Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sərhəd bölgələrində əhalinin əhvali-ruhiyyəsi yüksəkdir

Ağcabədi rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ ilə sərhəddə yerləşir. Bu bölgədən Milli Məclisin deputatı seçilmiş Tahir Rzayev bu günlərdə rayonda olmuş, rayon mərkəzi və kəndlərdə seçicilərlə görüşlər keçirmişdir. Deputatla telefon əlaqəsi saxlayıb, ondan aşağıdakı suallara cavab verməsini xahiş etmişik.

– Tahir müəllim, Ağcabədinin sərhəd kəndlərində vəziyyət necədir? 
– Vəziyyət yaxşıdır. Əhali arasında son dərəcə böyük ruh yüksəkliyi var. Adamlar cəbhədə baş verən gərgin hadisələri diqqətlə izləyirlər. Oradan gələn xoş xəbərlər hamımızı çox sevindirir. 
Qeyd etmək istəyirəm ki, möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin bu il sentyabrın 27-də Azərbaycan xalqına müraciəti əhalidə olduqca böyük ruh yüksəkliyi yaradıb. Bu günlərdə hamı bir nəfər kimi, Böyük Qələbəmizə öz töhfəsini verməyə can atır. Könüllü şəkildə cəbhəyə yollanmağı arzulayan gənclərin sayı minlərlədir. 
– “Facebook” səhifənizdən öyrəndim ki, dünən Ağcabədi rayonunun ərazisində yerləşən Qarabağ Atçılıq Kompleksində olubsunuz...
– Kompleksdə dünyaca məşhur Qarabağ atları yetişdirilir. Orada mənə dedilər ki, atlar qulaqların şəkləyib, tez-tez şahə qalxırlar. Sanki yaxınlıqda ağır döyüşlərin başlanmasından xəbərdardır. İnşallah, Qarabağ atlarının Şuşanın Cıdır düzündə dördnala çapacaqları günə lap az qalıb. 
– Bu gün Ağcabədidə kənd təsərrüfatı işləri necə gedir? 
– Bəziləri düşünə bilər ki, Qarabağdakı döyüşlər fermerlərin işinə mənfi təsir göstərə bilər. Əksinə, rayonun əkin-biçin sahələrində işlər əvvəlkindən də yüksək səviyyədə gedir. Ağcabədidə bu il pambıq məhsulunun yığımı uğurla təşkil olunub. 
– Tahir müəllim, əsgər və zabitlərimizə arzunuz nədir? 
– Ölkəmiz üçün tarixi əhəmiyyət kəsb edən bu çətin, məsuliyyətli, eyni zamanda, şərəfli günlərdə xalqımız bütün varlığı ilə Ali Baş Komandanın, Milli Ordumuzun yanındadır. Bu gün bütün xalqımız, bu müqəddəs savaşın önündə gedən, Vətən uğrunda canını fəda etməkdən çəkinməyən əsgər və zabitlərimizlə fəxr edir. Allah onları qorusun!
Bir məqamı mütləq vurğulamaq lazımdır. Ermənistan ordusundan fərqli olaraq Azərbaycan Ordusu heç vaxt mülki əhalini, uşaq, qoca və qadınları hədəfə almır. Bu mənada ermənilər faşistlərdən də betərdir. Onlar qəddar və qaniçəndirlər. İgid əsgər və zabitlərimiz mütləq onların cəzasını verəcək. Sonda bir daha xalqımıza, Milli Ordumuza zəfər arzulayıram.

 

Söhbəti qələmə aldı: 
Məsaim ABDULLAYEV, “Xalq qəzeti” 

 

1 Oktyabr 2020 00:05 - CƏMİYYƏT
CƏMİYYƏT
20 Oktyabr 2020 | 15:55
Qisas qiyamətə qalmaz

Köhnə versiyamızdan xəbərləri izlə