Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan özünün hüquqlarını bərpa etmək əzmindədir

Sentyabrın 27-si sübh tezdən bütün cəbhə boyu atəşkəs rejimini növbəti dəfə pozaraq Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə və yaşayış məntəqələrimizə iriçaplı silahlardan atəş açan ermənilərin bu dəfə nəinki cavab atəşləri ilə susdurulması, habelə geri oturdularaq böyük itkilərə məruz qoyulması barədə rəsmi xəbərlər qəlbimi qürurla doldurur. Necə deyərlər, haqq nazilər, amma üzülməz. Nankor qonşularımız, nəhayət, dərk etməlidirlər ki, cinayət əsla cəzasız qalmır, cavabı mütləq verilir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyev bütün çıxışlarında qarşı tərəfi sülhə dəvət etsə də, işğalçılıq əməllərindən əl çəkməyə çağırsa da, ərazilərimizi zəbt edərək orada daha da möhkəmlənmək istəyən, bütün yolverilməz hərəkətləri ilə bizi müharibəyə təhrik edən  ermənilər şüurlu surətdə sülh danışıqlarını pozmağa çalışırdılar və son vaxtlar buna, demək olar ki, nail olmuşdular. İşğalçı Ermənistan 30 ildən bəri BMT-nin məlum qətnamələrinə məhəl qoymur, təmas xəttində ard-arda təxribatlar törədir, bizi daim təhdid edirdi. İndi bunun bədəlini ödəmək vaxtıdır. Daim atəşkəs rejiminə riayət edən, beynəlxalq konvensiyaların tələblərini səbrlə, təmkinlə gözləyən Azərbaycanın səbr kasası nə vaxtsa daşmalı idi. 
İkili siyasət yürüdən, işğalçı ilə işğal olunanı bir gözdə tutan beynəlxalq qurumlar, əməli fəaliyyətsizliyi ilə tanınan ATƏT-in Minsk qrupu və onun həmsədrləri, Ermənistanı gizli yolla silah-sursatla təmin edən, yeni işğal aktlarına şirnikləndirən bəzi dövlətlər indi əl-ayağa düşərək dərhal silahlı münaqişəni dayandırmağın, danışıqlar masası arxasına əyləşməyin vacibliyi barədə vərdişkar bəyanatlar verirlər. Bütün dünya şahiddir ki, Azərbaycan daim bu yöndə zəruri addımlar atmış, atəşkəs rejiminə ciddi riayət etmiş, amma bunun qarşılığını görməmişdir. Dövlətimizin başçısı İlham Əliyev də dəfələrlə bildirmişdir ki, bizim heç bir ölkənin torpağında gözümüz yoxdur, biz öz haqqımızı tələb edir və öz ərazilərimizi işğaldan təmizləmək istəyirik. Səsimizi eşitməyən, haqlı etirazlarımızı qulaqardına vuran məlum dairələrin “başbilənləri”nin indi əl-ayağa düşmələri, qondarma sülhpərvər missiya yürütmək görüntüsü yaratmaları hansı normalara sığır?
Azərbaycan haqq yolundadır və özünün 30 ildən bəri tapdalanmış hüquqlarını bərpa etmək istəyir. Qoy, bu yolda Allah bizim yardımçımız olsun. 

 

Sərhad Məmmədov, 
Lənkəran Şəhər Ağsaqqallar Şurası sədrinin müavini

1 Oktyabr 2020 00:56 - XƏBƏRLƏR
XƏBƏRLƏR
26 Oktyabr 2020 | 16:20
Biz Qubadlıya qayıdırıq

Köhnə versiyamızdan xəbərləri izlə