Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İnformasiya müharibəsi: məqsəd və hədəflər

İnformasiya müharibələrində ən güclü silah informasiya və dezinformasiyadır. Qarşıdurma zamanı tərəflər öz ölkəsinin məlumat infrastrukturunu qoruyaraq, düşmən qoşunlarının informasiya sistemlərini, məlumat mənbələrini və məlumat infrastrukturunu məhv etməyə çalışır.

İnformasiya müharibəsi düşüncələrdə aparıldığından müharibə qədər qorxuludur. Qarşı tərəf üzrərində dominantlıq məqsədilə həyata keçirilən bu növ informasiya əməliyyatları real vaxt çərçivəsində düşmənə məxsus informasiyaya əsaslanmış poseslərə və sistemlərə, iqtisadi və müdafiə obyektlərinə zərbə vurulması ilə xarakterizə olunur.

Hərbi əməliyyatlar müstəvisində vuruşan tərəflər hərbi qüvvələrinin şəxsi heyətinin, həmçinin əhalinin mənəvi-psixoloji ruhunu sarsıtmaq üçün müxtəlif informasiya təsirlərindən istifadə edirlər. İnformasiya təsirləri artıq bəzi inkişaf etmiş ölkələrin hərbi doktrinasında da öz əksini tapıb. Bir çox dövlətlərin müxtəlif əməliyyatlarda istifadə olunmuş praktiki informasiya müharibəsi strategiyaları mövcuddur. “Rabitəsiz müharibə” adlandırılan informasiya müharibələrində yalan, şantaj, hədələmə, ideoloji diversiya və digər informasiya vasitələrindən istifadə edilir. Bu əməliyyatlarda məqsəd dövlətin siyasətinə qarşı narazılıq, şübhə, inamsızlıq yaratmaq, ordu və əhali arasında münasibətləri gərginləşdirməkdir. İnformasiya müharibələrinin texniki aspektdən reallaşmasıda isə xüsusi texnologiyaların və xakerlərin köməyi ilə informasiya texnologiyalarının fiziki məhvi nəzərdə tutulur.

Ermənistanın hərbi təxribatları ilə başlanan müharibə,  Azərbaycanın faktiki döyüş şəraitində olması, bu gün informasiya müharibəsi strategiyasını prioritetə çevirir. Strateji informasiya müharibəsi xüsusi texnologiyalarının köməyi ilə milli məlumat instrastrukturunu-informasiya ehtiyatları, informasiya sistemləri və informasiya xidmətlərini qorumağı tələb edir.

Müharibə şəraitində dövlət məlumatlarının, informasiya strukturlarının düşmən təsirindən qorunması, həmçinin dezinformasiyaların, feyk-xəbərlərin qarşısının alınması, radioelektron mübarizə,  müvafiq müdafiə metodlarının tətbiqini  tələb edir. Bu günlərdə ölkə ərazisində internet resurslarına girişin məhdudlaşdırılması məhz bu zərurətdən irəli gəlir.

 Ermənilərin, işğal olunmuş torpaqlarımızın azad olunması uğrunda gedən əks-hücum əməliyyatlarına kölgə salmaq, cəmiyyətdə çaşqınlıq, xaos, şübhə yaratmaq məqsədilə tirajladığı yalan məlumatların qarşısının alınması üçün bəzi məhdudiyyətlər, təhlükəzlik qaydaları tətbiq edilib. Obyektiv səbəblərdən internetin məhdudlaşdırılması sosial şəbəkələrdə  dezinformasiyaların qarşısının alınmasına xidmət edir. Bunu cəmiyyətdə informasiya blokadası, məlumat təlabatının qarşısının alınması kimi qiymətləndirmək olmaz. Çünki, Azərbaycan  telekanallarında mütəmadi xəbərlər, cəbhə bölgəsinə ezam olunan müxbirlər vasitəsilə canlı yayım və reportajlar yayımlanır. Bundan başqa, internet saytlarına girişə məhdudiyyət olmadığından auditoriya istədikləri  xəbərləri əldə edə bilir. Dövlətin trateji informasiya müharibəsində əsas məqsədi düşmənin dezinformasiyalarından müdafiə, təhlükəsizliyin təmin olunmasıdır.

Sosial şəbəkələrdən istifadəyə müəyyən məhdudiyyətin tətbiq edildiyi şəraitdə, diqqət çəkən məqam əhali arasında VPN texnologiyasının istifadə olunmasıdır. Azərbaycanda internetə giriş azad olduğundan əhali arasında bu günədək VPN-in tətbiqinə ehtiyac duyulmayıb. İstifadəçilərin müəyyən  məlumatları VPN-də qeyd olunduğu üçün, burada milli təhlükəsizlik baxımından risklər də mövcuddur. VPN texnologiyasından müəyyən xarici şirkətlər və səfirliklər də istifadə etdiyindən onu bloklamaq problemlər yarada bilər. Belə olduqda, məsuliyyət istifadəçilərin üzərinə düşür.  Beynəlxalq arenada informasiya müharibəsi, rəsmi məlumatların piarının aparılması, xarici auditoriyaya Qarabağ həqiqətlərini əks etdirən operativ xəbərlərin çatdırılması baxımından bəzi sosial resurslara girişdə müəyyən  tənzimləmələr ola bilər.

İnformasiya müharibəsində digər aspekt, zərbə vasitəsi kimi düşmənin kompüter şəbəkəsinə hücum, həmçinin elektron informasiya bazalarının kiber məhvidir.  Hazırkı dövrdə İnternet vasitəsi ilə düşmənin həyati əhəmiyyət kəsb edən maliyyə, bank sistemi, rabitə, elektrik təchizatı və nəqliyyat vasitələrini iflic etmək mümkündür.

İnformasiya müharibəsində Pilotsuz sistemlərdən idtifadə mühüm əhəmiyyət kəsb edir, hərbi informasiyanın əldə olunmasında xüsusi önəm daşıyır. Bu sistemlər tərəfindən çəkilən görüntülərin ictimai rəyə təsiri ölçüyəgəlməzdir. Azərbaycan sentyabrın 27-dən başlayan hərbi əməliyyatlarda yeni texnoloji sistemləri uğurla tətbiq edir. Düşmənin hərbi texnikasının,  silah-sursat  bazasının, hərbi obyektlərinin vurulmasını əks etdirən kadrlar müharibə xronikasının yaradılmasına mühüm töhvələr verir.

Qeyd etdiyimiz kmi, Azərbaycan dövlətinin strateji informasiya müharibəsi təhlükəsizlik və müdafiə xarakteri daşıyıyır. Lakin qeyri-dövlət sektorunda  Azərbaycan xakerləri erməni informasiya bazalarına müdaxilə edərək düşmənun hücumlarına cavab verirlər: bir sıra erməni saytları sındırılaraq “Azərbaycan əsgəri”, “Qarabağ Azərbaycandır və Nida işarəsi” ifadəsi qoyulub.

Xərclərin az olması, sərhədlərin qeyri-müəyyənliyi, yeni strateji kəşfiyyat modellərinin formalaşdırılması strateji informasiya müharibələrinin əsas xüsusiyyətlərini təşkil edir. Bu müharibələrdə dövlətlərin hər hansı bir qarşıdurma vəziyyətində istər regional, istərsə də beynəlxalq bir koalisiyaya daxil olması çətindir. Çünki hər nə qədər müttəfiq kimi görünsələr də, hər ölkənin milli təhlükəsizliyi üçün bir-birindən gizlətdikləri məlumatlar mövcuddur. Bu səbəbdən müttəfiq olaraq strateji informasiya müharibəsinə girmək qarşı ölkələrin adekvat hücumu ilə nəticələnə bilər.

Azərbaycan uzun illərdir ki, informasiya müharibəsinin hədəfində dayanan ölkədir. Ölkəmiz haqqında təhrif edilmiş, yalan məlumatlar, uydurma faktlar, saxta xəbərlər yayılır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bizə qarşı hücumların əksəriyyətinin arxasında erməni lobbisi durur. “Onların hədəfi Azərbaycanı ləkələməkdir, Azərbaycan haqqında təhrif edilmiş yalan məlumatlar yaymaqdır. Məqsəd inkişafımıza zərbə vurmaq, cəmiyyətimizin ənənəvi dayaqlarını sarsıtmaqdır. Bu, informasiya müharibəsinin bir növüdür”.  

Azərbaycanın informasiya müharibəsi müdafiə və təhlükəsizlik strategiyası əsasında mübarizə xarakteri daşıdığı halda,  Ermənistanın informasiya müharibəsi sırf hücum xarakteli olub, yalan, böhtan, dezinformasıya üzərində qurulub. İşğalçı Ermənistan hələ ötən əsrin 80-ci illərinin sonlarından Azərbaycana qarşı açıq şəkildə ərazi iddialarını ortaya qoyduğu vaxtdan heç bir əsasa malik olmayan informasiyaları beynəlxalq müstəvidə ictimailəşdirməyə başlamışlar. Ermənistan hökümətin hazırladığı bu “strategiya” həm dövlət tərəfindən, həm də erməni lobbisi tərəfindən maaliyyələşdirilir.  Armenian Kiber Armi adlı təsisatın üzvləri bu günədək 12-yə yaxın Azərbaycan domenində olan saytlara hücum ediblər. Ermənilər Vikipediya kimi beynəlxalq ensklopedik informasiya resursunu öz mənafeləri üçün vandalizm alətinə çeviriblər.

Ermənistanın, ümumiyyətlə, dünyanın müxtəlif nöqtələrində yaşayan ermənilərin informasiya məkanında Azərbaycana qarşı təxribatlarına adekvat cavab olaraq, ölkəmiz  beynəlxalq informasiya məkanında həqiqətləri əsaslandıra bilir, öz mövqeyini müdafiə edir. Bu informasiya müharibəsində Azərbaycan diasporu ilə yanaşı, türk diasporunun, yəhudi diasporunun fəaliyyətini, xüsusilə ABŞ-da olan erməni lobbisinə qarşı yəhudi diasporunun asktivliyini qeyd etmək lazımdır.

Azərbaycan artıq kifayət qədər səmərəli informasiya təhlükəsizliyi siyasətini həyata keçirə bilir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, hüquqi və siyasi aspektlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ölkə başçısı İlham Əliyevin çıxışları, nitqləri  xüsusi əhəmiyyət daşıyır. İşğalçı Ermənistanın təxribatları ilə başlayan Ermənistan-Azərbaycan müharibəsinin gedişində AZərbaycan Prezidentinin xalqa müraciətləri, beynəlxalq və transmilli televiziya kanallarında yayımlanan müsahibələri, dünya mediasında geniş yer alan çıxışları dövlətimizin döyüş meydanında hərbi uğurlarına paralel informasiya müharibəsində üstünlüyünun təcəssümüdür. Ali Baş Komandan konstruktiv, prinsipial mövqe sərgiləyərək, ciddi arqumentlərlə dünya ictimaiyyətinə çatdırdı ki, təxribatlar məhz işğalçı Ermənistan tərəfindən törədilib. Azərbaycan öz torpaqlarında ərazi bütövlüyünü təmin etmək uğrunda mübarizə aparır. Bu mübarizə BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin tələbidir.

Bu gün strateji informasiya müharibəsi Azərbaycan dövlətinin prioritetlərindən biridir. İnformasiya bilgilərinin  artırılması, eyni zamanda "Dövlət sirri haqqında" Qanunun tələblərinə riayət olunması həm jurnalistlərin, həm də sosial şəbəkə istifadəçilərinin borcudur. Digər tərəfdən, informasiya təhlükəsizliyi sahəsində təkcə media nümayəndələri ilə deyil, ölkə vətəndaşları ilə də hüquqi maariflənmə işlərinin aparılması vacibdir. Düşmənin informasiya hücumlarının qarşısının alınması üçün sistemli iş aparılmalı, İT mütəxəssisləri ilə müdafiə gücləndirməli, təhlükəsizlik tədbirləri davamlı olmalıdır. Vikipediya, Google maps, Youtube, Facebook kimi beynəlxalq resurslarda ermənilərin yalan məlumatlarına adekvat olaraq  müxtəkif dillərdə, həmçşinin erməni dilində Azərbaycan həqiqətlərini əks etdirən informasiyalar  yerləşdirilməlidır. Təcrübəli alimlərimiz, tədqiqatçılarımız, ümumilikdə bütün ziyalılarımız yalan məlumatların,  dezinformasiyanın qarşısının alınmsında fəal iştirak etməlidirlər.                                  

                               Leyla RƏŞİD

                              İnternet media üzrə tədqiqatçı, BDU-nun doktorantı

                              “Xalq qəzeti”

 

17 Oktyabr 2020 10:10 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə