Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xaçmazlı könüllülər cəbhəyə böyük coşqu ilə yola salınıblar

Oktyabrın 1-də xaçmazlı könüllülər düşmənlə döyüşə qatılmaq üçün cəbhəyə yollanıblar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinin qarşısında könüllülərin cəbhəyə yola salınması zamanı böyük coşqu yaşanıb.

Qardaşı oğlunu cəbhəyə yola salan Ağakişi Bədirov böyük qürur hissi keçirdiyini bildirib. “Bir əmi kimi fəxr edirəm. Vətənimiz dardadır. Torpaqlarımızı biz almasaq, kim alacaq? Gənclərimizə uğurlar arzulayıram. Qələbə ilə qayıtsınlar. Qalib gələcəyimizə də yüz faiz inanıram”, - deyə A.Bədirov bildirib.

Oğlunu döyüşə yola salan İmran Babayev xalqımızda daha səbir qalmadığını deyib. “Otuz ildir dözürük. Bəsdir daha. Övladlarımız döyüşərək torpaqlarımızı geri almaq əzmindədirlər. İnşallah, mənfur düşmənin başını əzəcəyik”, - deyə İ.Babayev söyləyib.

Könüllü çağırışçı Əbülfəz Fətullayev: “Cəbhəyə yollanmaqdan qürür duyuram. Vətənimi müdafiə etmək üçün gedirəm. Canım fəda olsun Vətənimə. Könüllü yazılmışdım. İnşallah qələbə ilə qayıdacağam!”

Nəvəsini yola salan Cəmilə Məhəmmədova bütün döyüşçülərimizə cansağlığı, qələbə arzulayıb. “Əsgərlərimiz Vətəni qoruduğu kimi, Allah da onları qorusun. Qələbə xəbəri ilə qayıtsınlar. Neçə gündür televizorun qarşısındayam. Xəbərləri həyəcanla izləyirəm”, - deyə Cəmilə nənə söyləyib.

Könüllülər işğal altındakı torpaqlarımızı Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə düşmən tapdağından azad edəcəklərinə söz veriblər.

Xaçmazlı könüllülər böyük coşqu, alqış sədaları və “Əsgər marşı” sədaları altında cəbhəyə yola salınıb.

M.HACIXANLI,
“Xalq qəzeti”

1 Oktyabr 2020 15:11 -
29 Oktyabr 2020 | 21:49
Bərdənin qisası alınır

Köhnə versiyamızdan xəbərləri izlə