Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Paşinyan bir daha öz səbatsızlığını və haqsızlığını nümayiş etdirdi

“Azərbaycan Prezidenti cənab İlham Əliyev  “Rossiya-l” telekanalının populyar “60 dəqiqə” proqramına müsahibəsində Ermənistanın növbəti hücum cəhdi, hərbi avantürası nəticəsində yenidən alovlanan müharibə haqqında həqiqətləri rusdilli auditoriyaya çatdırdı. Cənab Prezident ilk növbədə Rusiya ictimaiyyətini Ermənistanın təxribatları, işğalçılıq və təcavüz siyasəti haqqında məlumatlandırdı. Rusiyada məskunlaşmış yüz minlərlə erməninin, dediyimiz kimi, bütün rusdilli auditoriyanın da həqiqətləri bilməsi baxımından bu müsahibənin xüsusi önəmi var. Hadisələrin indiki vaxtında, məhz bir çox rusdilli KİV-in yanlış təbliğat apardığı zaman həqiqətlərin dövlət başçısı tərəfindən söylənməsi özlüyündə bir fürsət oldu”. Bu fikirləri Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva dövlət başçımızın Rusiya televiziyasına müsahibəsində cənab Prezident ilə Ermənistanın Baş nazirinin verilən suallara cavablarını təhlil edərkən dedi. O, “hiyləgər, riyakar və ən əsası, işğalçı Ermənistan hakimiyyəti ilə müqayisədə bizim əsas silahımız haqlı olmağımızdır” – dedi və əlavə etdi:

- İkinci silahımız, üstünlüyümüz isə, işğala məruz qalan tərəf olsaq da, daha güclü olmağımızdır. Bu iki amil auditoriyanı düşündürməlidir: haqlıyıq, amma haqsızla eyni yanaşma görür, eyni çağırş eşidirik, ikili standartla qarşılaşırıq. Haqlıyıq, amma haqsızın güclü diaspor və lobbi təzyiqi, təbliğatı ilə üz-üzəyik. Habelə, güclüyük, amma torpaqlarımız 30 ilə yaxındır işğal altındadır. Sülh danışıqlarında uzun illər iştirak etmişik və nəticəsiz olsa da, kövrək sülh danışıqları məhz Ermənistan tərəfindən pozulub. Bu gerçəklikdə bir də hərbi təxribatlara, hücumlara məruz qalırıqsa, bizi qınayanlar desin: nə etməliyik?

Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-də səhər saat 06.00-da başladığı hücum da bütün öncəki hücumların davamı və inkişafı “dəyəri”ndədir. Yenə hərbi obyektlərlə yanaşı mülki obyektlər, dinc əhali hədəfə alındı. Yaşayış məntəqələrimiz, döyüş mövqelərimiz şiddətli artilleriya atəşinə məruz qaldı. Bu hücumun zaman baxımından da -- istirahət günü, sübh çağı daha çox insan tələfatına hesablandığı şübhəsizdir. Belə olan halda, Azərbaycan Silahlı Qüvvələrinin adekvat cavab verməkdən başqa yolu varmı? Özü də, döyüşlər Ermənistan -- Azərbaycan dövlət sərhədi boyunca deyil, respublikamızın beynəlxalq birlik tərəfindən tanınmış ərazisinin dərinliklərində gedir. O zaman adekvatlığın bir adı, bir təyini, bir ünvanı olmalıdır: ya ən sonuncu erməni əsgəri ərazilərimizi birdəfəlik tərk etməli, ya da tək-tək, yaxud toplu halda təhlükəsiz hala gətirilməlidir. Bax, bu, əsl adekvatlığın özüdür! Çünki biz 30 ilə yaxındır sülhpərvərlik göstərdik, əvəzində, müharibə ritorikası ilə qarşılaşdıq.

“Rossiya-1”ə müsahibəsində “Təcavüz nəticəsində Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olub, hərbi qulluqçular arasında da həlak olanlar var” - deyən Prezident Ermənistan ordusunun əsas hədəfinin yaşayış məntəqələri və mülki əhali olduğunu, ümumən, müharibənin mahiyyətini faktlarla, rəvan nitq, məntiqi ardıcıllıq və cəsarətlə göstərdi. Böyük və həssas bir auditoriya qarşısında həqiqətlərin məhz belə ifadəsi özlüyündə uğurlu bir hadisədir. Cənab Prezidentin tutarlı, peşəkar, səlis cavabları qarşılığında “guya demokrat” Nikol Paşinyanın çıxışı sönük, dolaşıq, təkrarçı və faktoloji bazadan məhrum idi. Bu, Paşinyanın həm siyasi cəhətdən qeyri-yetkin olduğunu, həm də, müdafiə etdiyi mövqenin heç bir tənqidə dözmədiyini aydın göstərdi. Paşinyan istər “Münhen debatı”nda, ondan öncə “Aşqabad dəyirmi masa”sında, istərsə də, BBC-nin “Hard Talk” proqramında olduğu kimi, “Rossiya --1”də də bir daha öz səbatsızlığının və  haqsızlığının aqibətini yaşadı. Azərbaycan Prezidenti Ermənistanın son hücumlarından, hərbi təxribatlarından söz açaraq, Rusiya ictimaiyyətinin diqqətini həqiqətlərə cəlb etdi. Eyni zamanda, sərrast cavabları ilə Ermənistan hakimiyyətinin avtoritar, diktator mahiyyətini ifşa etdi. Paşinyanın hakimiyyətə gəlməsini bir “siyasi layihə” kimi şərh edərək, onu əlaltı adlandırdı. Dövlət başçımız öz fikrini, Ermənistanda daxili siyasi böhranın hökm sürməsi, bu böhranın Paşinyanın 2 il öncə çoxlu vədlər verərək hakimiyyətə gəlməsi ilə əlaqələndirərək,  “Paşinyana bir xarici amil, qarışıqlıq lazım idi ki, əhalinin diqqətini yayındırsın” şəklində ifadə etdi.

Müsahibədə diqqətçəkən başqa bir məqamsa, Prezidentin rusdilli auditoriyanın nüfuzlu efirində də, Türkiyənin maraqlarını qoruması, qardaş ölkəni Ermənistanın və ermənistanlıların haqsız “media hücumu”ndan müdafiə etməsidir. Cənab İlham Əliyev bununla Ermənistan təbliğatının iç üzünü açdı, onların dövriyyəyə buraxdığı yalan məlumatların məqsədyönlü tirajlandığını göstərdi. “Guya Türkiyənin münaqişə tərəfi kimi iştirak etməsi barədə erməni tərəfin yaydığı bütün şayiələr təxribat xarakteri daşıyır. Türkiyənin münaqişədə iştirakı barədə heç bir sübut yoxdur. Azərbaycan Ordusu öz xalqının və öz ərazisinin müdafiəsini təmin etmək üçün kifayət qədər hazırlıqlıdır.  ...Türkiyə Azərbaycanı, beynəlxalq hüququ dəstəklədiyini bildirib. Türkiyə Azərbaycana mənəvi dəstək verir və hazırkı vəziyyətdə onun başqa rolu yoxdur”.

Prezidentin gətirdiyi tutarlı faktlar qarşı tərəfin qardaş Türkiyənin hərbi arsenalında olan “F--16”-ların döyüş əməliyyatlarında iştirakı, respublikamıza Suriyadan muzdlular gətirilməsi barədə iddialarını puç etdi. İnanıram ki Azərbaycan Prezidentinin aparıcıların suallarına tutarlı cavabları – qaldırılan məsələlərə dair sağlam fikirləri, yalnız respublikamızda deyil, peşə kodeksini bütün keçici maraqlardan, siyasi mülahizələrdən üstün tutan xarici medianın da diqqətində olacaq.  Bizim işimiz haqq işidir, biz qalib gələcəyik.

Hazırladı: 
Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

1 Oktyabr 2020 12:03 - XƏBƏRLƏR
XƏBƏRLƏR
30 Oktyabr 2020 | 03:05
Biz haqlıyıq, biz güclüyük!

Köhnə versiyamızdan xəbərləri izlə