• USD: 1.7000
  • EUR: 1.9459
  • RUB: 0.0259
  • TRY: 0.3191
  • Bakı + 13.7 ° C / 71%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan ziyalıları həmişə xalqın iradəsini ifadə ediblər

1992-ci il oktyabrın 16-da bir qrup ziyalımızın Heydər Əliyevə müraciəti də bunun bariz nümunəsi idi

Azərbaycan ziyalıları həmişə  xalqın iradəsini ifadə ediblər

Zülmətdən qurtulmaq üçün arxasınca getmək üçün kimisə axtarma. Həmin yolu bir dəfə getmiş adamın ardınca get. 
Hind məsəli

 

Tarixən ölkələr və xalqlar üçün ağır olan dönəmdə çıxış yolunu tapmaq missiyası ziyalıların üzərinə düşüb. Bizim xalqın ziyalıları da daim bəşər övladının həmin təcrübəsini zənginləşdirə biləcək konkret addımlar atıblar. Məsələn, Azərbaycanın bir əsrdə ikinci dəfə nail olduğu dövlət müstəqilliyinin ilk illərində yaşadığımız məşəqqət və məhrumiyyətlər göstərir ki, xalqımız həddən artıq ağır bir dönəmdə yaşayır, problemlərin məngənəsində çapalayırdı. Xalqı o bəlalardan iradəli, qətiyyətli böyük şəxsiyyətlər xilas edə bilərdi. 

Ölkədəki vəziyyəti son dərəcə ağır edən, xalqa problemlər yaşadan amillər hansılar idi? Vəziyyəti ilk növbədə hakimiyyətin gah Sovet dönəminə qayıtmaq istəyənlərin, gah da siyasət aləminə küçədən gəlmiş naşıların əlində olması xüsusilə gərginləşdirirdi. İkinci amil, əsrin əvvəlində olduğu kimi, bu dəfə də regiondakı siyasi proseslərdən bəhrələnərək, Azərbaycandan daha çox torpaq qopartmaq istəyən ermənilərin həyasızcasına fəallaşması, separatçılıq, deportasiya və işğalçılq əməllərini intensivləşdirməsi idi. Üçüncü amil isə Azərbaycanın dövlət müstəqilliyini gözü götürməyən xarici qüvvələrin ölkə daxilindəki bəzi adamlardan alət kimi istifadə etməsi idi. Nəticədə ölkə vətəndaş müharibəsi ilə üz-üzə qalmış, dövlət müstəqilliyimiz məhv olmanın bir addımlığına gətirilmişdi. 
Belə bir vaxta xalqın önündə getməyi bacaran ziyalılar çıxış yolunu Naxçıvana, böyük dövlət xadimi Heydər Əliyevə müraciət etməkdə gördülər. Çünki Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev siyasi uzaqgörənliyi ilə 1969-82-ci illərdə – ölkəmizə birinci dəfə rəhbərlik etdiyi dövrdə xalqına misilsiz xidmətlər göstərmiş, doxsanıncı illərin əvvəllərində isə ermənilərin Dağlıq Qarabağdan sonra ələ keçirmək istədikləri Naxçıvanı ustalıqla işğaldan, mühasirədə olan naxçıvanlıları çətinliklərdən xilas etmişdi. Məhz ona görə də ziyalılar fikirləşirdilər ki, xalqı bu vəziyyətdən ancaq Heydər Əliyev xilas edə bilər. Nəticədə onlar ulu öndərə müraciət etdilər.
Xatırladaq ki, xalqın böyük əksəriyyəti hələ müstəqilliyin qazanılmasından cəmi yarım il sonra çıxış yolunu Heydər Əliyevin Naxçıvandan Bakıya gəlməsində görürdü. Bunun qarşısını almaq üçün o vaxtkı iqtidar “yaş senzi” deyilən bir maneəni ortaya artmışdı. 
Tarixçilər yazırlar ki, Heydər Əliyevin prezidentliyə namizədliyini 300-dən artıq müəssisə və təşkilatın irəli sürdüyünü görən həmin dövrdəki iqtidar Konstitusiyanın 121-ci maddəsinin 2-ci bəndini ortaya atmışdı. Həmin maddədə bildirilirdi ki, 65 yaşından yuxarı şəxslər prezident seçilə bilməzlər. Ona görə də Heydər Əliyevi sevən, onu Azərbaycanın xilaskarı hesab edən insanlar “yaş senzi” ilə bağlı Ali Sovetin qarşısında 21 gün mitinq keçirdilər. Mitinqdə tələb edilirdi ki, antidemokratik maddə gündəlikdən çıxarılsın və Heydər Əliyevin namizədliyi qeydə alınsın. Lakin Mərkəzi Seçki Komissiyası parlamentin qəbul etdiyi Konstitusiyaya düzəlişi əsas gətirərək, ulu öndərin namizədliyini qeydə almadı. 
Siyasət diletantlarının bu qərarı ölkədəki ictimai-siyasi vəziyyətin daha da qəlizləşməsinə səbəb oldu. Odur ki, ölkə ziyalıları düşündülər ki, haqq uğrunda gedən mübarizə kiminsə qərəzli qərarı ilə bitməməlidir. Çünki mövcud idarəçilik Azərbaycanı tam uçuruma aparırdı. Xalqın inamı isə belə idi ki, ölkənin xilaskarı yalnız Heydər Əliyevdir. Məhz həmin istəklə də Heydər Əliyevlə bir neçə dəfə görüş keçirilmişdi.
Sonra isə gündəliyə milli tariximizə “91-lər” kimi düşmüş görkəmli ziyalıların məlum məktubu gətirildi. Xalqın böyük əksəriyyətinin istəyini ifadə edən bu ziyalıların ulu öndər Heydər Əliyevə ünvanladıqları “Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir” adlı müraciətdə də həmin dövrün acınacaqlı mənzərəsi öz əksini tapırdı. 
Xalqın arzu, istək və müraciətlərini heç zaman cavabsız qoymayan Heydər Əliyev ­1992-ci il oktyabrın 24-də “91-lər”in müraciətinə fikrini bildirdi və Azərbaycanın düşdüyü vəziyyəti geniş şərh etdi. Həmin çıxış “Səs” qəzetində dərc edildi. Ulu öndər Heydər Əliyev müraciətə cavabında Azərbaycanın düşdüyü ağır vəziyyətə biganə qalmadığını, hər zaman xalqla bir olduğunu təsdiqlədi. 
Həmin müraciət və ulu öndərin “91-lər”ə cavabı Azərbaycan xalqının və milli dövlətçiliyimizin taleyində bir dönüş nöqtəsi oldu. Beləcə, noyabrın 21-də Yeni Azərbaycan Partiyası (YAP) yaradıldı. 
YAP-ın tarixi Azərbaycanın müstəqillik tarixi ilə, demək olar ki, yaşıddır. YAP yaradıldıqdan, ümummilli lider bu partiyaya sədr seçildikdən sonra insanlarda gələcəyə ümid artdı və cəmi 8-9 aydan sonra Heydər Əliyev siyasi müdrikliyi qələbə çaldı, Yeni Azərbaycan Partiyası ölkədə iqtidara gəldi. 
Ulu öndərin həmin siyasətinin uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycan bu gün regionun lider dövlətinə, dünyada söz sahibinə çevrilmişdir. Bu arqumenti Prezident İlham Əliyev hələ 2003-cü ildə – ABŞ-ın “Assoşieyted Press” agentliyi müxbirinin seçkiqabağı kampaniya ilə bağlı sualını cavablandırarkən daha açıq şəkildə ifadə etmişdi: 
“Mən xalqın arasına çıxanda insanlara çatdırmaq üçün özümlə ancaq bir müraciət götürəcəyəm – müraciətdə deyiləcək ki, gələcək inkişaf üçün Prezident Heydər Əliyevin apardığı siyasətin davam etdirilməsi son dərəcə vacibdir. Əgər bu siyasət davam etdirilməsə, ölkə yenidən anarxiya və qeyri-sabitlik həddinə gəlib çıxacaqdır. Əminəm ki, seçicilər bunu gözəl başa düşürlər. Bu, indiki siyasəti davam etdirəcək hökuməti onların dəstəkləməsinin səbəblərindən biridir. Bu da çox vacibdir. Biz çox layihələr həyata keçirməliyik, çünki Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir, demokratikləşmə prosesi davam edir. Bütün bunlar dayandırılmamalıdır. Xalqa müraciətimin mahiyyəti də məhz bundan ibarətdir”.

Hazırladı: 
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”

15 Oktyabr 2018 22:51 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin