• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 12.2 ° C / 79%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan baş verə biləcək təbii fəlakətlərə çevik reaksiya nümayiş etdirir

Azərbaycan baş verə biləcək təbii fəlakətlərə çevik reaksiya nümayiş etdirir

Məzahir ƏFƏNDİYEV, 
BMT-nin İnkişaf Proqramının layihə rəhbəri

 

 

 

Ötən il təbii fəlakətlərin ölkələrə vurduğu iqtisadi zərər 350 milyard ABŞ dolları məbləğində qiymətləndirilərək rekord həddə çatıb. Dünya miqyasında bu tip böhran vəziyyətlərinə ölkələrin hazırlığı və dəymiş ziyanın aradan qaldırılması qlobal inkişaf gündəliyinin aktual məsələlərindəndir. Dünya Bankının məlumatlarına əsasən, bu cür fəlakətlər hər il 26 milyon insanı yoxsulluq halına salır və ölkələrin davamlı inkişafını əngəlləyir. 2030-cu ilədək nail olunması gözlənilən Davamlı İnkişaf Məqsədlərinin (DİM) 17 prinsipi nəzərdə tutulur ki, bunların arasında aclığa son, yüksək səhiyyə xidmətinin və keyfiyyətli təhsilin əlçatanlığı, etibarlı şəhərlərin yaradılması, qeyri-bərabərliyin aradan qaldırılması, torpaq ekosisteminin mühafizəsi kimi bir çox istiqamətlər vardır. BMT-nin Baş Assambleyası tərəfindən elan edilmiş 13 oktyabr – Beynəlxalq Təbii Fəlakətlərin Azaldılması Günündə dünya ictimaiyyətinin diqqətinin yönəldiyi bu məsələlərin həlli istiqamətində Azərbaycan Respublikasında görülmüş ardıcıl və sistemli işlərə qısa nəzər yetirmək məqsədəmüvafiq olardı. 

Bu gün qlobal səviyyədə təbii fəlakətlərin qarşısının alınması, onların ətraf mühitə və insanların yaşam şəraitlərinə, təsərrüfatlarına və sağlamlıqlarına yönələn zərərlərin azaldılması və yumşaldılması, habelə bu kimi fəlakətlərə ölkələrin hazırlığının gücləndirilməsi üzrə səylər birləşdirilir. Bu barədə hədəfləri müəyyənləşdirən əsas sənəd 2015-ci ilin mart ayında Yaponiyanın Senday şəhərində keçirilmiş Fəlakət Riskinin Azaldılması üzrə BMT-nin III Ümumdünya Konfransında qəbul edilmiş Fəlakət Riskinin Azaldılması üzrə Senday Çərçivəsidir. 
Senday çərçivəsinin yeddi strateji məqsədi və fəlakət itkilərinin azaldılmasında irəliləyişin ölçülməsi üçün otuz səkkiz göstəricisi var. Bunlar isə “Dünyamızın transformasiyası: 2030-cu ilədək Davamlı İnkişaf Gündəliyi”ndə öz əksini tapmış DİM-in 17 məqsədi və İqlim Dəyişikliyinə dair Paris Sazişinin əsas prinsipləri ilə uyğunluq təşkil edir. 2016-cı ildə BMT-nin Baş katibinin təşəbbüsü ilə başlanan Senday yeddi kampaniyasının da əsas məqsədi hər il üzrə bir məqsədi xüsusilə prioritetləşdirərək, ümumdünya səviyyəsində müxtəlif maraqlı tərəflərin bu istiqəmətdə gücünü səfərbər etməkdir. 2018-ci il üçün müəyyən edilmiş “2030-cu ilədək qlobal ümumi daxili məhsula nisbətdə birbaşa fəlakət səbəbindən yaranmış iqtisadi itkilərin azaldılması” məqsədinin çatdırmaq istədiyi başlıca mesaj fəlakətlərin yol açdığı iqtisadi itkilər və əhalinin vəziyyətini, xüsusilə, onun təhsil, səhiyyə və s. fundamental ehtiyaclarını qarşılaya bilmək bacarığını əhəmiyyətli dərəcədə çətinləşdirən nüanslara qarşıdır. Digər tərəfdən, bu, o deməkdir ki, təbii fəlakət riskinin azaldılması və qarşısının alınması, habelə bu kimi hallara institusional hazırlığın gücləndirilməsi sahəsinə qabaqcadan qoyulmuş sərmayə mövcud fəlakətlərin baş verdiyi halda iqtisadi və sosial zərərlərin qarşısını almaqla böyük iqtisadi qənaətə şərait yaradır. Bəzi hallarda mənfəətin xərcə nisbəti 3:1-dən 15:1-ə kimi dəyişərək böyük iqtisadi zərərlərin qarşısını alır. Bu cür nəticə isə ətraf mühit idarəçiliyi sahəsinə kompleks və davamlı dövlət yanaşmasının sayəsində əldə oluna bilər.
1993-cü ildə zəif idarəçilik səbəbindən ortaya çıxmış mərkəzdənqaçan qüvvələrin fəallaşması və Dağlıq Qarabağ münaqişəsinin fəsadlarının bürüdüyü xaotik bir zamanda Azərbaycan xalqının tələbi ilə siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev çox gözəl anlayırdı ki, bu vəziyyətdə ölkəmiz nəinki təbii fəlakətlərə hazır deyil, heç onların baş verəcəyi təqdirdə fəsadların təkbaşına aradan qaldırılması gücünə malik deyil. Beləliklə, ulu öndər ətraf mühitin idarəçiliyi məsələlərinə kompleks və davamlı yanaşmanın əsasını qoyaraq, bu istiqaməti prioritet sahələrdən birinə çevirdi. Sadə bir fakt kimi qeyd etmək olar ki, Azərbaycan hökumətinin ən yaxın tərəfdaşlarından olan BMT-nin İnkişaf Proqramı (BMTİP) tərəfindən fəaliyyətinin ilkin illərində ən çox maliyyə vəsaitləri ayrılaraq dəstəklənən sahələr məhz ətraf mühitin mühafizəsinin gücləndirilməsi və böhranların qarşısının alınması sahələri idi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında bu istiqamət üzrə görülmüş institusional islahatlar davam etdirilərək öz məntiqi nəticələrini verirdi. Bu islahatlar arasında ən əhəmiyyətlisi və uğurlusu isə Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2005-ci il tarixli sərəncamı ilə Fövqəladə Hallar Nazirliyinin yaradılması olmuşdur. Əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması, bu kimi fəlakət hallarının qarşısının alınması və nəticələrinin aradan qaldırılması və bir çox strateji məsələlərdə dövlət təhlükəsizliyini mərkəzləşdirilmiş və vahid qurumdan təminatına məsuliyyət daşayan bu nazirlik qısa bir zamanda yüksək peşəkarlığa malik və çevik şəkildə hərəkətə gətirilə bilən heyətə sahib və lazımi olan hər bir müasir avadanlığa malik olaraq ölkənin təbii fəlakətlərə dayanıqlılığını gücləndirdi. 
Bu mənada Azərbaycanın Böyük Qafqaz regionunun dağlıq zonalarında yaşayan icmalarının iqlim dəyişikliyi ilə əlaqədar üzləşdiyi daşqın və su qıtlığının yol açdığı çətinliklərə dözümlüyünün artırılmasına göstərilən dəstəyi vurğulamaq olar. Dağlıq icmaların su və daşqın idarəçiliyini təkmilləşdirməklə bu icmaların su sıxıntısı və daşqın təhlükəsinə qarşı həssaslığını azaltmağı hədəfləyən 2012-ci ildə Fövqəladə Hallar Nazirliyi və BMT İnkişaf Proqramının birgə icrasına start verdiyi təlimləri göstərmək olar. Beş il müddətində icrası həyata keçirilən bu layihə təbii fəlakətlərin və böhranların qarşısının alınması üzrə Azərbaycan Respublikasının ən uğurlu təcrübələrindən biridir. 
Senday çərçivəsi və Senday yeddi kampaniyasının digər mühüm çağırışlarından biri də fəlakət riskinin və itkilərinin azaldılması prosesinə özəl sektorun nümayəndələrinin, qeyri-hökumət təşkilatlarının, beynəlxalq təşkilatların və məsələ ilə yaxından tanış olan və mümkün həll yolları təmin edə bilən qrupların cəlb edilməsi üçün imkanların yaradılmasıdır. Bu mütərəqqi çağırışlar bu sahədə başlıca rol və məsuliyyət daşıyan dövlətin üzərinə düşən yükün azalmasına, həm də problemin daha çevik və hərtərəfli həllinə müsbət təsir göstərə bilər. 
Azərbaycan Respublikasında bu istiqamətdə ən örnək təşkilatlardan biri istər ölkəmizdə, istərsə də onun sərhədlərindən kənarda təbii fəlakətlər də daxil olmaqla, müxtəlif problemlərdən əziyyət çəkən əhaliyə təmənnasız qayğı və xidmət göstərən Heydər Əliyev Fondudur. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dəfələrlə vurğuladığı kimi, bu kimi fəlakətlər və böhranlar baş verdiyi halda, onların aradan qaldırılması üçün dəstək sahəsi qeyri-məhduddur. Tələb olunan isə sadəcə, bu işin dövlət tərəfindən sistemli və məqsədyönlü şəkildə tənzimlənməsidir. 
Yuxarıda qısaca nəzər yetirdiyimiz işlərdən əlavə, bir sıra islahatlar, təkmilləşdirilmiş qanunvericilik bazası, bu sahədə fəaliyyət göstərən milli institutların yüksək təşkilatı potensialı, beynəlxalq təşkilatlar və müxtəlif maraqlı tərəfdaşlar ilə qurulmuş konstruktiv əlaqələr bu gün ölkəmizi üzləşə biləcəyi hər bir təbii fəlakətin və böhranın yarada biləcəyi çətinlikləri minimuma endirmək baxımından tam hazırlıqlı edir. 

 

15 Oktyabr 2018 22:21 - XƏBƏRLƏR
XƏBƏRLƏR
17 Noyabr 2018 | 22:53
Naxçıvanda payız iməciliyi

Ən son xəbərləri səhifəmizdən də izləyin