• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 12.2 ° C / 79%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanı inamla xoşbəxt gələcəyə aparan qüdrətli lider

Azərbaycanı inamla xoşbəxt gələcəyə aparan qüdrətli lider

Üzümü sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn ­prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi ­varisim, Yeni Azərbaycan Partiyası Sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, ­praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir… ­İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, ­planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.
 Heydər ƏLİYEV
 Azərbaycan Respublikasının Prezidenti
 1 oktyabr 2003-cü il

 

 

 

Zaman bizə 27 illik müstəqillik tariximizdə çoxsaylı əlamətdar və yaddaqalan hadisələr ­yaşatdı. Həmin hadisələrdən biri də möhtəşəm qayıdışdan sonra ölkəyə on il rəhbərlik etmiş, xalqı vətəndaş müharibəsindən, milli dövlətçiliyi isə məhv olmaq təhlükəsindən xilas etmiş, suverenliyimizi əbədilik yoluna istiqamətləndirmiş ulu öndər Heydər Əliyevin siyasi kursunu davam etdirəcək liderin müəyyənləşdirilməsi üçün keçirilən ­prezident seçkiləri idi. Həmin seçkilər haqqında verilən ilkin xəbər bu şəkildədir: “2003-cü ildə ­keçirilmiş prezident seçkilərində 76,84 faiz səslə İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti ­seçilmişdir”.
Xəbərin təfərrüatına varanda isə oxuyuruq: “2003-cü ildə keçirilmiş prezident seçkiləri Azərbaycan Respublikasının Prezidenti postuna keçirilən 5-ci rəsmi seçkilər olmuşdur. Seçkilər 15 oktyabr 2003-cü ildə keçirilmişdir. Demokratik qaydada keçirilən seçkilərdə səsvermə hüququna malik olan vətəndaşların 71,5 faizi (3 milyon 46 min 401 vətəndaş) iştirak etmişdir. Seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədi partiya sədrinin birinci müavini, Azərbaycan Respublikasının Baş naziri İlham Əliyev olmuşdur. Azad, ədalətli və şəffaf şəkildə keçirilən seçkilərdə İlham Əliyev ümumi seçicilərin 2 milyon 438 min 787 nəfərinin səsini qazanaraq, yəni 76,84 faizdən çox səs toplayaraq, Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Prezident İlham Əliyev bundan öncə Azərbaycan Respublikası Milli Məclisinin (1-2-ci çağırış) deputatı olmuş, AŞPA-da Azərbaycan parlamenti daimi nümayəndə heyətinin başçısı və AŞPA-nın vitse-spikeri və büro üzvü vəzifələrində səmərəli fəaliyyət göstərmişdir. 
 İlham Əliyev 2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri təyin olunmuşdur. Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda fəal iştirak edən İlham Əliyev, həm də görkəmli partiya xadimidir. O, YAP-ın I qurultayında (1999) partiya sədrinin müavini, II qurultayında (2001) isə birinci müavini seçilmişdir. Bu mühüm vəzifənin öhdəsindən layiqincə gələn İlham Əliyev əhalinin geniş kütlələrinin dövlət quruculuğuna səfərbər edilməsində olduqca səmərəli fəaliyyət göstərmişdir. Həmçinin 2000-ci ilin parlament seçkilərində YAP-ın seçki kampaniyasına məhz İlham Əliyev başçılıq etmişdir. Bilavasitə onun rəhbərliyi ilə YAP həmin seçkilərdə parlaq qələbə çalmış və Milli Məclisdə yerlərin böyük əksəriyyətini qazanmışdır. Bütün bu uğurlu fəaliyyətlər isə cənab İlham Əliyevin seçkilərdə qalib gəlməsini şərtləndirən ən əsas amillər olmuşdur.
Bu fikirlər 2003-cü ildə keçirilmiş prezident seçkilərinin nəticələri barədə verilən rəsmi məlumat idi ki, cəmi iki abzasda ifadə etdik. Ancaq həmin seçkilərdən sonra ölkəmizdə həyata keçirillən tədbirlər, qazanılan uğurlar, aparılan islahatlar, beynəlxalq aləmdəki nüfuzumuzun sürətlə artmasını göstərən faktlar o qədərdir ki, onları tam ifadə etmək üçün bəlkə də cild-cild kitablar tərtib edilməlidir. Əslində, 2003-cü ilin oktyabrından başlanan yolumuzun da yığcam adı var : Liderlik ənənəsinin davamı və tarixə yazılmış uğurlar salnaməsi. Həmin yol ölkəmiz üçün yeni-yeni hədəflərin gerçəkləşdirilməsini təmin edib. 
Aparılan siyasətin nəticəsində 2008-ci ilin 15 oktyabr tarixində keçirilən prezident seçkilərində xalq yenidən Prezident İlham Əliyevə etimad göstərdi. Yerli və xarici müşahidəçilərin iştirakı ilə keçirilən demokratik seçkilərdə cənab İlham Əliyev seçicilərin 87.34 faiz səsini alaraq ikinci müddətə prezident səlahiyyətlərinin icrasına başladı.
Təbii ki, cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi son on beş ildəki uğurlarımızın təməli bilavasitə  2003-cü il oktyabrın 15-də qoyulmuşdur. Həmin gün haqqında və o gündən sonrakı nailiyyətlərimiz barədə min dəfələrlə yazılıb. Həm yerli, həm də əcnəbi ziyalılar bu barədə bir-birindən dəyərli fikirlər səsləndiriblər. Ancaq bizim fikrimizcə, müstəqillik dövrümüzün son 15 ili Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi--şöbə müdiri, professor Əli Həsənovun bugünlərdə ölkə mətbuatında yayılan “On beş illik prezidentlik dövrünün möhtəşəm zəfər salnaməsi” adlı geniş analitik materialında daha müfəssəl şəkildə xarakterizə edilib.
Professor Ə. Həsənov yazır: “Ümummilli liderin siyasi kursunun yeganə düzgün yol olduğunu görən xalqımız 2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə bu siyasətin layiqli davamçısı kimi cənab İlham Əliyevi dəstəkləyərək 76,84 faiz səslə onu özünə yeni Prezident seçdi. Cənab İlham Əliyevin ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlara söykənən daxili və xarici siyasəti, seçkiqabağı təşviqat dövründə səsləndirdiyi “Mən hər bir azərbaycanlının prezidenti olacağam!” ifadəsi qısa müddətdə ona xalq arasında geniş populyarlıq, sonsuz inam və etibar qazandırdı. Elə bu səbəbdən 2008, 2013 və 2018-ci illərdə keçirilən prezident seçkilərində də İlham Əliyev yenidən inamlı qələbə qazandı”. 
Bəs biz həmin seçkilərdən sonra nələrə nail olduq? Adı çəkilən məqalədə göstərilir ki, İlham Əliyev özünün 15 illik prezidentliyi dövründə, ilk növbədə, ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş vətəndaş birliyi platformasına söykənərək, daxili ictimai-siyasi sabitliyi daha da möhkəmlətmiş, əhalinin təhlükəsizliyini, insanların əsas hüquq və azadlıqlarını, ölkənin əmin-amanlığını təmin etmiş, vətəndaşların rifah halının getdikcə yüksəlməsinə nail olmuşdur: “Hazırda tərəddüd etmədən söyləmək olar ki, daxili milli-vətəndaş birliyi, hakimiyyətin yürütdüyü siyasətin geniş əhali tərəfindən dəstəkləməsi əsasında bərqərar olmuş möhkəm ictimai-siyasi sabitlik əmsalına görə Azərbaycan postsovet məkanında birinci yerdə dayanır. Bununla yanaşı, digər əsas daxili inkişaf parametrləri -- makroiqtisadi sabitlik, dinamik inkişaf edən iqtisadiyyat, sosial və mənəvi təminat sisteminin dinamikası, müsbət demoqrafik vəziyyət, miqrasiya və urbanizasiya proseslərinin dövlətin nəzarəti altında saxlanması, dövlət idarəçiliyinin effektivliyi və s. üzrə də Azərbaycan son 15 ildə region ölkələri içərisində birinci üçlükdə öz yerini möhkəmləndirmişdir”.
Bu, ölkəmizin son 15 ildəki həqiqətləri barədə dövlət rəsmisinin dedikləri idi. Bəs ölkənin sadə vətəndaşlarının bu tarixi fakta münasibəti necədir. Jurnalistikada təmsil olunduğumuza görə təbii ki, ictimaiyyət arasında, mətbuat vasitələrində, sosial şəbəkələrdə, xarici səfərlərdə müasir Azərbaycan həqiqətlərini özündə əks etdirən yüzlərlə dəyərli fikir, arqument və faktlar eşidirik. 
Eşitdiyimiz, oxuduğumuz, şahidi olduğumuz məlumatlardakı yekdil fikir belədir ki, hamı bu siyasətin davam etdirildiyinə görə Prezident İlham Əliyevə minnətdarlıq edir və onun siyasətini dəstəklədiyini söyləyir. Xatırladaq ki, İlham Əliyev 2003-cü ildə Prezident kimi, jurnalistlərə ilk müsahibəsində demişdi ki, Azərbaycanda ölkəmizi hərtərəfli inkişaf etdirmək üçün gözəl zəmin yaranıb. Heydər Əliyevin siyasəti Azərbaycanda çox güclü bir təməl qoyub. Bu təməlin üzərində gözəl binanın inşa edilməsi asan görünə bilər. Amma, eyni zamanda, həyat yerində durmur. Yeni tələblər üzə çıxır, qarşımıza yeni vəzifələr qoyur.
2003-cü ilin oktyabrından keçən müddətdə neft siyasətinin məntiqi davamı olaraq, ölkəmizin qeyri-neft sektorunun inkişafı istiqamətində atdığı addımlar beynəlxalq maliyyə qurumlarının hesabatlarında da öz əksini tapır. Neft kapitalının insan kapitalına çevrilməsi artıq reallıqdır. İqtisadi tərəqqi əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində davamlı addımları şərtləndirir. O da məlumdur ki, 2009-cu ildə Konstitusiyanın “Dövlətin ali məqsədi” maddəsinə belə bir əlavə olundu ki, dövlətin ali məqsədi insan hüquq və azadlıqlarının qorunması və yüksək həyat səviyyəsinin təmin edilməsidir. İnsan amilinə verilən dəyər ölkə Prezidenti İlham Əliyevin hər addımında özünü qabarıq şəkildə büruzə verir. Bunun nəticəsidir ki, Azərbaycan ən islahatçı ölkə kimi dünya birliyində özünə layiqli yer tutur.
Dövlət başçımızın Heydər Əliyev siyasətini uğurla davam etdirməsinin nəticəsidir ki, 2011-ci ildə Azərbaycan 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi. Ölkəmiz bu gün beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan kimi qəbul olunur. Respublikamıza gələn qonaqlar hərtərəfli inkişafdan heyrətlərini gizlətmirlər. Ölkəmizin bu inkişafı möcüzə kimi dəyərləndirilir. 
Ekspertlər yazırlar ki, ulu öndər Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi bugünkü uğurlarımız üçün açar rolunu oynayır. Avropanın enerji təhlükəsizliyinin təminatında ölkəmizin artan rolu reallaşdırdığı və reallaşması istiqamətində atılan addımlardan da aydın görünür. Vaxtilə çoxlarına əfsanə kimi görünən Bakı –Tbilisi – Ceyhan neft, Bakı – Tbilisi – Ərzurum qaz kəmərləri dünyaya açılan pəncərə rolunu oynayaraq, bu gün Cənub Qaz Dəhlizi, o cümlədən TAP, TANAP layihələrindən bəhs etməyə əsas yaratdı. Ötən ilin sentyabrında, “Əsrin müqaviləsi”nin 23 illiyində “Yeni əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın etibarlı tərəfdaş imicini bir daha təsdiqləmişdir.
Ulu öndər Heydər Əliyev dönə-dönə vurğulamışdı ki, dövlət idarəçiliyini təkmilləşdirmək üçün zamanın tələb etdiyi şəraitdə qanun və qaydalarda dəyişikliklər edilməsi zərurəti ortaya çıxır. Bu baxımdan, dövlət idarəçilik sistemindəki təkmilləşdirilməyə uyğun olaraq, ölkədə vitse-prezidentlik institutunun yaradılması, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması ictimaiyyətimiz tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Bütün fəaliyyətini Azərbaycan dövlətinin, dövlətçiliyinin inkişafına və möhkəmləndirilməsinə yönəldən Mehriban xanım Əliyevanın xidmətlərinin miqyası Azərbaycanın hüdudlarını çoxdan aşıb keçmişdir.
Prezident İlham Əliyevin Azərbaycan reallıqları sırasına gətirdiyi yeniliklərdən biri də milli kosmos sənayemizin yaradılması və cəmi beş ildə kosmosa üç peyk göndərməklə dünyanın “ kosmik ölkələr” klubuna qatılmağımızdır. Bu peyklər Azərbaycan ərazilərinin kosmosdan izlənilməsini də təmin edir. Yeri gəlmişkən, soydaşlarımıza qələbə şirinliyini daddırmış 2016-cı ilin Aprel döyüşlərində və bu ilin yazındakı Günnüt əməliyyatlarında ordumuzun qələbəsini təmin edən əsas amillərdən biri məhz maddi-texniki bazanın müasirləşdirilməsi və elmi-texniki nailiyyətlərdən səmərəli istifadə edilməsi olmuşdur. 
Dövlət başçımızın cəmiyyətin daha da demokratikləşdirilməsi, Seçki Məcəlləmizin dünya təcrübəsi səviyyəsinə çatdırılması, vicdan, söz, mətbuat azadlıqlarını bir sıra Avropa ölkələrindəkindən də üstün şəkildə təmin etməsi günün reallıqlarıdır. Üç dəfə “Jurnalistlərin dostu” seçilmiş İlham Əliyevin Azərbaycan mətbuatına göstərdiyi qayğı və diqqət isə nəinki regiondakı, bəlkə də bütün dünyadakı həmkarlarımız üçün əlçatmazdır. Çünki dünyanın heç bir ölkəsində “Jurnalistlər şəhərciyi”deyilən bir məfhum yoxdur. Heç bir ölkədə qəzet redaksiyalarının nəşriyyata olan borcları dövlət tərəfindən ödənilmir və ya qəzet redaksiyalarına maddi yardım göstərilmir. Bütün bunlar Azərbaycan həqiqətləridir. Məhz bütün bunlara istinad edən Azərbaycan xalqı 2018-ci ilin aprel ayında keçirilən Prezident seçkilərində yenə də İlham Əliyevə etimad göstərdi və xalqın gələcək uğurlarının da sükanını yenə ona etibar etdi.
 Xalqımız onu BMT tribunasında görəndə də məmnun olur, dünyanın aparıcı dövlət başçıları ilə görüşlərini izləyəndə də, ölkəmizin dövlət bayrağını qaldıran idmançıları bağrına basıb təbrik edəndə də. Ancaq bizi ən çox məmnun edən ötən il dövlət başçımızın əcnəbi həmkarları ilə birlikdə Bakı-Tbilisi-Qars dəmir yolu qatarının ilk sərnişinləri kimi yola düşdüyü məqam idi. Çünki bir fərdin də, hər bir xalqın da, hər ölkənin də uğurları yoldan başlanır. 
Yolumuz kosmosadır, Avropanın və Asiyanın hər bir şəhərinə, Şuşaya, Xankəndiyədir, ən başlıcası suverenliyimizin əbədiləşdirilməsinədir. 

Hazırladı: 
İttifaq MİRZƏBƏYLİ, 
“Xalq qəzeti”

13 Oktyabr 2018 21:38 - XƏBƏRLƏR
XƏBƏRLƏR
17 Noyabr 2018 | 22:53
Naxçıvanda payız iməciliyi

Ən son xəbərləri səhifəmizdən də izləyin