Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Baş Prokurorluq: Ermənistan ordusunun Gəncəyə növbəti terror hücumu nəticəsində həlak olan 13 nəfərdən 3-ü azyaşlı, 4-ü qadındır

Xəbər verildiyi kimi, Ermənistan silahlı qüvvələrinin oktyabrın 17-də gecə saat 01 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissələrini raket atəşinə tutması nəticəsində 13 nəfər həlak olub, 48 nəfər xəsarət alıb.

Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidmətindən bildiriblər ki, həlak olmuş şəxslərdən 4-ü qadın, 3-ü isə azyaşlıdır. Xəsarət almış mülki şəxslərdən isə 20-si qadın, 5-i azyaşlıdır. Bundan başqa, 2 uşaq itkin düşüb.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin oktyabrın 11-də gecə saat 02 radələrində Gəncəni atəşə tutması nəticəsində 5-i qadın olmaqla 10 nəfər həlak olub, 34 nəfər, o cümlədən 10 qadın və 9 uşaq isə xəsarət almışdı.

Ümumiyyətlə, sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində mülki şəxslərdən 60 nəfər həlak olub, 270 nəfər isə xəsarət alıb. Həmçinin Ermənistanın ordusunun intensiv ağır artilleriya və raket atəşi nəticəsində 1704 ev, 90 çoxmənzilli yaşayış binası və 327 mülki obyekt yararsız vəziyyətə düşüb.

Qeyd edək ki, rəşadətli Azərbaycan Ordusunun sarsıdıcı cavab zərbələri qarşısında sürətlə geri çəkilən düşmən beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə konvensiyaları və onların Əlavə protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgədən uzaqlıqda yerləşən Azərbaycan şəhərlərini və əhalinin sıx yaşadığı məntəqələri intensiv atəşə tutur.

17 Oktyabr 2020 13:20 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə