakçıları Dağlıq Qarabağın birmənalı olaraq Azərbaycan ərazisi olduğunu bildirib, işğalçıların doğma torpaqlarımızı qeyd-şərtsiz tərk etmələrinin münaqişənin həlli üçün vacibliyini qeyd ediblər.

Aksiyada İsveç və Azərbaycan dillərində çıxış edənlər “Qarabağ Azərbaycandır!”, “Qarabağ bizimdir, bizim olacaq!”, “Ermənistan, Azərbaycan torpaqlarını tərk et!” kimi şüarları səsləndiriblər.

 

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Kopenhagen

17 Oktyabr 2020 21:50 -

Köhnə versiyamızdan xəbərləri izlə