Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistanın Gəncə şəhərində törətdiyi dövlət terrorunun cəzasını Azərbaycan Ordusu döyüş meydanlarında verir

Gözəl Qarabağımızın  tarixən milli varlığımıza qənim kəsilmiş qəddar düşmənin 30 il davam etmiş  işğalından azad  edilməsini zəfərlə gerçəkləşdirən müqəddəs Vətən müharibəmizin sevincli-kədərli  gündəmi cəbhədə Azərbaycan Silahlı Qüvvələrinin şəksiz üstünlüyü və irəliləyişi ilə müşayiət olunur.

İşğal edilmiş ərazilərimizin artıq 20 faizinin igid oğullarımızın canı-qanı bahasına geri qaytarılması hamımızda böyük ruh yüksəkliyi yaratdığı kimi, təcavüzkar Ermənistanın üzləşdiyi ağır məğlubiyyətin  əvəzini cəbhəboyu ərazilərin, müharibə zonasından uzaqda yerləşən şəhər və rayonlarımızın dinc əhalisindən çıxmaq cəhdləri isə quduzlaşmış düşmənə nifrət və qəzəbimizi son həddə çatdırır. Bütün bunlar Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin davamlı olaraq cəbhədə durumu xalqımıza çatdıran müraciətlərində, müharibə həqiqətlərini  xarici telekanallar və sosial şəbəkə ilə geniş dünya auditoriyasına anladan  açıqlamalarında əhatəli və təsirli əksini tapır.

“Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 17-də  televiziya ilə xalqa növbəti müraciətində işğalçı Ermənistanın insanlıq simasını itirmiş rəhbərliyini yenidən gecə saatlarında Gəncə şəhərini ballastik raketlələ vurdurmaqla çoxsaylı dinc insanın həlak olmasına, yaralanmasına və geniş mülki dağıntılara səbəb olan daha bir ağır müharibə çinayəti törətməkdə, bəşəri normaları tapdalayaraq xalqımıza qarşı açıq soyqırımı aksiyalarını davam etdirməkdə ittiham etdi”.

Ölkə rəhbərinin xalqa növbəti müraciətində əksini tapmış önəmli  məqamlar barədə qəzetimizə yuxarıdakı açıqlamasının davamında Füzuli rayonundan Milli Məclisin deputatı Vüqar Bayramov bildirdi:

– Dövlət başçısı beynəlxalq hüquqa meydan oxuyan bu vandallıq əməllərinin  cəzasız qalmayacağını,  indinin özündə isə ölkəmiz tərəfindən layiqincə cəzalandırıldığını  vurğulayaraq bildirdi ki, Azərbaycan Ordusu uşaqları, qadınları, qocaları da əhatə edən günahsız qurbanların qısasını düşməndən döyüş meydanlarında alır. Ötən gecə Füzuli şəhərinin və daha bir neçə kəndin  düşmən tapdağından azad  edilməsi isə Ermənistan tərəfinin anındaca cəzalandırıldığını göstərir.

Ali Baş Komandan İlham Əliyevin xalq son mürüciətində Füzuli şəhərinin və daha bir neçə kəndin işğaldan azad edilməsi ilə bağlı verdiyi qələbə müjdəsi Gəncə faciəsinin yeni səhifəsinin yaratdığı kəskin ağrı və kədər fonunda xalqımıza böyük sevinc və yeni ruh yüksəkliyi yaşatdı. Bu onu göstərir ki, Ermənistanın dinc azərbaycanlılara qarşı törətdiyi kütləvi dövlət terrorunun cəzasını Azərbaycan Ordusu döyüş meydanlarındaartıqlaması ilə verir. Şübhəsiz, Ermənistanı düçar etdiyi bəla və itkilərə görə bəşəri cani olan baş nazir Paşinyan və çevrəsindəkiləri ağılları başlarına gələndə ermənilər özləri də ağır cəzalandıracaqlar. Lakin bizim üçün önəmlisi odur ki, dünyada belə cinayətlərin bir daha təkrarlanmaması üçün Ermənistanın müharibə caniləri tezliklə beynəlxalq hüquqla da cəzalandırılmalıdırlar.

İşğalçı Ermənistanın quldurlaşmış rəhbərliyinin Gəncə şəhərində törətdiyi dövlət terroru zamanı dünyasını dəyişənlərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyərək, Füzuli şəhərinin və kəndlərinin işğaldan azad olması münasibəti ilə rayon əhalisinə və bütün xalqımıza gözaydınlığı verirəm. Bu gün Füzuli rayonu tarixinin ən şərəfli günlərindən birini yaşayır.

Qarabağ böyük quruculuq dönəminə daxil olur. Erməni quldurları tərəfindən dağıldılmış Füzuli şəhəri, kəndlərimiz və bütövlükdə işğaldan azad olmuş bütün torpaqlarımız qısa zamanda bərpa olunacaq və Qarabağımıza yenidən həyat qayıdacaq. Bizi illərdən bəri gözlədiyimiz bu tarixi günlərə qovuşdurduqlarına görə coşğu və öyünclə deyirik:  “Yaşasın Ali Baş Komandan! Yaşasın Azərbyacan Ordusu! Var olsun, mərd və qorxmaz xalqımız!”.

Füzuli də daxil olmaqla torpaqlarımızın azad olunması uğrunda şəhid olan vətəndaşlarımıza Allah rəhmət eləsin, döyüşlərdə yaralananların yastığı yüngül, canı dəmir kimi möhkəm olsun. Qarabağ Azərbaycandır və əbədi bizim olacaq!

Hazırladı:
Tahir AYDINOĞLU,
“Xalq qəzeti”

17 Oktyabr 2020 14:29 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə