Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qarabağa uzanan zəfər yolumuz qarşısıalınmazdır

Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın quldur hərbi birləşmələrinin ölkəmizə qarşı təxribatlarını qarşısını alaraq torpaqlarımızı erməni işğalından azad etməyə başladığı  bir məqamda, 30 il bundan əvvəl qələmə aldığım “Qarabağ oyunu” adlı poemanın son sətirlərini xatırlayıram: 
Hələ Qızıl qayanın 
Dözümü dizimdədir,
Dərd sinəmdə doğulub,
Dərmanı özümdədir.
Əlimdəki qılıncla 
Öz sinəmi yarmışam,
Yolları selimlə yox, 
Qanımla suvarmışam…
O zamanlar daxilimizdəki hakimiyyət davası, başıpozuqluq Qarabağı qətiyyətlə qorumağımıza mane oldu. Düşmən isə havadarlarının köməyi ilə torpaqlarımızın 20 faizini işğal etdi. Təcavüzkar Ermənistanın ipini çəkən, ona təpinən, ağzına bir şapalaq vurub “səsini kəs” deyən isə olmadı. Bu gün igid döyüşçülərimizin cəbhədə başına od yağdırdığı, necə deyərlər, quyruğu qapı arasında qalan erməniyə nə qədər qahmar çıxanlar, bizə məsləhət verib yol göstərənlər, yenidən mənasız danışıqlara dəvət edənlər peyda oldu. Bir vaxtlar ermənilərin hədyanlarına meydan verib onları Azərbaycana qarşı təcavüzə şirnikləndirən Mixail Qorbaçov göstərdiyi dəstəyi indi başqaları davam etdirir.
Torpaqlarının beşdən biri işğal olunan, əhalisinin 1 milyondan çoxu qaçqın-köçkün taleyi yaşayan Azərbaycan 30 il idi ki, dözürdü, gözləyirdi, nəhayət, haqqın, ədalətin öz yerini tutacağına ümid edirdi.  
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev illərdən bəri münaqişənin siyasi vasitələrlə, sülh yolu ilə həlli üçün əlindən gələni əsirgəmədi. Amma Minsk qrupunun həmsədrləri, Ermənistanın əli Qarbağda qana batmış, insanlıq simasını itirmiş başsız başçıları ilə görüşlər səmərə vermədi. Sən demə, yeganə çıxış yolu torpaqlarımızı öz gücümüzlə azad etməkdə imiş. 
Bu gün cəbhə xəttindən aldığımız yeni-yeni qələbə xəbərləri bütün azərbaycanlıları, bizim dostlarımızı sevindirir, düşmənlərimizi məyus edir. Bağın-bostanın barı-bəhəri əsasən payızda toplanır. Yenə payız fəslidir. Dərib toplamağa Qələbə adlı barımız, bəhərimiz var. Torpağın qulaqlarını cingildədən güllə səsi, bağrını yaran top partlayışları daşların, qayaların yaddaşına-- Azərbaycanın qeyrət tarixinə qızıl hərflərlə yazılır. Özü də qələmlə yox, süngü ilə. Milli varlığımız “Odlar yurdu”nun yaddaşına tarix boyu silahla, mübarizə ilə yazılıb. 
Ömrünü söz kirkirəsində üyüdüb-əridən bir qələm sahibi kimi hardan başlayıb fikrimi sapa necə düzməyin çətinliyini indiki qədər hiss etməmişdim. Qandan-qadadan, həsrətdən, göz yaşından, çadır düşərgəsindən çox yazmışam. Daha bəsdi! İndi növbə Böyük Qələbənindir! İndi Azərbaycan əsgərinin yolu Qarabağda bizi gözləyən yurd yerlərimizə calanır. Onu ləngitməkdən, dayandırmaqdan keçib. Azərbaycan əsgərinə, Azərbaycan Ordusuna məsləhət vermək, yol göstərmək də artıqdır. Görünən dağa nə bələdçi. Haqq yolçuları zəfər yolundadır:
         Sinəmiz səngərdə paralanmasa
         O dağlardan bizə dağ olan deyil.
         Vətənin əsgəri yaralanmasa
         Vətənin yarası sağalan deyil.
Mən də tələsirəm – Ağdama, Xocalıya, Şuşaya, Laçına, Kəlbəcərə...  Bu yazının nöqtəsini orda qoyacam. Sözümün sonu, söhbətimin davamı orada olacaq. Bizi yaralı Qarabağımıza müdrik və qətiyyətli Ali Baş Komandanımızın artıq icra olunan əmri ilə mübariz Silahlı Qüvvələrimiz qovuşdurmaqdadır. Uğur olsun ümidgahımız Azərbaycan Ordusu!
 
 
Ələmdar QULUZADƏ,
şair-publisist, Əməkdar jurnalist
1 Oktyabr 2020 00:55 - XƏBƏRLƏR
XƏBƏRLƏR
26 Oktyabr 2020 | 16:20
Biz Qubadlıya qayıdırıq

Köhnə versiyamızdan xəbərləri izlə