Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Su ehtiyatlarından səmərəli istifadə olunması məhsul istehsalına mühüm təsir göstərir

Su ehtiyatlarından səmərəli istifadə olunması məhsul istehsalına mühüm təsir göstərir

Respublikamızda su təhlükəsizliyi strateji əhəmiyyətli məsələ olaraq, ərzaq təhlükəsizliyinin əsas şərtlərindən biridir. Buna görə də ölkəmizdə aqrar layihələrin və proqramların həyata keçirilməsində bu amil önəmli rol oynayır. 
Xatırladaq ki, Azərbaycanda il ərzində suyun 60-70 faizi kənd təsərrüfatının, 20-25 faizi sənayenin, qalan hissəsi isə təsərrüfat və içməli su tələbatının ödənilməsinə sərf edilir. Bu isə su ehtiyatlarının gücləndirilməsi və ondan səmərəli istifadənin diqqət mərkəzində saxlanılması zərurətini önə çəkir. 
Prezident İlham Əliyev həyata keçirilən meliorativ tədbirlər haqqında danışarkən deyib: “Bu gün dünyada daha çox neft-qaz resursları uğrunda mübarizə aparılır və xoşbəxtlikdən Azərbaycan bu resurslardan, xalqın rifahı, ölkənin inkişafı naminə səmərəli şəkildə istifadə edir. Amma vaxt gələcək su resursları uğrunda mübarizə daha da kəskinləşəcəkdir. Biz artıq bu mübarizənin təzahürlərini görməkdəyik. Belə olan halda su təhlükəsizliyi Azərbaycanda tam şəkildə təmin edilməlidir”.
Elə buna görə də dövlətimizin başçısının diqqət və qayğısı sayəsində ölkə iqtisadiyyatının bütün sahələri kimi, meliorasiya və su təsərrüfatı da son 15 ildə böyük inkişaf yolu keçib. Belə ki, bu sahəyə ayrılmış əsaslı kapital qoyuluşu dəfələrlə artıb, onun maddi-texniki bazası xeyli yaxşılaşdırılıb, minlərlə kilometr suvarma kanallarının və kollektor-drenaj şəbəkələrinin bərpası, yenidən qurulması və tikintisi, 2 minə yaxın subartezian quyusunun qazılması hesabına su təminatı və meliorativ vəziyyəti yaxşılaşdırılan torpaq sahələri xeyli artıb, yeni suvarılan torpaqlar kənd təsərrüfatı dövriyyəsinə cəlb edilib, sel və daşqınlara qarşı Kür, Araz və dağ çaylarında 1000 kilometrdən artıq sahilbərkitmə və bəndlərin möhkəmləndirilməsi işləri həyata keçirilib.
Bu nailiyyətlərin əldə olunmasında Azərbaycanın coğrafiyasını dəyişən və ölkənin su təhlükəsizliyində strateji əhəmiyyət kəsb edən Taxtakörpü və Şəmkirçay kimi iri su anbarları mühüm rol oynayıb. Bu günə qədər bu anbarlara 3 milyard kubmetrə yaxın toplanmış su müxtəlif məqsədlər üçün istifadəçilərə verilib.
Lakin burada bir məqamı xatırlatmağı lazım bilirik. Bu da su ehtiyatlarından səmərəli istifadə olunması ilə bağlıdır. Təsərrüfatlarda bir çox hallarda unudulan bu məsələni diqqət mərkəzində saxlamaqla keçmiş təcrübədən də yararlana bilərik. Bunun üçün sovetlər dövründə suvarma ilə bağlı vəziyyətə nəzər salaq. O vaxt bu sahədə səmərəlilik əvvəlcədən suvarma sxemi və rejimin düzgün tərtib olunması ilə müəyyən edilirdi. Suvarma sxemində suvarılan sahənin mailliyi və istiqaməti, torpağın su keçirmə fiziki xassəsi, şırımın sərfəli uzunluğu, hamarlılığı nəzərə alınırdı. Hər bir tarlanın suvarma sxemi rayon kənd təsərrüfatı idarəsinin aqronomu və ya melioratoru, suvarma sistemlərinin hidrotexniki, təsərrüfatın aqronomu, eyni zamanda, baş suçuları ilə birlikdə tərtib edilirdi.
Bununla bərabər, suvarmada rastlaşılan nöqsanları aradan qaldırmaq və suçuların məsuliyyətini artırmaq məqsədilə suvarılacaq tarlanın əvvəlcədən suvarma təqvimi planı tərtib edilirdi. Bu təqvim təsərrüfatın aqronom briqadiri, hidrotexniki və baş suçunun iştirakı ilə hazırlanırdı. Burada suçuların adı, tarlanın sahəsi, tələb olunan suyun miqdarı və s. göstərilirdi. 
Belə təqvimin düzgün təşkili və yerinə yetirilməsi sudan, suçunun əməyindən, habelə vaxtdan səmərəli istifadə olunmasından, suyun düzgün uçotunun aparılmasından çox asılı idi. O illərdə, eyni zamanda, müxtəlif torpaq şəraitində ayrı-ayrı bitkilərin mütərəqqi suvarma texnologiyalarının öyrənilməsinə də diqqət yetirilirdi. Yeni suvarılan torpaqların istifadəyə verilməsi, suvarma və drenaj şəbəkələrinin yenidən bərpa olunması, əsaslı hamarlanmış sahələrdə suvarma üsullarının öyrənilməsi məsələləri xüsusi önəm daşıyırdı. Suçuların müntəzəm olaraq seminarları təşkil olunurdu. 
Həmin dövrdə sudan səmərəli və qənaətlə istifadə edilməsi əsasən suçulardan asılı idi. Onlar məhsul bolluğunun yaradılmasında, hər bir tarlanın məhsuldarlığının yüksəldilməsində əsas sima kimi qiymətləndirilirdilər.
Onu da nəzərə alaq ki, yuxarıda qeyd olunan tədbirlər təsərrüfatlara su pulsuz verildiyi şəraitdə yerinə yetirilirdi.
Respublikamız yenidən müstəqilliyə qovuşduqdan sonra bazar iqtisadiyyatına keçilməsi, torpaq üzərində yeni mülkiyyət formalarının yaradılması, su ehtiyatlarından səmərəli istifadə edilməsi ilə bağlı münasibətlər nəticə etibarilə dövlətin siyasətinin dəyişməsinə gətirib çıxardı. Su təsərrüfatını müasir iqtisadi şəraitə uyğunlaşdırmaq üçün yeni qanunverici bazanın yaradılması tələb olundu. Bununla da ölkədə su ehtiyatlarının yaradılması, kapital tutumlu kanallar vasitəsilə tarlalara su çatdırılması ilə bağlı müxtəlif tədbirlər həyata keçirildi. Nəticədə suvarılan torpaq sahələri də əsasən suvarma suyu ilə təmin edilməyə başlandı. 
Onu da xatırladaq ki, su ehtiyatlarından daha səmərəli istifadə olunması, su təsərrüfatına yönəldilən dövlət xərclərinin ödənilməsi, suyun uçotunun dəqiq aparılması məqsədilə mövcud qanunların əsas müddəalarına uyğun olaraq, 1996-cı ildə Azərbaycan hökuməti tərəfindən “Sudan pullu istifadə qaydaları haqqında Əsasnamə” təsdiq olundu və 1997-ci il yanvarın 1-dən respublikada mərhələ-mərhələ sudan pullu istifadəyə keçirilməsinə başlanıldı.
Respublika üzrə bütün kənd təsərrüfat bitkiləri il ərzində 1437 min hektar sahədə orta hesabla 3,2 dəfə, o cümlədən, taxıl 544691 hektarda 2,3 dəfə, pambıq 136104 hektarda 3,1 dəfə suvarılmış, tütün 2914 hektarda 4,5 dəfə, yem bitkiləri 423063 hektarda 3,6 dəfə, bostan-tərəvəz 674080 hektarda 3,3 dəfə və həyətyanı sahələr 157725 hektarda 4,6 dəfə suvarılıb.
Torpaq islahatı nəticəsində yaranan torpaq mülkiyyətçilərinin mövcud olduğu bir şəraitdə su haqlarının toplanmasında və təsərrüfatdaxili suvarma şəbəkələrinin istismarında obyektiv çətinlikləri aradan qaldırmaq məqsədilə 2000-ci ildən yerlərdə sudan istifadəedənlər birlikləri yaradılmasına başlanıldı. Qısa müddətdə bu cür qurumların sayı 600-ə çatdırıldı. 
Tarlaların suvarılmasına tələb olunan su suvarma sistemlərinin istismar idarələri tərəfindən həmin birliklərə çatdırılır. Bundan sonra isə suyun uçotu və haqqı təyin edilir. Burada əsas məqsəd isə sudan qənaətlə və səmərəli istifadə edilməsidir. Əlbəttə, bu məsələdə suçular əsas rol oynayırlar. 
Aydın MUSAYEV, 
Azərbaycan Hidrotexnika və Meliorasiya Elm-İstehsalat Birliyinin laboratoriya müdiri, texniki elmlər üzrə fəlsəfə doktoru 
Xuraman İSMAYILOVA, 
laboratoriyanın elmi işçisi 

7 2018 23:06 - EKOLOGİYA
EKOLOGİYA
2 Noyabr 2019 | 16:48
Xəbərdarlıq

Köhnə versiyamızdan xəbərləri izlə