Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Milli Məclisin Sədri jurnalistlər üçün brifinq keçirib

Sentyabrın 30-da VI çağırış Milli Məclisin payız sessiyasının ilk iclasından əvvəl parlamentdə mətbuat nümayəndələri üçün yaradılmış 3 yeni iş otağının açılışı olub. 
Bununla bağlı jurnalistlər üçün brifinq keçirən Milli Məclisin Sədri Sahibə Qafarova parlamentdə akkreditə olunmuş KİV nümayəndələri ilə belə bir görüş keçirməyi çoxdan arzu etdiyini bildirib. Deyib ki, bu görüş pandemiya səbəbindən bir qədər gec baş tutub. Spiker qeyd edib ki, Sədr seçildikdən sonra jurnalistlərin ona Milli Məclisdə mətbuat nümayəndələrinin iş şəraitinin yaxşılaşdırılması ilə bağlı müraciətləri olmuşdu. Pandemiya ilə əlaqədar bu işin bir qədər yubandığını vurğulayan Sahibə Qafarova deyib: “Yay aylarında media nümayəndələrinin rahat işləyə bilməsi üçün şərait yaratmağa çalışdıq. Çünki siz – parlamentdə akkreditə olunmuş media nümayəndələri Milli Məclisin iclası başlayandan qurtaranadək bizimlə birlikdə çalışırsınız. Burada jurnalistlər üçün yaradılan iş otağında 16 kompüter var, sahəsi əvvəlki otaqdan daha genişdir. Onun yanındakı ikinci otaq isə fotostudiya kimi fəaliyyət göstərəcək. Yuxarıdakı otaq isə brifinqlər və jurnalistlərin müsahibə almaları üçün nəzərdə tutulub”. 
 Milli Məclisin Sədri Sahibə Qafarova medianın həmişə olduğu kimi, bundan sonra da parlamentin fəaliyyətini dolğun və obyektiv işıqlandıracağına inamını ifadə edib. Bildirib ki, torpaqlarımız düşmənlərdən azad edildikdən sonra elə bu foyedə jurnalistlərə geniş müsahibə verəcək. 
“Hər birimizin ürəyi Qarabağla döyünür”, - deyən Sədr çıxışının sonunda media nümayəndələrinə bu şəraitin yaradılmasında yaxından iştirak edən Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyevə, parlamentin işlər müdiri Firudin Hacıyevə, Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə təşəkkürünü bildirib.
Sonra çıxış edən Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Məmmədov Milli Məclisdə mətbuat nümayəndələri üçün yaradılmış şəraitə görə Milli Məclisin Sədri Sahibə Qafarovaya minnətdarlığını bildirib, Milli Məclisin işinə və jurnalistlərə uğurlar arzulayıb. 

 

AZƏRTAC

1 Oktyabr 2020 00:59 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə