• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 12.2 ° C / 79%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistanda “ölmüş” beynəlxalq təşkilatın sammiti keçirilib

İrəvanın təşkil etdiyi yeganə beynəlxalq tədbir diplomatik rüsvayçılıqla yadda qaldı

Ermənistanda “ölmüş” beynəlxalq təşkilatın sammiti keçirilib

Beynəlxalq Frankofoniya Təşkilatının Ermənistanda keçirilən 17-ci sammitinin çoxsaylı uğursuzluqlarla müşayiət edilməsi barədə danışan ekspertlər öncə Azərbaycanın son illərdə yüzlərlə beynəlxalq tədbirə evsahibliyi etməsini xatırladırlar: “Necə olur ki, Bakıda təşkil edilən tədbirlərin hamısı yekdil razılıq və birgə bəyannamələrlə başa çatır, İrəvanda isə ayda -- ildə bir tədbir keçirilir, o da qarşıdurmalar və münaqişələrlə tarixə düşür?”
Frankofoniya – fransızdilli ölkələrin beynəlxalq əməkdaşlıq təşkilatıdır. Bu qurum 1970-ci ildə yaradılsa da, ilk ali məclisi 16 ildən sonra (maraqlıdır : nə səbəbdən? ) – 1986-cı ildə Fransanın Versal şəhərində keçirilib. Qeyd edilir ki, indi bu təşkilatın 54 üzvü var və daha 30 ölkə sammitlərdə müşahidəçi qismində iştirak edir. Bu faktlarla işimiz yoxdur. Ancaq Ermənistanda keçirilən 17-ci sammitdə qeyd edilib ki, İrəvan iki il müddətində Beynəlxalq Frankofoniya Təşkilatına rəhbərlik edəcək. Bu ölkə beynəlxalq aləmdə təhsilin inkişafı, mədəniyyətin dəstəklənməsi və iqtisadi artıma stimul verilməsi kimi təşəbbüsləri öz üzərinə götürüb. 
Qəribədir, Ermənistan təhsilin və mədəniyyətin inkişafını necə dəstəkləyə bilər? Axı bu gün dünyanın hər yerində, bütün beynəlxalq təşkilatlarda, hamı yaxşı bilir ki, bu ölkənin apardığı deportasiya və işğalçılıq siyasəti nəticəsində Azərbaycana və soydaşlarımıza məxsus olan yüzlərlə təhsil və mədəniyyət müəssisəsi, abidə məhv edilib. Belə bir barbarlığa imza atmış ölkə beynəlxalq aləmdə təhsilin və mədəniyyətin inkişafını necə dəstəkləyə bilər? Bu, absurd deyilmi? 
Beynəlxalq təşkilatların hamısına məlum olan konkret faktlardan bəzilərini xatırladaq : Deportasiya və işğal nəticəsində Azərbaycanın sosial-mədəni həyatına və təhsil sisteminə ağır ziyan vurulmuşdur. İşğal zonasında 3472 sosial-mədəni obyekt, o cümlədən 315 səhiyyə obyekti, 799 məktəb, 288 uşaq bağçası, 787 klub, 880 kitabxana, 17 muzey, 3 teatr, 268 kino qurğusu, milyonlarla nüsxə fondu olan yüzlərlə kitabxana talan edilmiş, çoxlu sayda dəyərli qədim əlyazma yandırılmış, 100-dən çox arxeoloji abidə məhv edilmişdir. İşğal edilmiş rayonlarda 4 texnikum, 4680 yerlik 11 texniki-peşə məktəbi və 34 məktəbdənkənar müəssisə qalmışdır”. Bu qədər vəhşiliklərə imza atmış xalq və həmin toplumun özgə torpaqlarında qurduğu Ermənistan dövlətinin dünyada təhsili, mədəniyyəti inkişaf etdirmək barədə vədlərinə kim inanardı? 
İrəvan sammiti təkcə bu absurd qərarlarla deyil, həm də dövlət başçılarının qarşılıqlı ittihamları ilə yadda qalıb. Mətbuat yazır ki, Fransa Prezidenti Emmanuel Makron və Kanadanın Baş naziri Castin Trüdo Frankofoniyanın gələcək taleyinə sahib olmaq üçün gərgin mübarizə aparırlar və həmin gərginlik İrəvanda da özünü göstərib. Xatırladaq ki, təşkilatın gələcəyi dedikdə, onun zəngin təbii sərvətlərə malik olan Afrika qitəsində yayılması nəzərdə tutulur ki, Fransa və Kanadanın hər ikisi həmin sərvətlərə göz dikib. 
Ekspertlərin fikrincə, dünyanın ən mədəni xalqlarından birinin, üstəlik Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yaradılmış Minsk qrupunun həmsədri olan Fransanın adı ilə bağlı olan beynəlxalq təşkilatın sammitinin qonşu ölkənin 20 faiz ərazisini otuz ilə yaxın işğal altında saxlayan, Xocalı qətliamını törədən Ermənistanda keçirilməsinin özü bir məntiqsizlik və ədalətsizlik göstəricisidir. Çünki istənilən beynəlxalq təşkilat beynəlxalq aləmdə sülh və sabitliyə töhfələr vermək missiyasını öz üzərinə götürür. Ona görə də dünyada sülhün və əmin-amanlığın, insan hüquq və azadlıqlarının təşviq edilməsi missiyasını üzərinə götürən Beynəlxalq Frankofoniya Təşkilatının sammitinin Ermənistanda keçirilməsi barədə verilmiş qərar cəfəngiyatdır.
İrəvan sammitini gözdən salan, beynəlxalq təşkilatın nüfuzunu urvatsız edən başqa bir məqam da var idi. Belə ki, bütün dünya sammit zamanı humanizm, sülh, insan hüquq və azadlıqları kimi ümumbəşəri dəyərlərin müdafiəsi yollarının axtarışını gözlədiyi halda, İrəvanda Fransa Prezidenti Emmanuel Makron ilə təşkilatın baş katibi Mişel Jan arasındakı qarşıdurmanı izləməli olub. Qeyd edilir ki, İrəvanın ali qonaqlarının arasındakı qarşıdurma bəşəriyyət üçün mühüm əhəmiyyət kəsb edən məsələ üstündə deyil, sırf hakimiyyət hərisliyi və bölgüsü üstündə düşüb. Bildirilir ki, bu qarşıdurma, eyni zamanda, Makron və Kanada Baş naziri Castin Trüdonun ambisiyalarının toqquşmasıdır.
Beynəlxalq maraqların tamamilə unudulduğu İrəvan sammitində dünyanın diplomatiya tarixində görünməmiş bir fakt da qeydə alınıbmış. Belə ki, təşkilatın baş katibi zirvə toplantısının keçirildiyi gün bu qurumun ölü halda olduğu barəsində rəsmi twitter hesabından açıqlama yayıb. Bu isə o deməkdir ki, Ermənistanda “ölmüş” beynəlxalq təşkilatın sammiti keçirilib. 
Beləliklə, Azərbaycanın hər il bir neçə mötəbər beynəlxalq sammitə ev- sahibliyi etməsi fonunda işğalçı ölkənin də hansısa tədbiri təşkil etmək və tarixə düşmək cəhdləri nəinki uğursuz alındı, hətta bu təşkilatın beynəlxaq aləmdəki nüfuzuna da sarsıdıcı zərbə vuruldu. Tədbirin rəsmi qonaqları isə İrəvanı, sözün həqiqi mənasında, urvatsız edilmiş şəxslər kimi tərk etməli oldular. 
Oktyabrın 25-də Azərbaycanda daha bir mötəbər beynəlxalq tədbirin açılışı olacaq. İrəvan rəsmiləri, siyasətçiləri və tədbir təşkilatçıları televiziya vasitəsilə həmin forumun açılışını və gedişini izləsələr, gələcək fəaliyyətləri üçün səmərəli olacaq çox şey öyrənə bilərlər. Öyrənmək isə heç zaman gec deyil. Hətta işğalçılar və separatçılar da mütərəqqi təcrübədən nə isə öyrənə bilərlər. 

İttifaq MİRZƏBƏYLİ, 
“Xalq qəzeti”

13 Oktyabr 2018 21:32 - XƏBƏRLƏR
XƏBƏRLƏR
17 Noyabr 2018 | 22:53
Naxçıvanda payız iməciliyi

Ən son xəbərləri səhifəmizdən də izləyin