Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İqtisadi tərəqqimizdən güc alan hərbi qüdrətimiz və milli birliyimiz düşməni qaçılmaz məğlubiyyətə uğradır

Bir neçə gündür ki, Azərbaycan ­Ordusunun işğalçı Ermənistanın ölkəmizə yenidən güc nümayiş etdirmək məqsədilə cəbhədə törətdiyi hərbi təxribatı cavablandıraraq azğın düşmənə sarsıdıcı zərbələr vurması dünyanın ən diqqətçəkən hadisəsinə çevrilib. Azərbaycan Prezidenti İlham Əliyevin təxribatdan əvvəlki günlərdə bölgədə yaranmış vəziyyətlə və son günlərdə qoşunların təmas xəttində atəşkəsin pozulmasının səbəb və nəticələri ilə bağlı BMT Baş katibindən tutmuş beynəlxalq aləmdə söz sahibi olan dövlətlərin rəhbərlərinədək apardığı danışıqlar, müxtəlif səviyyələrdə verdiyi açıqlamalar Azərbaycanın haqq işi olan öz ərazilərini işğaldan azad etmək məsələsinə aydınlıq gətirir, ölkəmizə mötəbər dəstək qazandırır. 

Erməni təxribatının qarşısının alınması və torpaqlarımızın işğaldan azad edilməsi üçün həyata keçirilən əks-həmlə əməliyyatlarında ordumuzun qazandığı qələbələr, düşmənə sarsıdıcı zərbələr vurulması xalqımızın illərdən bəri gözlədiyi, qəlbində bəslədiyi haqq işinin qalib gələcəyinə böyük inam yaradıb. Azərbaycanın düşməni geri oturdan bu hərbi güçünün özülündə ölkəmizin əldə etdiyi iqtisadi qüdrət, xalqla hakimiyyətin möhkəm birliyi, milli həmrəylik və xalqın köklü maraqlarını qoruyan dövlət siyasəti dayanır. Bu deyilən amillərin heç biri düşmən tərəfdə mövcud olmadığına görə işğalçı qüvvələr Azərbaycan Silahlı Qüvvələrinin qarşısında dayana bilməyib geri çəkilir. Bu, tamamilə təbiidir və düşmən məğlubiyyətə məhkumdur. 
Ölkənin bütün siyasi qüvvələri misilsiz bir həmrəylik nümayiş etdirərək Prezident İlham Əliyevin atdığı siyasi-hərbi addımları dəstəkləyir. Ordumuzun qələbə müjdələri xalqın bütün təbəqələri kimi biz ziyalıları da hədsiz dərəcədə sevindirir. Çalışdığım ali məktəbin böyük kollektivi Prezidentimizin müdrik və qətiyyətli siyasətini alqışlayır, ordumuza mənəvi dəstək ifadə edir. Bu günlərdə xalqımız bir yumruq kimi birləşməsi düşmənin başına endirilən güclü yumruğa çevrilib. Azərbaycan 30 ildir dünyaya bəyan edir ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Dünya birliyi, beynəlxalq hüquq da Dağlıq Qarabağı respublikamızın ayrılmaz hissəsi kimi tanıyır. Beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qərar və qətnamələr Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu təsdiqləyir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində də deyilir ki, erməni silahlı qüvvələri dərhal, tam və qeyd-şərtsiz işğal edilən torpaqlardan çıxarılmalıdır. 
Onu da deyim ki, BMT-dən başqa, digər aparıcı beynəlxalq təşkilatlar da respublikamızın haqlı mövqeyini müdafiə edir. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisatdır ki, hazırda Azərbaycan bu təsisata sədrlik edir. Onlar münaqişə ilə bağlı ədalətli qətnamə qəbul ediblər. Əlbəttə, bu sıranı daha da genişləndirmək olar. Lakin 30 ilə yaxındır ki, bu qətnamələr kağız üzərində qalır. Bununla bərabər, Minsk qrupu çərçivəsində danışıqlar da heç bir bir nəticə vermir, Ermənistan isə ardıcıl olaraq hərbi təxribatlar törədir. 
Yeri gəlmişkən, həmin təxribatlar barədə bir qədər ətraflı bəhs etmək istərdim. Belə ki, Nikol Paşinyanın dəfələrlə işğal olunan Azərbaycan ərazilərinə gələrək, qanunsuz rejim “rəsmiləri” ilə hərbi məsləhətləşmələr aparıb, oğlunu özünün dediyi kimi, bir jest olaraq daha çox erməninin orduya cəlb edilməsi məqsədilə Azərbaycanın işğal altındakı ərazilərdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində hərbi xidmətə göndərib, ayrı-ayrı vaxtlarda “Artsax Ermənistandır, nöqtə” kimi təcavüz xarakterli şüarlar səsləndirib. Bütün bunlar isə onun nasizm siyasətinə sadiqliyindən xəbər verir. 
Sentyabrın 27-də ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətində qeyd etdiyi kimi, Ermənistanın bizə qarşı təxribatları bu faktlarla bitmir: “Bu yaxınlarda bizim Azərbaycanın qədim şəhəri olan Şuşada qondarma kriminal xunta rejiminin başçısının “andiçmə” mərasimi keçirilmişdir. Bu, təxribat deyilmi? Bu, bizə qarşı təhqirdir. Onlar hesab edirdilər ki, biz bu təhqirlə barışacağıq, razılaşacağıq. Onlar bizi şüurlu şəkildə təxribatlara çəkirlər və bunun acı nəticələrini görəcəklər”.
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 29-da “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında Azərbaycan-Ermənistan təmas xəttində baş verən son hadisələrə həsr olunan verilişdə aparıcıların suallarını cavablandırarkən deyib: “Bütün bunlar Azərbaycanı təqsirləndirmək, sonra üçüncü tərəfləri cəlb etmək və beləliklə, danışıqlar prosesini pozmaq üçün edilir. Ona görə ki, erməni tərəfi status-kvonu saxlamaq istəyir. ATƏT-in Minsk qrupunun həmsədrləri isə Rusiya, Fransa və ABŞ-ın dövlət başçılarının şəxsində dəfələrlə bəyanatlar veriblər ki, status-kvo qəbuledilməzdir. Bu isə o deməkdir ki, işğal altında olan ərazilər Azərbaycana qaytarılmalıdır. Biz danışıqlara sadiqik, lakin Ermənistan tərəfindən tamamilə əks hərəkətlər görürük”.
Bütün bu deyilənlərdən görünüdüyü kimi, torpaqlarımızın işğaldan azad ediləcəyi gün yetişmişdir. Bəli, qüdrətli Azərbaycan Ordusu hazırda ermənilərin əvvəl və sentyabrın 27-də törətdikləri təxribatlar qarşısında öz qətiyyətli sözünü deyir, Azərbaycan Ordusu zəfər salnaməsini yazır. Çünki cənab İlham Əliyevin xalqa müraciətində bildirdiyi kimi, biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

 

Arif ŞƏKƏRƏLİYEV, 
Azərbaycan Dövlət İqtisad Universitetinin kafedra müdiri, Əməkdar elm xadimi, professor

1 Oktyabr 2020 00:04 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə