Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistanın hərbi-siyasi rəhbərliyi mənəvi və əxlaqi dəyərlərdən uzaqdır

“Prezident İlham Əliyev bu günlərdə “Haber Türk” televiziya kanalına verdiyi müsahibədə mövcud vəziyyətlə bağlı fikirlərini söyləyib, reallıqları həm daxili auditoriyaya, həm də beynəlxalq ictimaiyyətə çatdırıb. Reallıq ondan ibarətdir ki,  işğalçı Ermənistan özünün təcavüzkar xislətini hər addımda nümayiş etdirir. Azərbaycan Ordusunun gücü qarşısında aciz qalan erməni tərəfi beynəlxalq cinayət törədərək mülki insanları qətlə yetirir, yaşayış məntəqələrini dağıntılara məruz qoyur. Halbuki, Moskvada tərəflər arasında humanitar atəşkəs haqqında razılığa gəlinmişdi. Amma Ermənistan anındaca həmin razılığı pozdu. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini, YAP  Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

Deputatın sözlərinə görə, işğalçı Ermənistanın mülki insanları hədəfə alması nəinki dayanmayıb, əksinə, davam edir. Dünən Tərtərdə qəbiristanlığın atəşə tutulması nəticəsində  4 mülki şəxslər həlak olub və bir neçəsi də yaralanıb. Bu fakt onu göstərir ki, işğalçı Ermənistanın hərbi-siyasi rəhbərliyi mənəvi və əxlaqi dəyərlərdən uzaqdır, onlar faşistdirlər.

Ermənilərin qeyri-insani hərəkətlərinə baxmayaraq, əhalinin qorxmadığını və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda sona qədər mübarizə aparacağını deyən S.Fətəliyeva qeyd edib ki, Azərbaycan Ermənistan tərəfindən işğal olunmuş ərazilərinin azad olunması yolunda qətiyyətli mövqe nümayiş etdirir:  “Dövlətimizin ərazi bütövlüyünün bərpa olunması istiqamətində atdığı addımlar prinsipial xarakter daşıyır və beynəlxalq hüquqa əsaslanır. Azərbaycan Prezidenti İlham Əliyev xarici televiziya kanallarına müsahibələrində  qeyd etdiyi kimi, işğalçı Ermənistan tərəfindən Moskvada əldə edilmiş humanitar atəşkəs razılaşması faktiki olaraq pozulub. Dövlətimizin başçısı  atəşkəsin real həyatda baş vermədiyini diqqətə çatdırıb”.

S.Fətəliyeva bildirib ki, Ermənistan hökumətinin beynəlxalq məsuliyyətsizliyi davam edir və onlar Moskvadakı  danışıqlara riayət etmirlər. Digər tərəfdən, humanitar atəşkəs sülh demək deyil. Bu atəşkəs o məqsədlə edilir ki, tərəflər öz hərbçilərinin cəsədlərini döyüş meydanından çıxarsın, həm də əsirlər dəyişdirilsin. Əslində, Moskva görüşü Azərbaycanın diplomatik uğuru sayıla bilər. Çünki Paşinyan hakimiyyəti danışıqların formatını və baza prinsiplərini inkar etmək yolunu tutmuşdu. Həmin razılaşmada isə Ermənistan həm baza prinsiplərini, həm də danışıqların qüvvədə olan formatını qəbul etmiş oldu. Bununla belə, erməni xisləti hər kəsə məlumdur. Humanitar atəşkəs razılaşmasından dərhal sonra erməni tərəfi mövqelərimizə hücum etdi, Gəncə şəhərini isə raket atəşinə tutdu. Təbii ki, Azərbaycan Ordusu düşmənə layiqli cavab verdi və verməkdədir. İşğalçı Ermənistanın cinayətləri cavabsız qalmır. Ordumuz doğma torpaqlarımızın işğaldan azadetmə missiyasını uğurla davam etdirir. Bütün bunların nəticəsində Ermənistan hakimiyyəti, baş nazir Paşinyan çaşqın vəziyyətdədir”.

Ötən gün daha 8 kəndin işğaldan azad olunduğunu xatırladan deputat digər ərazilərin də tezliklə azad ediləcəyinə əminliyini bildirib: “Həmin torpaqlarda da böyük quruculuq işləri həyata keçiriləcək və insanlar öz doğma yurdlarında xoşbəxt yaşayacaqlar. Buna heç bir şübhə yoxdur”.

Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

17 Oktyabr 2020 11:20 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə