• USD: 1.7000
  • EUR: 1.9459
  • RUB: 0.0259
  • TRY: 0.3191
  • Bakı + 13.7 ° C / 71%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sosial-iqtisadi sahələrdə qazanılan uğurlar görülən genişmiqyaslı işlərin məntiqi nəticəsidir

Sosial-iqtisadi sahələrdə qazanılan uğurlar görülən genişmiqyaslı işlərin məntiqi nəticəsidir

Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan Prezidenti İlham Əliyevin giriş və yekun nitqlərindən, eləcə də digər çıxışlardan görünür ki, respublikamız sözügedən dövrdə bütün göstəricilərdə artım tempini qoruyub saxlaya bilib. Eyni zamanda, bu müddətdə ən müsbət məqamlarından biri ondan ibarətdir ki, iqtisadiyyatdakı artım qeyri-neft sektorunun hesabına formalaşıb. Bu isə ondan xəbər verir ki, qeyri-neft sektorundakı artım iqtisadiyyatdakı ümumi artımdan daha çoxdur. Qeyri-neft sektorundakı artımın genişləndirilməsi nəticə etibarı ilə neftdən asılılığın aradan qaldırılması baxımından çox vacibdir. İqtisadi diversifikasiyanın əsas səbəblərindən biri də inkişafın qeyri-neft sektoru hesabına formalaşmasıdır ki, bu da 2018-ci ilin doqquz ayında müşahidə edilib.
İclasda cari ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarının uğurlu olduğunu, ilin əvvəlindən qarşıya qoyulan vəzifələrin yerinə yetirildiyini deyən Prezident İlham Əliyev bu müddətdə ölkədə dinamik inkişafın təmin edildiyini vurğuladı. Bildirdi ki, respublikada sabitlik qorunur, möhkəmlənir və bunun təməlində xalq tərəfindən dəstəklənən siyasət dayanır. Hesabat dövründə ölkəmizin beynəlxalq mövqelərinin daha da gücləndiyini, Azərbaycanın dünyada etibarlı tərəfdaş kimi tanındığını, qonşularla, həmçinin İslam ölkələri ilə əlaqələrin genişləndiyini vurğulayan cənab İlham Əliyev Xəzər dənizinin iqtisadi statusuna dair Konvensiyanın əhəmiyyətini xüsusi qeyd etdi. Bu sənəddə Azərbaycanın milli maraqlarının tam təsbit olunduğunu diqqətə çatdırdı. 
Avropa İttifaqı ilə Azərbaycan arsında tərəfdaşlıq prioritetləri sənədində və NATO-nun Zirvə görüşünün sonunda qəbul edilən Bəyannamədə ölkəmizin ərazi bütövlüyünə dəstəyin ifadə olunduğunu söyləyən dövlətimizin başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində respublikamızın mövqelərinin daha da gücləndiyini bildirdi. Münaqişə ilə bağlı Azərbaycanın bundan sonra da prinsipial mövqedə qalacağını xatırlatdı. 
Nazirlər Kabinetinin iclasında Azərbaycanın doqquz ay ərzində əldə edilən iqtisadi uğurlarından danışılarkən, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin kəsişməsi nəticəsində respublikamızın nəqliyyat-logistika qovşağına çevrildiyi, belə şaxələndirilmiş infrastrukturun ixracyönümlü və rəqabətqabiliyyətli iqtisadiyyatın inkişafını daha da sürətləndirdiyi, respublikamızın həyatında unudulmaz tarixi hadisəyə çevrilən yeni “Azerspace-2” peykinin orbitə buraxıldığı, TANAP və TAP-ın uğurlu layihələr kimi respublikamızın siyasi, sosial-iqtisadi həyatında önəmli rol oynadığı xüsusi vurğulandı.
Bütün bunların nəticəsidir ki, Azərbaycanın əldə etdiyi uğurlar beynəlxalq təşkilatların və maliyyə institutlarının hesabatlarında da mütəmadi olaraq öz müsbət əksini tapıb. Hazırda Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan 35-ci yerədək yüksəlib və MDB məkanında liderliyini qoruyub saxlayıb. Dünya İqtisadi Forumunun son hesablamalarına əsasən, Azərbaycan dünyada ümumi infrastrukturun inkişafına görə 26-cı, əhalinin ölkənin siyasi xadimlərinə etimad göstəricisi üzrə 20-ci yerdədir. “Doing Business 2018” hesabatında Azərbaycan ötən illə müqayisədə 8 pillə irəliləyərək 190 ölkə arasında 57-ci pillədə qərarlaşıb. Sənədə əsasən, 10 indikatordan 6-sı üzrə öz mövqeyini yaxşılaşdıran respublikamız Avropa və Mərkəzi Asiya regionunda 3 ən islahatçı ölkədən biri olub. 
Nazirlər Kabinetinin iclasında doqquz ay ərzində sosial sahədə reallaşdırılan islahatlar barədə də ətraflı danışılıb. Bildirilib ki, bu müddətdə əhalinin sağlamlığının qorunması, səmərəli məşğulluğunun təmin edilməsi istiqamətlərində sistemli tədbirlər bu gün də davam etdirilir, bu sahəyə yönəldilən vəsaitlərin həcmi ildən-ilə artırılır. 
Yeri gəlmişkən, həyata keçirilən sosialyönümlü siyasətin nəticəsi olaraq, orta aylıq əməkhaqqı 2003-cü ildəki 77,4 manatdan 2017-ci ildə 528,2 manatadək yüksəlib, əhalinin nominal gəlirləri 8,6 dəfə artıb, yoxsulluq səviyyəsi 5,4 faizədək, işsizlik səviyyəsi 5 faizədək azalıb.
Əhalinin sosial müdafiəyə daha çox ehtiyacı olan hissəsinə, o cümlədən əlillərə, müharibə veteranlarına, aztəminatlı vətəndaşlara, qaçqın və məcburi köçkünlərə dövlət qayğısının nəticəsi olaraq onların mənzil və məişət şəraitinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilib, 6 mindən çox əlil və şəhid ailəsi mənzillə təmin olunub. Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılan vəsait hesabına bütün sosial-texniki infrastruktura malik 97 müasir qəsəbə salınıb, 52,3 min qaçqın və məcburi köçkün ailəsinin mənzil-məişət şəraiti yaxşılaşdırılıb.
Sonda qeyd etmək istərdim ki, ölkəmizin ictimai-siyasi həyatında, çoxsaylı sosial-iqtisadi layihələrin reallaşdırılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xidmətləri böyükdür. Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən layihələr Azərbaycanda sosial sahənin inkişafına mühüm töhfələr verir, minlərlə insanın sosial şəraitinin yaxşılaşması üçün yeni imkanlar yaradır. Xarici ölkələrdə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan layihələr ölkəmizin dünyada nüfuzunun artmasında xüsusi əhəmiyyət kəsb edir.
Beləliklə, Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi sosial-iqtisadi siyasət nəticəsində müstəqilliyimiz möhkəmlənir, dövlətimiz qüdrətlənir, ölkəmiz davamlı və dayanıqlı inkişaf edir, Azərbaycanın dünyada nüfuzu artır. Bir sözlə, dövlət başçısının ölkəmizin hərtərəfli inkişafına hesablanmış siyasəti Azərbaycanı daha işıqlı sabahlara, daha firavan gələcəyə aparır.

Ləman SÜLEYMANOVA, 
həkim

15 Oktyabr 2018 22:52 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin