Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərbaycanda texnologiya transferi və elmin kommersiyalaşdırılmasının təşviqi” layihəsi üzrə işlər davam etdirilir

AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) Koreyanın Elm və Texnologiya Siyasəti İnstitutu (STEPI) ilə əməkdaşlığı çərçivəsində 2019-2020-ci illəri əhatə edən “Azərbaycanda texnologiya transferi və elmin kommersiyalaşdırılmasının təşviqi” layihəsi davam edir.

AMEA Yüksək Texnologiyalar Parkının Mətbuat katibi Nərgiz Qəhrəmanovadan aldığımız məlumata görə, layihənin birinci ili Azərbaycanda texnologiya transferi ekosisteminin hazırki vəziyyətinin analizi, texnologiya transferi və elmin kommersiyalaşdırmasının qiymətləndirilməsi, onun institusional səviyyədə idarə olunması istiqamətləri üzrə biliklər əldə edilib.

2019-cu ildə keçirilmiş 3 təlim çərçivəsində ölkənin elm və təhsil müəssisələrini, eləcə də AMEA-nın elmi qurumlarını təmsil edən iştirakçılar qeyd olunan sahələr üzrə nəzəri biliklərə yiyələniblər. Bu sahədə Koreya təcrübəsindən istifadə edilməsi və müvafiq təşkilatlara YT Park ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində innovasiya fəaliyyətini inkişaf etdirmələri tövsiyə olunub.

Layihənin ikinci ili üçün STEPI prioritet olaraq institusional səviyyədə YT Parkın strateji planının hazırlanmasını təklif edib. Bu məqsədlə cari ilin may ayında Parkın rəhbərliyi və koreyalı ekspertlərin iştirakı ilə onlayn müzakirələr keçirilib.

Həmçinin sentyabr ayında layihə tərəflərinin videokonfrans formatında onlayn iclası baş tutub. İclasda texnoparklar üçün fandreyzinq və biznes modellər, rezidentlərin cəlb edilməsi və texnoparkların rəqəmsallaşdırılması ilə bağlı koreyalı ekspertlərin mühazirələri dinlənilib. Yerli və koreyalı mütəxəssislərin iştirakı ilə YT Parkın daxili sistemi, dövlət satınalmaları, texnologiya transferi və kommersiyalaşdırma, startap, inkubasiya, test və akreditasiya istiqamətləri üzrə müzakirələr aparılıb.

Yerli ekspertlər tərəfindən hazırlanmış 50 səhifəlik hesabat Koreya tərəfinə təqdim edilib. Sənədin hər iki tərəfin yekun rəyləri nəzərə alınmaqla cari ilin sonunadək təsdiqi nəzərdə tutulur.

Layihənin nəticəsi olaraq YT Parkın fəaliyyətinin təkmilləşdirilməsində Koreya modelinin tətbiqinə dair təkliflər paketinin təsdiqi ilə bağlı Seul və ya Bakıda seminarın təşkili planlaşdırılır.

Qeyd edək ki, elm və texnologiya siyasətinin inkişafında mühüm rol oynayan STEPI bu sahədə tədqiqatlar üçün qlobal düşüncə platformasını genişləndirərək milli rəqabət qabiliyyətini inkişaf etdirməyi hədəfləyir.

Qabil YUSİFOĞLU,
“Xalq qəzeti”

1 Oktyabr 2020 16:37 - ELM
ELM

Köhnə versiyamızdan xəbərləri izlə