Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ZƏFƏR GÜNÜNÜN ASTANASINDA

Prezident İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi illər boyunca çox sərəncamlar, çox fərmanlar imzalayıb, çox qərarlar verib, televiziya ekranlarından, ya kütlə qarşısına çıxaraq insanlarımıza çox müraciətlər edib.
Lakin 2020-ci il sentyabrın 27-də onun imzaladığı ölkədə hərbi vəziyyət elan edilməsi haqqında fərman da, elə həmin gün xalqa müraciəti də əvvəlkilərin hamısından ciddi şəkildə fərqlənir, müasir həyatımızın və əslində vaxt ötdükcə bəlli olacaq ki, bütöv tariximizin də ən həlledici məqamları kimi qavranılmağa layiqdir.
Əslində bu qətiyyətli addımlar elə dövlət başçımızın özünün də tərcümeyi-halında həmişə ən parlaq səhifələr kimi qalacaq!  
Ölkədə hərbi vəziyyət, ardınca da səfərbərlik (lap qismən olsa belə) elan edilməsi elə hadisələrdir ki, adətən, dünyanın hər yerində insanlarda təşviş, nigaranlıq, narahatlıq yaradır.
Lakin Azərbaycan insanı bütün bunları sonsuz sevinclə, şövqlə qarşıladı.
Sanki bu hərbi vəziyyət və səfərbərlik elanı ürəklərdən asılmış ağır daşı götürdü, hamı dərindən köks ötürərək “Axır ki!” dedi.
Hamı yaxşı anlayır ki, hərbi vəziyyət elan edilirsə, səfərbərlik varsa, bu, odlu cəbhələr deməkdir, bunun ardında ölüm-itim də var, qan-qada da.
Amma Azərbaycan fərəhlənir, bütün ölkəni o əzm, o yekdillik, o böyük ideal qovuşdurur ki, nəhayət, düşmən tapdağında olan torpaqlarımızı azad edə biləcəyik.
Şəhid olaq, ancaq yurdlarımız əsarətdən qurtarsın, qurban gedək, amma yolumuzu gözləməkdən gözünün kökü saralmış işğal altındakı ərazilərimizdə bayrağımız ucalsın!
İnsanları ortaq millət dərdi, müştərək millət amalları qədər birləşdirən ikinci qüvvə ola bilməz!
Prezident İlham Əliyevin özü və bütün Azərbaycan üçün narahat açılan 27 sentyabr səhərində atdığı ilk addımlar – hərbi vəziyyət elan edilməsi haqqında həmin fərman, xalqa müraciəti, Təhlükəsizlik Şurasının iclasını keçirməsi və oradakı çıxışının vətəndaşlarımıza çatdırılması hər kəsin içərisində bir ümid çırağı yandırdı, insanlarımızı bütün ölkə boyu böyükdən kiçiyə daxilən səfərbər etdi.
Dəqiqələr ərzində Azərbaycan bir yumruğa çevrildi. 
Xəbər ölkə-ölkə yayıldıqca dünya boyu səpilmiş milyonlarla soydaşımızın qəlbini riqqətə gətirdi.
Bu duyğunun, belə vətənpərvər həyəcanın nə demək olduğunu Azərbaycana düşmən kəsilmiş ermənilər və ermənilik heç zaman dərk edə bilməz.
Bu ali hissin əsl mənasını anlamaq, siqlətini bütün varlığınla hiss edə bilməkçün gərək səndə qandan gələn torpaq qeyrəti, ana Vətən hissi ola.
Həmişə gözü başqalarının torpağında, digərlərinin sərvətində olan, ondan-bundan qəsb edərək özünə qondarma vətən yaratmağa, ordan-burdan çırpışdıra-çırpışdıra özünə irs doğurmağa çalışan bir toplum tarixin çətin sınaq anlarında əslində onunku olmayanları qoyub qaçmağa məhkumdur, məcburiyyət, vadar edən olmasa, bu nemətlər uğrunda ölümə getməyə heç vaxt hazır deyil.
Bu gün cəbhə bölgəsində qarşı-qarşıya dayanan Azərbaycan əsgəri ilə Ermənistan əsgərinin ilk və başlıca fərqi bundadır.
Azərbaycan əsgəri öz halal Vətəni, doğma torpağı uğrunda döyüşür, bu, onunçün namus, vicdan məsələsidir.
Azərbaycanlı o torpaqlar uğrunda döyüşür ki, orada əcdadımızın yüzillərlə yaşı olan məzarları var, o torpaqlarda minillərə sığan tariximizin pozulmaz izləri qalır.
Erməni əsgəri isə vadar edilir ki, oğurlanmış, qəsb edilmiş torpağı əldən verməmək üçün döyüşsün.
Livandan gətirilmiş erməni erməni olmağına ermənidir, o, erməniçiliyin fitnəkar ideyaları yolunda döyüşə bilər. Lakin heç vaxt Vətənini xilas etməkçün döyüşən insandakı mübarizlik, yenilməzlik, qurban getməyə hazır olmaq duyğusu ona yaxın da düşə bilməz.
Belə insanların ayağı silahını atıb qaçmağa həmişə hazırdır.
Ermənilərin bu gün Azərbaycan əleyhinə döyüşlərdə istifadə etdiyi digər muzdlular da eləcə.
Ataların məsəlidir, yalan ayaq tutar, yeriməz.
Ancaq neyləməli ki, müasir dünyada yalan da, şər də həm ayaq tutur, həm də müəyyən zaman ərzində ona dayaq duran başqa iblisliklərlə qol-boyun olub şəstlə irəliləyə bilir.
Fəqət yenə dünyagörmüş atalarımızın sınaqlardan çıxmış sözlərindəki hikmət gec-tez yerini alır: nə qədər ayaq tutsa belə, hər yalanın, hər şərin bir gün büdrəməsi, yerlə yeksan olmaq aqibəti də qaçılmazdır.
2020-nin 27 mart səhəri erməni məkrinin daha bir püskürmə anı idi.
Bundan öncə dəfələrlə burnu ovulsa da, artıq reallıq hissini itirmiş Ermənistan onu nələrin gözləyəcəyini dərk etmədən bütün cəbhə boyu Azərbaycana qarşı hücuma başladı.
Həm də Azərbaycanın dinc əhalisinə qarşı, sərhəd bölgəsində yaşayan sadə vətəndaşlara qarşı.
Bu, bir tərəfdən Ermənistanın yeni torpaqlar qəsb etmək, işğal ərazilərini genişləndirmək hərisliyinin ifadəsi idisə, digər tərəfdən ölkəni bataqlığa sürükləmiş, xalqı fəlakət həddinə çatdırmış, həlli müşkül problemlərlə əlbəyaxa qoymuş, dərin böhrana uğratmış cinayətkar rəhbərliyinin öz əhalisinin başını qatmaq, diqqətləri ümdə problemlərdən yayındırmaq cəhdi idi.
Ancaq lap çoxdan terrorizmi özünün dövlət siyasətinə çevirmiş, faşizmi ideallaşdırmağı və faşizm xəttini yürütməyi özünə məslək seçmiş quldur Ermənistanın bu cəhdinin alnına ilk andan iflas yazılmışdı.
Azərbaycan Prezidenti torpaqlarımıza qarşı yeni erməni həmlələri başlayan ilk saatlardan sonra xalqa üz tutaraq tam qətiyyətlə: “Bu işğala son qoyulmalıdır və son qoyulacaq” – dedi, “Biz zəfər çalacağıq!” – söylədi.
Prezident bu sözləri deyəndə yumruğu düymlənmişdi.
Bu, Azərbaycan xalqının, Azərbaycan Ordusunun erməni həyasızlığına, erməni irticasına ən ağır zərbəni vuracaq yumruğu idi!
Və Ermənistan, erməniçilik o ağır zərbəni bütün acısıyla dadmağın lap astanasındadır.
Azərbaycan xalqı isə böyük zəfərin lap ərəfəsində!
Erməniçiliyin başlıca xüsusiyyətlərindən biri tarix boyu özünü məzlum, incidilmiş, zülmə məruz qalmış xalq kimi qələmə verməsidir.
Adları ilə yanaşı xatırlanmasını xoşladıqları mazoxist bir təşbeh də uydurublar: “Çox əzabkeş erməni xalqı”.
Əslində isə ermənilər özləri həmişə başqalarını incitməkdə, törətdikləri fitnə və xəyanətkarlıqlarla başqalarına əzab verməkdə pərgar olublar.
Ancaq su çanağı suda da sınar. Əvvəl-axır törətdikləri öz başlarında çatlamalı idi, uydurduqları “əzabkeş erməni xalqı” ifadəsi yerini tutmalı idi.
Bu gün cinayətkar Ermənistan rəhbərliyi apardığı qara siyasəti ilə öz xalqını əsl əzabkeşə çevirməkdə tədricən daha dərinlərə getməkdədir.
Azərbaycana həmlə edərək guya Azərbaycanın hücumuna uğradığını bəyan edən ermənilərin yalanı ilk andaca bununla ifşa olunur ki, bu gün Azərbaycan Ordusu öz ərazisində döyüşür, öz zəbt olunmuş torpaqlarını təmizləməkçün vuruşur.
Və Prezident İlham Əliyevin məşhur sualı var: “Ermənistan əsgəri Azərbaycan torpağında nə gəzir?!”
Ölmək istəmirsənsə, yad əraziyə soxulma!
Digər tərəfdən, Azərbaycan Ordusunun hədəfi ona hücum çəkmiş düşmən ordusu, onların hərbi obyektləridir.
Ermənistan isə öz mənfur xislətinə uyğun şəkildə hədəf olaraq ordudan, əsgərdən, hərbi obyektlərdən daha əvvəl mülki əhalini seçir.
O məsum insanlar ki bir neçə ay öncə Tovuzda, indi erməni fitnəkarlığının bu yeni dalğası coşarkən Tərtərdə, Goranboyda, digər məntəqələrimizdə evsiz-eşiksiz qaldılar, həyatlarını itirdilər, ağır yaralar aldılar, onların Azərbaycan Ordusunun qisas əzminə qovuşan ahları düşmənin cəza yükünə əlavə olunur.
Dünyanın isti-soyuğunu duymadan erməni atəşlərindən həlak olan 12-13 yaşlı azərbaycanlı balaların qanı yerdə qala bilərmi?
Bu zülmü nə Allah bağışlayar, nə Azərbaycan Ordusu!
Vəhşilik, qəddarlıq və sadizm qanına işləmiş Ermənistan ordusunda körpələri, uşaqları amansızlıqla qətlə yetirməkdə manyakal bir şakər var.
Bunun qanlı lövhələri ermənilərin azərbaycanlılara qarşı XX əsrin əvvəllərində törətdiyi soyqırımlarından da bəllidir, Xocalıdan da bizə yaxşı tanışdır, 2 yaşlı zavallı Zəhranın gözlərimiz önündən heç vaxt getməyəcək  surətindən də yaxşı tanışdır.
Erməniçilik bu gün yenə həmin idbar xüsusiyyətini ortaya qoymaqdadır.
2016-nın Aprel döyüşləri, 2018-də, 2019-da, nəhayət ki, 2020-nin iyulunda  Azərbaycan əsgərinin rəşadəti ilə burnunun ovulması gərək Ermənistana dərs olaydı.
Göz qızanda, işğal altındakı ərazilərdə əkib-becərdikləri narkotiklərdən beyin dumanlanıb ölçü hissi itiriləndə aqibət belə olur.
Azərbaycana qarşı təmas xətti boyunca genişmiqyaslı hücumlarının ilk anlarındanca sarsıdıcı zərbələr alan Ermənistan yenə dünyanı çaşdırmağa, öz ordusu muzdlularla, xaricdən gətirilmişlərlə dolu ola-ola həyasızca bunu Azərbaycana aid etməyə çalışdı.
Prezident İlham Əliyev də dərhal onların ağzından vurdu: 2 milyonluq Ermənistanın kənardan gətirilən qüvvələrə ehtiyacı ola bilər və bunu edir də. 10 milyonluq Azərbaycanınsa öz ordusunda xidmət etməyə, öz torpağı uğrunda döyüşməyə hazır onminlərlə övladı var.
Unudulmaz Heydər Əliyevin 1993-1994-cü illərin təlatümlü günlərində, dostun və düşmənin, sədaqətlinin və etibarsızın, safın və riyakarın məhək daşına vurulduğu gərgin tarixi dönəmdəki bir sözü zərbülməsələ çevrildi. 
O söz onsuz da həmişə vardı, amma həlledici tarixi məqamda və qüdrətli tarixi şəxsiyyətin dilində tamamilə yeni tutum və çəki qazandı: Mövqe!
2020-nin son sentyabr günləri həm də bir ələk oldu, əsl dostu, yaxşı qonşunu, gerçək müttəfiqi bir daha imtahandan keçirərək əsl sifətini görmək, batininə nüfuz etmək imkanı yaratdı.
Türkiyə həmişə Azərbaycanla əl-ələ, ürək-ürəyə olub. Ən xoşbəxt və ən nigaran tarixi mərhələlər həmişə bizlər üçün həm də növbəti dəfə bir millət, iki dövlət olmağımızın səadətini yaşamaq və bunu aləmə sübut etmək fürsətinə çevrilib.
Türkiyə Cümhuriyyəti Prezidentinin və qardaş dövlətin ali kürsülərinin təmsilçilərinin 2020-ci il sentyabrın bitəcəyində hər gün birmənalı şəkildə səslənən Azərbaycana sona qədər dəstək, axıradək Ermənistanın təcavüzünə qarşı mübarizədə Azərbaycanla birgə olmaq bəyanatları tarixə (və hər bir vətəndaşımızın ürəyinə) həkk olunur və yaddaşlarda əbədilik qalacaq.
Zamanlar ötəcək və iftixar oyadan həmin sözlər gələcəkdə də gerçək yurdsevərləri qəhərləndirəcək, qürrələndirəcək və gələcək nəsilləri də dostluğumuzun, qardaşlığımızın müqəddəsliyini qorumağa, yaşatmağa, daha da irəlilətməyə çağıracaq.
Amma başqa qonşularımız – dost münasibətlərimiz və sıx əlaqələrimiz olan, tarixən min tellə bağlandığımız ölkələr də var, islam birliyi deyilən anlayış da var, islam ölkələrini rəsmən qovuşduran beynəlxalq təşkilat da.
Prezident İlham Əliyev Ermənistanın işğal illərində qəbiristanlıqlarımızı, tarixi və dini abidələrimizı, pirlərimizi, ibadətgahlarımızı dağıtmasından, məscidlərimizdə donuz saxlamalarından bu günlərdə yana-yana bir daha söz açır.
Bu həm də çağırışdır ki, mövqeyiniz hanı?
Biz döyüş meydanında sözümüzü özümüz deyəcəyik, orada köməyinizə ehtiyacımız yoxdur, bəs islami dəyərlərimizin keşiyində durmağı özünüzə ən yüksək vəzifə və borc saydığınız halda Azərbaycanın islam irsinə qarşı törədilən belə dözülməz münasibətə, təhqirlərə dözməyiniz nədir, əksinə, bütün bunların baislərinə rəğbət bəsləmək, əl uzatmaq nə deməkdir?
Axı tarixin yaddaşı çox möhkəmdir. O, heç nəyi unutmur və sonra dünəndəkiləri pozaraq təzə günə uyğun şəkildə yenidən yazmaq mümkünsüzdür!
Dövlət başçısının, Ali Baş Komandanın sözü, qətiyyəti, iradəsi millət üçün bir örnəkdir, səmt küləyidir.
Dövlətin başçısı millətin ümid yeridir.
İllah da belə tarixi sınaq anlarında!
Bu günlərdə Prezident İlham Əliyevin apardığı mərdanə siyasət, qətiyyətli addımları, açıq söylədiyi cəsarətli fikirlər və tutduğu tərəddüdsüz mövqe xalqın ona olan məhəbbətini qat-qat artırıb.
Mərkəzində Prezident İlham Əliyevin dayandığı bu gedişat Azərbaycan cəmiyyətini içəridən daha möhkəm etdi və etməkdədir, ən müxtəlif qüvvələri, ən fərqli baxışları olan insanları yaxınlaşdırmaqda, həmrəy, həmməslək etməkdədir.
50 siyasi partiyanın eyni hədəfə vuran, Prezidentimizi, ordumuzu dəstəkləyən bəyanatları bu vəhdətin bariz təsdiqidir.
Yalnız Azərbaycanı yox ki... Bu günlər Azərbaycanın cəbhə bölgəsində cərəyan edən hadisələr və ölkə başçımızın hər kəsi ilhamlandıran, coşduran, qanadlandıran açıq düşüncələri qardaş Türkiyə cəmiyyətini də içəridən daha yekdil, daha həmrəy edib. Orada da hətta barışmaz siyasi mövqe tutan qüvvələr, partiyalar belə Azərbaycanın haqq işi məsələsində eyni sözü deyir, eyni nöqtəyə vururlar.
Belə yekdilliyin qarşısında hansı erməni, hansı erməniçilik, hansı Ermənistan tab gətirə bilər?!
Son illər boyunca cəbhə bölgəsində baş vermiş müxtəlif qarşıdurmalar öz yerində, amma Azərbaycan və Ermənistan rəhbərləri də bir neçə dəfə gerçək siyasi döyüş adlandırıla biləcək müstəvilərdə qarşılaşıblar.
Hər dəfə də Azərbaycan Prezidenti Ermənistanın baş nazirini öldürücü məğlubiyyətə düçar edib.
Sentyabrın 29-da Moskvanın “Rossiya 1” telekanalı həm Prezident İlham Əliyevdən, həm baş nazir Nikol Paşinyandan müsahibələr alırdı.
Ermənistan dövlət başçısının şansı idi ki, onlar efirdə ayrı-ayrılıqda oldular. Əgər ikisi də kameralar qarşısında eyni vaxtda dayansaydılar, dialoq təşkil edilsəydi, bəlkə də bu dəfə Ermənistanın sorosçu hərdəmxəyal başçısı əvvəlkilərdən də müdhiş zərbələr alacaq, qabaqkılardan daha betər miskin vəziyyətə düşəcəkdi.
Lakin hətta bilavasitə üzə-üzə dayanmadan, iki dövlət başçısının bir-birinin fikirlərinə bilavasitə reaksiya vermək imkanının olmadığı formatda da yenə Əliyev–Paşinyan dueli ikincinin iflası ilə bitdi.
Prezident İlham Əliyevin çıxışı və cavabları, həmişəki kimi, ağıllı, düşünülmüş, dəqiq, baş verənlərin əhatəli mənzərəsini cızan, proseslərin alt qatında nələrin dayandığını göstərən, bununla da erməni siyasətinin puçluğunu tam ifşa edən mükəmməl səviyyədə idi, kəskin, yöndəmsiz suallara cavablar bir-birindən sərrast və məntiqli idi.
Baş nazir Nikol Paşinyan da, yenə həmişəki kimi, hətərən-pətərən danışan, nala-mıxa vuran, məntiqi ardıcıllıqdan və nitq səliqəsindən məhrum, özünə yaraşan səviyyəsiz çıxış etdi, ona yönələn suallara qənaətbəxş cavablar verə bilmədi, yenə yalanlar və iftiralardan ibarət uzlaşmayan söz horrası ilə bir daha öz miskin vəziyyətini nümayiş etdirmiş oldu.
Bizim dəyərləndirməni qoyaq bir kənara ki, bunu kimsə bəlkə subyektiv baxış kimi də səciyyələndirə bilər.
Bəs qərəzsiz münsifin və yüksək səviyyəli mütəxəssisin elə həmin anlardaca hər iki çıxışa isti-isti verdiyi qiymətə nə deyirsiniz?
“Populyar “60 dəqiqə” verilişində dövlət başçılarının sualları cavablandırmasından sonra səslənən ekspert rəylərindən biri nöqtəni də, nidanı da öz yerinə qoyur.
“Natsionalnaya oborona” (“Milli müdafiə”) jurnalının baş redaktoru İqor Korotçenkonun fikirləri haqqı görməyi bacaran, anlayan və görüb-eşitdiyinə ədalətli qiymət verə biləcək hər nəfərin nöqteyi-nəzəri kimi qəbul edilə bilər: “Mən Azərbaycan və Ermənistan liderlərinin çıxışlarını diqqətlə dinlədim. İlham Əliyev, şübhəsiz ki, dəqiq, tamamilə məntiqli, düzgün, ardıcıl çıxış etdi. Bu, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu məktəbidir (Azərbaycan Prezidentinin bir vaxtlar təhsil aldığı, sonralar isə dərs dediyi həmin ali təhsil ocağı həqiqətən bu sahədə dünyanın ən aparıcı mərkəzlərindən biri sayılıb və sayılmaqdadır – R.H.). MDBMİ, doğrudan da, böyük kadrlar yetişdirir. İndi isə deyilənlərin mahiyyətinə gələk. Prezident Əliyev haqlıdır və tamamilə ədalətli olaraq dedi ki, peyk, elektron, kəşfiyyat texnologiyalarının müasir inkişaf səviyyəsini nəzərə alsaq, Azərbaycan ərazisinə, doğrudan da, türk qırıcıları göndərilsəydi, bu faktı gizlətmək mümkün deyildi. Bunu peyk kəşfiyyatı olan istənilən ölkə aşkar edə bilər. Bu gün isə Dağlıq Qarabağ bölgəsi dünyanın bütün aparıcı ölkələrinin sıx müşahidəsi altındadır. Həmkarlarımın diqqətini bir məqama çəkmək istərdim. Biz hamımız beynəlxalq hüququn tərəfdarıyıq. Beynəlxalq hüquq nöqteyi-nəzərindən döyüş əməliyyatları Azərbaycanın ərazisində, Azərbaycan hərbi qüvvələri və erməni hərbi birləşmələri arasında aparılır”.
Ermənistan dövlət başçısı həmin çıxışında dolayısı ilə ağır itkilər verdiklərini, məğlub durumda olduqlarını etiraf edir və bunu belə izah etməyə çalışır ki, guya Azərbaycan onlara qarşı meydanda tək deyil, yanında Türkiyə var.
Prezident İlham Əliyevsə adəti üzrə nokautedici zərbəsini ləngitmir.
Böhtançını dərhal ifşa edir. Bu gün dünyanın istənilən nöqtəsinin, xüsusən belə həssas münaqişə bölgələrinin peyklərdən daimi nəzarətdə olduğuna və Azərbaycanın öz mübarizəsini, həmişə kiminsə gücünə arxalanan Ermənistandan fərqli olaraq, özünün təkbaşına apardığına, Ermənistan rəhbərinin belə söyləməklə Azərbaycan Ordusunun nail olduğu zəfərlərin qiymətini azaltmağa çalışdığına diqqət yönəldir. Türkiyəninsə bizə yalnız bir qardaş ölkə kimi mənəvi dəstək göstərdiyini ayrıca vurğulayır.
Beləliklə, Ermənistan başçısı guya azdırıcı, çaşdırıcı saxta sözləri ilə ictimaiyyəti aldatmaq istəyərkən hər dəfə yalan danışdığı faş edilir, həm də kəmsavadlığı, müasir dünyanın texnoloji imkanlarından bixəbərliyi ortaya qoyulur.
...İndi bütün Azərbaycan o günü gözləyir. Əslində həmin günü Azərbaycan insanı 30 ilə yaxındır ki, gözləyir.
O məsud günə aparan yolu uzatmaq, həmin zəfər gününə gedib çatmağın qarşısını almaq üçün düşmən də, ona havadar olan qüvvələr də bu 30 ilə yaxın müddətdə nə bacarıblarsa ediblər.
Bu əzablı müddət boyunca elan edilməmiş müharibə bircə gün də dayanmayıb.
Açıq və örtülü şəkildə hər gün davam edib!
Yalnız cəbhə xəttində davam etməyib. Siyasət meydanında, beynəlxalq təşkilatlarda, mətbuat səhifələrində davam edib.
25 ildir ki, Ermənistanla Azərbaycan ­arasında atəşkəs rejimi mövcuddur.
Amma bu 25 illik atəşkəs dövründə Azərbaycanın dörd bucağında neçə-neçə evlərin qapısını kədər döyüb, əsgərliyə sağ-salamat getmiş cavan oğulların evlərinə tabutları qayıdıb.
3 onil boyunca yüzminlərlə qaçqın və məcburi köçkün Yer üzündə haqqın-ədalətin bərqərar olacağına ümidini kəsərək əllərini göyə açıb, Tanrıdan yardım umub.
Doğma torpaqların düşmən tapdağında qalmasından, acı bağırsaq kimi uzanan nəticəsiz və gələcəyi heç nə vəd etməyən danışıqlardan bezən ata-baba yurdu həsrətli insanlar dəfə-dəfə səsini qaldırıb, dövlətə üz tutub, savaş istəyib, “Biz Vətən uğrunda ölməyə hazırıq” söyləyib.
Azərbaycan dövləti yüzminlərlə qaçqın və köçkünün, milyonlarla vətəndaşımızın ürəyini deşən işğal faciəsini bütün acısıyla duysa da, həmişə yüz ölçüb, bir biçib, ən pis sülh ən yaxşı müharibədən daha sərfəlidir xəttini tutub, böyük dövlətlərin vasitəçi olduğu diplomatik danışıqların bəhrə verəcəyinə ümidini itirməməyə çalışıb.
Bununla bərabər bir an belə dayanmadan diplomatik cəbhədə sistemli iş də aparılıb.
Həqiqətlərimizin dünyaya çatdırılması, erməni təbliğat maşınının yalanlar, böhtanlar üyüdüb tökərək guya haqqın onların tərəfində olması haqda dünyaya sırıdığı saxta təsəvvürlərin dağıdılması, beynəlxalq təşkilatlarda səsimizin ildən-ilə daha qətiyyətlə gəlməsi, ard-arda qəbuluna nail olunmuş və Azərbaycanın məruz qaldığı təcavüzün təfərrüatlarını dünyaya açıqca göstərən sənədlər vasitəsilə etibarlı təməllər yaradılıb.
Dünən erməninin yalanına inanaraq bizim doğrumuza şəkk gətirənlərin gözləri həqiqətlərə açılıb.
Ancaq suyun öz qaynama həddi var. Hərarət bəlli bir dərəcəyə yetişəndən sonra daha o gedişatın qarşısını almaq mümkünsüzləşir.
Dolmuş qabın daşma məqamı, yetişmiş yaranın partlama anı var.
Lakin siyasətin də öz zaman ölçüləri var və bu qəliz meydanda uğur, adətən, o kəsə nəsib olur ki, zəruri addımı nə bir qədər tez, nə bir az gec atır, deyilməli sözü nə məqamı çatandan əvvəl, nə də iş işdən keçəndən sonra dilə gətirir.
Həmin sözü necə deməksə, əlbəttə, artıq zəka, məharət, dövlətçi və siyasətçi gücün dərəcəsindən asılıdır.
Artıq 17-ci ildir Prezident İlham Əliyev Azərbaycan dövlətinə inamla rəhbərlik edir, ölkəmizi daha qüdrətli, daha firavan, daha irəligetmiş etməkçün gecə-gündüz çalışır.
Və o, Azərbaycanın dövlət sükanı arxasına keçdiyi ilk andan son dərəcə ağır bir mirasla üzbəüz idi. Bütün başqa işlərini görə-görə onun qarşısında dövlət başçısı olaraq ilk növbədə Qarabağ düyününü açmaq, Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək, müstəqilliyin ilk günündən bu dövləti və xalqı müşayiət edən yüz minlərlə vətəndaşın qaçqınlıq və köçkünlük müsibətindən xilasına nail olmaq amalı dururdu.
Hərb meydanında strateji yüksəkliklərin ələ keçirilməsi həmişə ordunun, döyüşçünün əsas vəzifələrindəndir. Strateji yüksəklikləri ələ keçirdikcə sənin həm daha miqyaslı görmək, həm irəliləmək, həm düşmənə daha sarsıdıcı zərbələr endirmək imkanların artır.
Eyni tələb siyasət meydanındadır. Siyasətdə strateji yüksəklikləri əldə etməksə bəzən buna gerçək döyüş meydanında nail olmaqdan daha müşkül görünür.
Qarşı-qarşıya qaldığımız qart düşmənlə mübarizədə, Ermənistanın Azərbaycana təcavüzünün ağır nəticələrinin aradan qaldırılmasının məşəqqətli yolunda Prezident İlham Əliyevin apardığı xətti dünəndən bugünə səhifə-səhifə izlədikcə şahid olursan ki, ölkəmizin hazırkı ötkəm mövqeyi  illərdən bəri dərindən düşünülərək, sabahları daim göz önündə saxlayaraq davamlı aparılmış ağıllı siyasətimizin, zəncir kimi hər halqası bir-birinə bənd olan doğru yolumuzun nəticəsində qazanılıb.
Azərbaycanın bugün gəlib yetişdiyi uca məqamın arxasında illərdən bəri aparılan tədbirli, müdrik siyasət və görülmüş nəhəng işlər dayanır.
Azərbaycana rəhbərliyə başladığı ilk gündən ən başlıca vəzifələrindən biri olaraq Prezident İlham Əliyev ölkənin iqtisadiyyatını inkişaf etdirməyi gördü, ölkədə demokratik ab-havanın inkişafının da, dünyada sözümüzün daha keçərli, nüfuzumuzun daha artıq olmasının da, təcavüzdən xilas olmaq yolundakı müvəffəqiyyətlərimizin də mayasında iqtisadi cəhətdən güclü, zəngin bir ölkəyə çevrilməyin dayanmasının başlıca şərt olduğunu düşündü. Və məhz belə bir güclü Azərbaycanı qurmaq yolunda çalışdı.
Güclü iqtisadiyyat, ölkənin ildən-ilə artan imkanları, dünyanın iqtisadi həyatında qədəm-qədəm irəliləyərək nail olduğumuz nüfuz, qlobal əhəmiyyətli enerji layihələrinin gerçəkləşdirilməsi səmtində yorulmaz fəaliyyət olmasaydı, bugünkü tərəqqi edən, çiçəklənən, öz gücünə arxayın Azərbaycan da olmazdı.
Bunlar olmasaydı, bir çox başqa qazandıqlarımız kimi, indiki mükəmməl təchizatlı, yaxşı hazırlıq keçmiş, peşəkarlığı qat-qat inkişaf etmiş, sözünü deməyə qadir qüdrətli ordumuz da olmazdı.
Vur-tut bir neçə gün ərzində Mili Ordumuzun düşməni lərzəyə salan əks həmlələri, işğaldan azad etdiyi kəndlər və fəth olunan strateji yüksəkliklər, eləcə də  həm ordumuzun, həm xalqımızın sonadək getmək, bütün zəbt edilmiş ərazilərimizi azad etmək əzmi Ermənistanda da, əlləri xeyli uzun, ayrı-ayrı dövlətlərdə də, Avropa və dünya qurumlarına təsir imkanlarına malik erməni lobbisində də, onlara havadar olan qüvvələrdə də ciddi narahatlıqlar yaratdı.
Azərbaycana müxtəlif dövlət başçılarından, beynəlxalq təşkilatlardan inadlı müraciətlər gəlməyə, çağırışlar edilməyə başlandı ki, atəşi dərhal dayandırın, danışıqlar masası arxasına keçin, məsələni sülh yolu ilə həll edin.
Bu müraciət və çağırışların hər birinə isə Azərbaycan dövlət başçısının cavabı hazır idi.
Səsləndirilən cavabların hamısının mahiyyəti bu ümumi fikri çatdırırdı ki, axı bəs  illər yox, onillərlə haradaydınız, niyə belə fəal deyildiniz, nədən bu cür canfəşanlıq etmirdiniz?
Axı ATƏT-in Minsk qrupu həmsədrləri illərdir ki, səmərəsiz, çevir tatı-vur tatı danışıqları aparırdılar, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının işğal edilmiş Azərbaycan ərazilərinin təxirə salınmadan və qeyd-şərtsiz boşaldılması haqda qətnamələri, aparıcı Avropa təşkilatlarının eyni niyyəti ifadə edən sənədləri masa üstündə idi, niyə qımıldanmırdınız, niyə indiki kimi əlhaya düşərək Ermənistandan tələb etmirdiniz ki, yola gəl, bu qədər mötəbər sənədlərə saymazyana münasibətə son qoy?!
Danışıqlar prosesi isə artıq xeyli vaxtdır ki, dar dalana dirənib və bunun günahkarı da Azərbaycan deyil, yenə təcavüzkar Ermənistandır.
Prezident İlham Əliyevin dəmir məntiqinin qarşısına başqa digər məntiq çıxarmaq çətindir: “Əgər Ermənistanın baş naziri deyirsə ki, “Qarabağ Ermənistandır”, onda hansı danışıqlardan söhbət gedə bilər?”
Qarşı tərəfə “oturun danışın” deyənlərə isə suallar və əsaslı ittihamlar bununla bitmir: Ermənistan işğal edilmiş ərazilərdə beynəlxalq hüquqa görə cinayət hesab edilən qanunsuz məskunlaşma siyasəti aparırsa, Ermənistan bir tərəfdən iddia edirsə ki, danışıq tərəfi olaraq dırnaqarası Dağlıq Qarabağ rejimi qəbul edilməlidir, digər tərəfdən oradakı ordunun 90 faizi Ermənistan vətəndaşlarıdırsa, təxribatı təxribata calayaraq zəbt olunmuş ərazilərdə hərbi təlimlər keçirirsə, Azərbaycanın Qarabağ bölgəsinə aid olmayan ərazilərinə də işğalçı məqsədlərlə hücumlarının biri qurtarmamış digəri başlayırsa, Minsk qrupu həmsədrləri dəfələrlə status-kvonun qəbuledilməzliyini bildirsələr də, Ermənistanın ən müxtəlif təxribatlar və pozucu əməlləriylə cidd-cəhdlə status-kvonu saxlamağa yönəlmiş istəkləri ortadadırsa, hansı sülh danışıqlarından söhbət gedə bilər?
Ermənistan sülh danışıqlarında maraqlı deyilsə, yalnız diz çökdürülməyə başlayanda bu haqda düşünməyə başlayıb və ara səngiyən kimi yenə əvvəlki aqressivliyini nümayiş etdirirsə, danışıqların davam etdirilməsindən necə danışıla bilər?
Danışıq iki tərəfin konstruktiv müzakirələri zəminində baş verə bilər. 30 ilə yaxınlaşan müddətdə isə Ermənistan həmişə hər cür maneçiliyi göstərib və bu gün də həmin ovqatdadır.
Azərbaycan Prezidenti bütün bunları həm də indi demir ki!
İllərdir ən yüksək kürsülərdən, elə bu gün ona “danışıqlara başlayın” müraciətləri edən dövlət başçıları, beynəlxalq təşkilat rəhbərlərinə də rəsmi görüşlərində dəfələrlə söyləyib.
Sonuncu dəfə Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasındakı ümumi debatlarda çıxışı zamanı “sos” siqnalı verib, Ermənistanın öz qoşunlarını təmas xətti boyunca cəmləməsinin növbəti təxribatlara hazırlıq mərhələsi olduğunu bildirib.
Bu çağırışlara, həmişəki kimi, beynəxalq birlik biganəlik göstərdi, qulaq asıb susdu, nəticədə Ermənistanın ayağı bir az da yer aldı və bu işğalçı dövlətin hərbi-siyasi rəhbərliyi artıq son günlərdə şahidi olduğumuz həmlələrini başladı.
Lakin yekəxana bəyanatlar verən, guya ordusunun hansısa ultramüasir silahlara malikliyindən dəm vuran Ermənistan unudub ki, onun qarşısında dayanan 1990-cı illərin yeni-yeni formalaşan ordusu deyil.
Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları ilə müqayisə edilə biləcək ən kamil silah-sursata, texnikaya da malikdir, bişkin hərbçi kadrlar potensialımız da istənilən təxribatın cavabını yeri həmişə ağrıyacaq acı dərslərlə verməyə də hazırdır.
1941-1945-ci illərdə Sovet İttifaqının tərkibində olan Azərbaycanın da faşizmə qarşı mübarizəyə qatıldığı savaşa uzun müddət “Böyük Vətən müharibəsi” deyilirdi. Sovet dönəmində o müharibənin bizimçün də Vətən müharibəsi olduğu fikri aşılanırdı.
Bizimçün əsl Vətən müharibəsi indi apardığımız mücadilədir.
Bu, Vətən torpaqlarını düşmən tapdağından xilas etmək naminə millətin son damla qanınadək döyüşməyə hazır olduğu müqəddəs mübarizədir.
Amma 1941-1945-ci illər müharibəsi ilə hər halda bir mühüm ortaq cəhəti var. Azərbaycanlı əsgərlər o müharibədə dünyanı faşizm taunundan azad etmək üçün çarpışırdı, bu gün isə Azərbaycan əsgəri öz yurdunu, öz xalqını erməni faşizmindən xilas etməkçün döyüş meydanındadır.
Müharibənin qaçılmaz kədərli üzü də var. İki ordunun qarşı-qarşıya dayandığı, atəşlərin yağdırıldığı heç bir savaş ölüm-itimsiz, qurbanlarsız ötüşmür.
Ermənistanın işğalçı həmlələrinin qarşısını alan Azərbaycan Ordusu bu günlər ərzində düşmənə sarsıdıcı zərbələr endirib, qarşı tərəf xeyli itkilər verib. Amma bizim şəhidlərimiz də var.
Elə bu günlərdə mən Hacıqabul rayonunda, Füzulinin işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə həlak olmuş şəhidimiz Pərviz Balabəyovla vida mərasimində iştirak edirdim.
Bu matəm mərasimi adi yas məclislərinə bənzəmirdi.
Canını Vətən yolunda fəda etmiş şəhidimizin doğmalarının, əzizlərinin üzlərində-gözlərində də, o hüzn məclisinə toplaşanların hər birinin çöhrəsində də, hətta yas məclisini idarə edən ruhaninin sözlərində, davranışlarında da qüssə kölgəsi deyil, qürur işığı vardı.
Hər kəs “Vətən sağ olsun” deyirdi, cavanlar bir yana, ahıllar, ağsaqqallar da “Bu gün cəbhəyə yollanmağa hazırıq, Vətənə canımız qurban” söyləyirdilər.
Bunları görürdüm, qəlbim iftixarla dolurdu. Amma bu gün bütün Azərbaycan bu ruhda, bu əhvaldadır.
Azərbaycan bu gün tarım gərilmiş sim kimidir!
Bütün millət bu gün bütöv bir orduya dönüb!
El gücü, sel gücü!
Ali Baş Komandanı, Milli Ordusu ilə nəbzi bu günlərin axarında eyni vuran bu xalqın zəfər çalacağı əziz gün, əlbəttə ki, mütləq gələcək!
Böyük şair Mehmet Akif millətin arzusunda olduğu şanlı günlərin uzaqda olmadığına səmimi qəlbdən inanır və inandırırdı:
Güləcəkdir sənə vəd etdiyi günlər haqqın,
Kim bilir, bəlkə sabah, bəlkə sabahdan da yaxın!
Bizə qarşıdakı gündə, bəlkə ondan da tez nəsib olacaq Böyük Qələbəmiz tez yetişsin!
Və mənim lap çoxdan bir başqa arzum da var.
Son dövrlərdə ölkə Prezidenti İlham Əliyev ayrı-ayrı açılışlara yollanarkən sükan arxasında özü əyləşir.
Çox istəyirəm gəlsin o gün ki, Ali Baş Komandanımız İlham Əliyev binaları üzərində üçrəngli bayrağımız dalğalanan Xankəndiyə, Şuşaya, Cıdır düzünə idarə etdiyi zirehli maşında daxil olsun!..

 

Rafael HÜSEYNOV,
Akademik, Milli Məclisin deputatı

1 Oktyabr 2020 00:51 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə