Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezident İlham Əliyev: Biz təcavüzkarı elə cəzalandırmağa qabilik ki, o, bir daha bizim tərəfə baxmağa cəsarət etməsin!

Azərbaycanın hazırlıqlı ordusu var, çox böyük səfərbərlik ehtiyatı var. Dünən mən qismən səfərbərlik elan etmişəm. Biz 2 milyon əhalisi olan Ermənistana qarşı 10 milyon əhalidən 10 minlərlə ehtiyatda olanları orduya çağırırıq, bizim insan ehtiyatlarına ehtiyacımız yoxdur. Buna görə də biz özümüzü müdafiə etməyə və təcavüzkarı elə cəzalandırmağa qabilik ki, o, bir daha bizim tərəfə baxmağa cəsarət etməsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Silahlı Qüvvələrimizin düşmən işğalında olan torpaqlarımızdakı uğurlu əməliyyatını, mərdanə döyüşlərini, qəhrəmanlıqla apardığı mübarizələri görəndə ulu öndər Heydər Əliyevin hələ 1999-cu ildə, xarici səfərdən qayıdarkən, Binə hava limanında jurnalistlərə verdiyi müsahibənin bir məqamı yadıma düşür. O zaman “ANS”-in əməkdaşı Qənirə Paşayeva soruşmuşdu: “Cənab Prezident, xalqımızı Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həll edildiyi barədə xəbərlə nə zaman sevindirəcəksiniz?” Ulu öndər cavab vermişdi: “ Siz jurnalistlər hamını əmin etməyə çalışın ki, bu münaqişə məhz Azərbaycan xalqının arzuladığı şəkildə öz həllini tapacaq. Ancaq bunun üçün zaman lazımdır, həm də xeyli zaman”. 

Bəli, ulu öndər dünyadakı ictimai-­siyasi proseslərin hansı məcrada getdiyini, necə davam edəcəyini və beynəlxalq aləmdəki ikili siyasətin daha on illər “dəbdə olacağını” çox yaxşı bilirdi və böyük uzaqgörənliklə deyirdi ki, bu münaqişənin həllinə xeyli zaman sərf etməli olacağıq. Doğrudan da belə oldu. Otuz il sərf etdiyimiz zaman, apadığımız siyasi-diplomatik mübarizə, çoxsaylı görüş və müzakirələr düşmənə və onun havadarlarına həqiqətin harada olduğunu başa sala bilməsə də, gündən-günə artan iqtisadi qüdrətimiz və dünyanın 50 ən güclü ordusunun sırasına çıxara bildiyimiz Silahlı Qüvvələrimiz işğalçıya çox böyük dərs verməyi bacarır. 
Amma bu, o demək deyil ki, biz siyasi-diplomatik arenada az uğur qazanmışıq. Əksinə, ordumuzun indiki əməliyyatları dövlət başçımızın möhtəşəm siyasi fəaliyyətinin və uğurlu diplomatiyasının nəticəsi kimi qəbul edilməlidir və edilir. Azərbaycan Ordusunun Qarabağda atdığı addımların “Azərbaycanın haqq işi” olduğunu deyənlərin saatbasaat artması da məhz diplomatiyamızın uğurlarındandır.
Yeri gəlmişkən, Azərbaycan Prezidentinin son iki-üç ildəki diplomatik uğurlarının miqyasından xəbəri olan istənilən şəxs ordumuzun nə zamansa bu uğurlara imza atacağını təxmin edə bilərdi. Elə bir beynəlxalq və ya yerli tribuna olmurdu ki, Prezident İlham Əliyev Ermənistanın dövlət siyasətini konkret faktlarla ifşa etməsin. Ən maraqlı faktlardan biri isə odur ki, dövlət başçımız ordumuzun torpaqlarımızı işğaldan azad etməkdə olduğu günlərdə də mükəmməl diplomatiyası ilə dünyanın gözü qabağında Ermənistanı və düşmən ölkənin baş nazirini sözün həqiqi mənasında “mat” vəziyyətinə saldı.
 Söhbət sentyabrın 29-da “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında Azərbaycan–Ermənistan təmas xəttində baş verən son hadisələrə həsr olunmuş verilişdən gedir. Ermənistan ­Prezidenti yenə İlham Əliyevlə eyni verilişdə sualları cavablandırmalı oldu və yenə də Azərbaycan Prezidenti tərəfindən ifşa edildi. Fikrimizcə, Nikol Paşinyanın həmin televiziya verilişindəki uğursuzluğu onun cəbhədəki uğursuzluğunu tamamlayırdı. 
Dövlət başçımızın jurnalistin suallarını cavablandırması barədə danışmazdan əvvəl işğalçı dövlətin diletant baş nazirinin dediklərini yada salmağımız bəlkə də, müsbət qarşılanmaya bilər. Ancaq sözün məqamı gəldiyinə görə bəzi detalları xatırlatmaq istərdim. Məsələn, ­Paşinyan deyir ki, Türkiyə qoşunları artıq avqust ayından Azərbaycandadırlar. Ağlı başında olan siyasətçi bu iddianı irəli sürəndə fikirləşməliydi ki, Azərbaycan ərazisində qonşu ölkənin hərbçiləri son ayda təlim keçibsə, onun ölkəsində başqa ölkənin hərbçiləri 30-40 ildir ki, fəaliyyət göstərir. 
Yaxud, Paşinyan utanmadan, dünya ictimaiyyəti qarşısında daşımalı olduğu məsuliyyəti tapdalayaraq deyir ki, danışıqlara başlamaq üçün Azərbaycan güzəştlərə getməlidir. Anlamır ki, ərazisinin 20 faizi işğal olunmuş Azərbaycan 30 il danışıqlara getməyə razı olubsa, bu, dünya hərb tarixinin ən yaddaqalan güzəştlərindən biridir. İndi özünü və ölkəsini saldığı uçurumdan xilas etmək üçün güzəştdən danışır.
Başqa bir məqama diqqət yetirək. Jurnalist soruşur ki, indi qan tökülməsinə son qoymaq və atəşi dayandırmaq üçün nə isə etmək olarmı? Gerizəkalı baş nazirin cavabına fikir verin: “Bildiyiniz kimi, XX əsrin əvvəlində XX əsrin ilk soyqırımı baş verib”. Bu məntiqsizliyi nəinki siyasətçi, dövlət başçısı, heç sadə vətəndaşlardan biri də dilə gətirməzdi. 
Rusiyalı jurnalistlərin və çoxmilyonlu televiziya tamaşaçılarının Azərbaycan Prezidentindən eşitdikləri cavablar isə təkcə məntiqinə, tarixi faktlarla əsaslandırıldığına və siyasi-diplomatik baxımdan mükəmməlliyinə görə deyil, həm də dil və publisistika baxımından hamı üçün anlaşılan, əlçatan idi. İlham Əliyevin cavablarını eşidən auditoriya ondan sonrakı natiqin – Paşinyanın heç erməni tamaşaçılarının da başa düşə bilməyəcəyi tərzdə danışdıqlarını ironiya ilə qarşılayırdı. 
Azərbaycan Prezidenti efir imkanlarından istifadə edərək dünya ictimaiyyətinə növbəti dəfə xatırlatdı ki, Ermənistanın 27 sentyabr tarixli təxribatı yeni ərazilər işğal etmək üçün düşünülmüş xain planın tərkib hissəsi idi. Prezident qətiyyətlə dedi ki, biz bu təxribatın qarşısını alarkən təcavüzkara adekvat cavab verməyə və beləliklə, öz xalqımızı, öz adamlarımızı və torpağımızı müdafiə etməyə məcbur idik: “ Beləliklə, artıq üçüncü sutkadır ki, şiddətli döyüşlər gedir, bu döyüşlər nəticəsində Azərbaycan Ordusu bir sıra yaşayış məntəqələrini işğaldan azad edib, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəklikləri tutub”.
Həqiqətdir ki, ermənilər son iki əsrdə hər gün, hər saat yalan danışmaqla, saxtakarlıqla dünya ictimaiyyətini aldatmağa çalışır və çox təəssüf ki, əksər hallarda buna nail olurlar. Onlar sentyabrın 27-dən indiyədək də, yəni çox qısa müddətdə xeyli yalan və saxta ittihamlar düşünə biliblər. Cəbhədəki proseslərdə Türkiyə Ordusunun iştirakı və erməni ordusunun arsenalında olan hərbi təyyarənin Türkiyənin F-16 təyyarəsi tərəfindən vurulması barədə yaydıqları uydurma da elə soyqırımı iddiaları kimi tamamilə əsassızdır. 
Azərbaycan Prezidenti ermənilərin həmin iddiaları barədə verilən sualı cavablandırarkən diplomatiyanın əsas sütunlarından olan səmimiyyət prinsipinə əməl etdi: “ Türkiyə bizə mənəvi dəstək göstərir və biz Türkiyə rəhbərliyinə, Türkiyə Prezidentinə və türk xalqına bizimlə həmrəy olduğuna və bizi dəstəklədiklərinə görə təşəkkür edirik. Guya Türkiyənin münaqişə tərəfi kimi iştirak etməsi barədə erməni tərəfin yaydığı bütün şayiələr təxribat xarakteri daşıyır, indiki dildə desək bu, feyk-nyusdur... Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 təyyarələri döyüş əməliyyatlarında heç bir şəkildə iştirak etmir. Bilirsiniz ki, bu gün müasir texnologiyaları nəzərə alsaq nəyisə gizlətmək çox çətindir. Çünki obyektiv müşahidə formaları var, peyk müşahidələri var və ona görə də bunun növbəti təxribat olmasını yoxlamaq çox asandır”. 
Bundan başqa, dövlət başçımız xatırlatdı ki, Azərbaycan danışıqlarda həmişə konstruktivlik nümayiş etdirib. Vasitəçilik missiyası üçün cavabdeh olan Minsk qrupunun həmsədrləri də bunu təsdiq edə bilərlər: “ O cümlədən son iki ildə mən dəfələrlə və başqa məsul şəxslər səviyyəsində bəyan etmişik ki, biz illər boyu işlənib hazırlanmış, Minsk qrupunun və onun həmsədrlərinin danışıqlar prosesi üçün əsas hesab etdikləri nizamlama prinsiplərinə sadiqik. Üstəlik son iki ildə və bundan əvvəl də dəfələrlə bəyan etmişik ki, biz danışıqların formatına da sadiqik. Danışıqlar Ermənistan ilə Azərbaycan arasında aparılır. Münaqişənin yalnız iki tərəfi var. Bəzən münaqişədən söhbət gedəndə bütün tərəflər haqqında danışırlar. Bu, düzgün anlayış deyil. Bütün tərəflər yoxdur, yalnız iki tərəf var – Ermənistan və Azərbaycan”.
Azərbaycan Prezidenti xatırlatdı ki, ATƏT-in Minsk qrupunun həmsədrləri – Rusiya, Fransa və ABŞ-ın dövlət başçılarının şəxsində dəfələrlə bəyanatlar veriblər ki, status-kvo qəbuledilməzdir. Bu isə o deməkdir ki, işğal altında olan ərazilər Azərbaycana qaytarılmalıdır. Biz danışıqlara sadiqik, lakin Ermənistan tərəfindən tamamilə əks hərəkətlər görürük.
Dövlət başçımız aparıcının “ Bazar günü nə baş verib?” sualını cavablandırarkən dünya ictimaiyyətinə məlum olan bir arqumenti yada saldı: “Bütün bunlar bizə qarşı şüurlu provokasiyalar, bizi münaqişəyə cəlb etmək və cavab hərəkətlərinə təhrik etməkdir. Biz təmkin, konstruktivlik və sağlam düşüncə nümayiş etdirdik, lakin onların niyyətləri baş tutmayanda bu cür cəhd göstərdilər. Üstəlik, daha bir səbəb Ermənistanda mövcud olan daxili siyasi böhrandır... Bu adam çoxlu vədlər verib və bu vədləri yerinə yetirə bilmir, əslində, ölkə böhran içindədir. Beləliklə, ona bir xarici amil, necə deyərlər, qarışıqlıq lazım idi ki, əhalinin diqqətini yayındırsın, o da bunu edə bildi”.
Bu qısa qeydlərdə məlum televiziya verilişində sualları cavablandıran iki şəxsin -- Qafqazın iki dövlət başçısının səsləndirdiyi fakt, arqument, fikir və mülahizələrə münasibət bildirdiksə, üçüncü ölkəni təmsil edən şəxsin -- “Natsionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenkonun dediklərinə şərh vermək istəmədik: “Mən Azərbaycan və Ermənistan liderlərinin çıxışlarını diqqətlə dinlədim. İlham Əliyev şərtsiz olaraq dəqiq, tamamilə məntiqli, düzgün, ardıcıl çıxış etdi. Bu, MDBMİ məktəbidir. MDBMİ doğrudan da böyük kadrlar yetişdirir. İndi isə deyilənlərin mahiyyətinə gələk. Prezident Əliyev haqlıdır və tamamilə ədalətli olaraq dedi ki, peyk, elektron, kəşfiyyat texnologiyalarının müasir inkişaf səviyyəsini nəzərə alsaq, Azərbaycan ərazisinə doğrudan da türk qırıcıları göndərilsəydi bu faktı gizlətmək mümkün deyildi… Biz hamımız beynəlxalq hüququn tərəfdarıyıq. Beynəlxalq hüquq nöqteyi-nəzərindən, döyüş əməliyyatları Azərbaycanın ərazisində, Azərbaycan hərbi qüvvələri və erməni hərbi birləşmələri arasında aparılır”.

 

İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”

1 Oktyabr 2020 00:54 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə