• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 12.2 ° C / 79%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ustad jurnalist, tanınmış nasir dünyasını dəyişmişdir

Ustad jurnalist, tanınmış nasir dünyasını dəyişmişdir

Azərbaycan ədəbiyyatına və jurnalistikasına ağır itki üz vermişdir. Tanınmış yazıçı və publisist, Azərbaycan Respublikasının Əməkdar jurnalisti Yusif Abbas oğlu Kərimov ömrünün 79-cu ilində dünyasını dəyişmişdir.

Azərbaycan Mətbuat Şurasının ölkənin kütləvi informasiya vasitələrində yaydığı nekroloqda mərhum ədibin bioqrafiyası, yaradıcılıq uğurları və milli söz sənətimiz qarşısında xidmətləri əksini tapmışdır. Nekroloqda deyilir:

–Yusif Kərimov 1940-cı il mayın 5-də Bərdə şəhərində anadan olmuşdur. O, doğma şəhərindəki 1 saylı orta məktəbdə oxumuş, 1957--1962-ci illərdə Bakı Dövlət Universistetinin  jurnalistika fakültəsində təhsil almışdır. Tələbəlik illərindən aktual mövzularda yazıları, bədii nümunələri ilə seçilən gənc yazar peşəkar əmək fəaliyyətinə ölkənin avanqard dövri nəşri olan “Kommunist” (indiki “Xalq qəzeti”) qəzetində başlamış, az sonra məsul tapşırıqla Beyləqan rayonunda nəşrə başlayan “Yüksəliş” rayonlararası qəzetinin redaksiyasına məsul katib göndərilmiş, eyni zamanda “Kommunist” qəzeti”nin xüsusi müxbiri vəzifəsini də yerinə yetirmişdir. 1964-cü ildə “Bakı” axşam qəzeti redaksiyasına şöbə müdiri dəvət edilən istedadlı jurnalist 1973-cü ilədək paytaxtın bu nüfuzlu gündəlik qəzetində şöbə müdiri çalışmışdır.

Yusif Kərimov sonrakı 5 ildə Azərbaycan Dövlət Teleradio Verilişləri komitəsində televiziyanın gənclər üçün proqram baş redaksiyasında şöbə müdiri və  baş redaktor işləmişdir. Jurnalistikada rəhbər vəzifələrdə özünü təşəbbüskar və məsuliyyətli yazar kimi doğruldan, ədəbi-publisistik yaradıcılığı ilə artıq geniş auditoriyada tanınan nasir-jurnalist 1978-ci ildə Bakı Ali Partiya Məktəbində ali siyasi jurnalist təhsili almağa göndərilmiş, müxtəlif sahələrdə rəhbər işçilər hazırlayan bu nüfuzlu məktəbi 1980-ci ildə bitirəndən sonra “Azərbaycan gəncləri” qəzetinə redaktor təyin edilmişdir.  Təcrübəli mətbuat işçisi kimi o, 14 il ölkənin bu populyar nəşrinə bacarıqla rəhbərlik etmişdir. Yusif Kərimov 1995--1997-ci illərdə müstəqil Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının mətbuat katibi, 1997--2001-ci illərdə isə Azərbaycan Respublikası Ticarət Nazirliyinin mətbuat xidmətinin rəhbəri olmuşdur.

Nekroloqda daha sonra bildirilir:

– Yusif Kərimov təqaüdə çıxdıqdan sonra Bakı Dövlət Universistetinin jurnalistika fakültəsində müəllimlik fəaliyyətini davam etdirmiş, dəfələrlə jurnalistika üzrə dövlət imtahan komissiyasının sədri olmuşdur. Ölkə jurnalistlərinin veteran təşkilatı kimi yaradılmış Azərbaycan Mətbuat Şurasının Ahıl Yurnalistlər Məclisinə ilk sədr seçilən Yusif Kərimov 10 illədək müddətdə bu quruma da bacarıqla rəhbərlik etmiş, yaşlı nəsil həmkarlarının sosial problemlərinin həllində, onların istimai-siyasi həyatda iştirakında səmərəli fəaliyyət göstərmişdir.

Uzun illər ədəbi yaradıcılığı jurnalistik fəaliyyətilə paralel davam etdirən Yusif Kərimov bir sıra hekayə, povest və romanları ilə istedadlı yazıçı kimi də tanınmış, ədəbi-bədii prosesin də seçilən nümayəndələrindən biri olmuşdur. O, müxtəlif illərdə Azərbaycan Yazıçılar İttifaqı təftiş komissiyasının sədri (1986 ildən), Azərbaycan Jurnalistlər Birliyinin sədr müavini (1987-ci ildən, Azərbaycan gənglər təşkilatı MK-nın büro üzvü (1982-ci ildən) seçilmiş, keçmiş SSRİ-nin gənclər ittifaqının  XIX, XX qurultaylarının nümayəndəsi olmuşdur.

İstedadlı nasir-publisist və ustad jurnalist Yusif Kərimovun “Yollar... Axtarışlar”, “Bir buta gül”, “Tavridada şimşək çaxır”, “Üçbucaq”, “Gün ötər, geri dönməz”, “Qırmızı sahil”, “Lalə və kəpənək”, “Pərişan eşqim”, “İtkilər və ümidlər”, “İçimə açılan pəncərə”, “Qarabağ şikəstəsi”, “Sarı gəlin” kimi oçerk və məqalə topluları, müxtəlif janrlı nəsr əsərlərindən ibarət kitabları, çoxsaylı qəzet-jurnal yazıları, teleradio verilişləri, film ssenariləri  və tərcümələri ona geniş oxucu şöhrəti qazandırmışdır.

 

Yusif Kərimov gənc nasirlərin və jurnalistlərin milli ruhda tərbiyələnməsinə, professional püxtələşməsinə, yaradıcılıq uğurları qazanmasına bacardığı qədər qayğı göstərən, öz ardıcıllarını yetişdirən ədib və ziyalı kimi cəmiyyətdə böyük sayğı –sevgi qazanmışdır. Onun zəngin ədəbi-publisistik irsi ədəbiyyatımızın və jurnalistikamızın xəzinəsndə lasyiqli yer tutur.

Nekroloq bu sözlərlə bitir:

–Azərbaycan ədəbiyyatının və jurnalistikasının tanınmış nümayəndəsi, ustad yazar,  yurdsevər ziyalı, fəal vətəndaş, səmimi insan, gözəl dost Yusif Kərimovun nurlu xatirəsi onu tanıyanların, qədirbilən insanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

 

Hazırladı:Tahir AYDINOĞLU,
“Xalq qəzeti” 

15 Oktyabr 2018 12:52 - CƏMİYYƏT
CƏMİYYƏT

Ən son xəbərləri səhifəmizdən də izləyin