Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 389 Bakı şəhəri, 14 oktyabr 2020-ci il

“Azərbaycan Respublikasında nəqliyyat vasitələri, kənd təsərrüfatı texnikası və ehtiyat hissələrinin komisyon satışı qaydaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995- ci il 14 mart tarixli 58 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiya­sının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabi­netinin 1995-ci il 14 mart tarixli 58 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında nəqliyyat vasitələri, kənd təsərrüfatı texnikası və onlar üçün ehtiyat hissələrinin komisyon satışı Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 1.1-ci bəndin ikinci abzasına “Komis­yon mağazalar” sözlərindən sonra “(bundan sonra – Mağaza)” sözləri əlavə edilsin.

2. 2.3-cü bənd üzrə:

2.1. səkkizinci abzasdan “və yaxud nəqliyyat vasitələrinin texniki talonları (qoş­qu və yarımqoşqulara)” sözləri çıxarılsın;

2.2. doqquzuncu abzasda “alıcıla­ra verilən arayış-hesab sənədlərində” sözləri “alıcılarla bağlanılmış alqı-satqı müqaviləsində” sözləri ilə, “yazılaraq və mağazanın direktoru tərəfindən imzalanaraq möhürlə təsdiq edilir” sözləri isə “yazılır” sözü ilə əvəz edilsin və həmin abzasdan “texniki talonsuz” sözləri çıxarılsın.

3. 2.6-cı bənd aşağıdakı redaksiyada verilsin:

“2.6. Nəqliyyat vasitələri və ehtiyat hissələri mağaza tərəfindən satışa mülki qanunvericiliyə uyğun olaraq bağlanıl­mış komissiya müqaviləsinə əsasən qəbul edilir.”.

4. 3.3-cü bənddə “akt-qəbzdə və ya komisya sazişində qeydiyyat” sözləri “ko­missiya müqaviləsində qeyd-şərt” sözləri ilə əvəz edilsin.

5. 3.4-cü bəndin ikinci abzasının ikinci cümləsində “akt-qəbz və yaxud komisyon sazişi” sözləri “komissiya müqaviləsini” sözləri ilə əvəz edilsin.

6. 4.4-cü bənd aşağıdakı redaksiyada verilsin:

“4.4. Mağaza ilə alıcı arasında nəqliyyat vasitəsinin və nömrəli aqreqatın (qovşaqla­rın) satışına dair mülki qanunvericiliyə uy­ğun olaraq alqı-satqı müqaviləsi bağlanılır. Nəqliyyat vasitəsinin satışı zamanı mağaza tərəfindən alıcıya “Tranzit” nömrə nişanı, habelə nəqliyyat vasitəsinin texniki pasportu və qeydiyyat şəhadətnaməsi, digər hissələr, qovşaqlar və ehtiyat hissələri satılarkən isə qəbz və ya nəzarət-kassa aparatının çeki (sa­hibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura) verilir.”.

7. 4.5-ci, 4.6-ci və 4.12-ci bəndlər ləğv edilsin.

8. 4.10-cu bənd aşağıdakı redaksiyada verilsin:

“4.10. Satılmış nəqliyyat vasitələrinin dəyəri mal sahibinə mal satıldıqdan sonra 3 gün müddətində “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq nağdsız qaydada və ya nağd yolla ödənilir.”.

9. 1, 2 və 4 nömrəli əlavələr ləğv edilsin.

10. 3 nömrəli əlavədən “arayış-hesabın seriya və nömrəsi” sütunu çıxarılsın.

Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş Naziri

16 Oktyabr 2020 03:10 - NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə