Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Reuters”: fotodakı helikopter Qarabağdakı müharibədə vurulmayıb

Ermənistanın informasiya təxribatları ifşa edilir

Sentyabrın 27-dən Azərbaycan Ordusu erməni təxribatlarının qarşısını almaq üçün şiddətli döyüşlər aparır. Bu hərbi əməliyyatların nəticəsində rəşadətli ordumuz işğalda olan 7 kəndimizi işğaldan azad edib. Qürurverici haldır ki, Murovdağ zirvəsi də artıq əsgərlərimizin nəzarətindədir. Bu gün dünyanın diqqəti Cənubi Qafqaza, daha dəqiqi, Qarabağda gedən hərbi əməliyyatlara yönəlib. Bir sözlə, müharibə təkcə döyüş meydanında deyil, paralel ­olaraq, həm də informasiya məkanında gedir. Son günlər cəbhədə baş verən proseslərin istər Azərbaycan, istər Ermənistan, istərsə də beynəlxalq mediada işıqlandırılması informasiya təhlükəsizliyi, “feyk xəbər” və dezinformasiya məsələlərini gündəmə gətirdi.

Aydındır ki, istənilən müharibə və hərbi əməliyyatlar zamanı qarşı tərəfə mənəvi-psixoloji zərbə vurmaq məqsədi ilə mətbuat, elektron media və sosial şəbəkələrdən geniş istifadə edilməsi günümüzün ­reallığıdır.
Qarabağda gedən hərbi əməliyyatların fonunda Ermənistan tərəfinin informasiya sahəsində “dezinformasiya”, təhrif edilmiş məlumatlar yayması adi hala çevrilib. Sosial şəbəkələrdə Azərbaycana məxsus olduğu iddia edilən hərbi helikopterin vurulması anının erməni mediasında geniş işıqlandırılması beynəlxalq medianın da diqqətindən yayınmayıb. Tirajlanan dezinformasiya xarakterli bu fotoxəbərlə bağlı “Reuters” agentliyi “Faktın yoxlanılması: fotodakı helikopter Ermənistan-Azərbaycan müharibəsində vurulmayıb” sərlövhəli məqalə yayımlayıb. Məqalədə vurğulanır ki, sosial şəbəkələrdə alova bürünmüş hərbi helikopterin düşmə anının fotusu yayılıb və onun guya Azərbaycana məxsus olduğu deyilir. Agentlik fotonun 24 saat ərzində “Facebook” və “Twitter”də sürətlə yayıldığını qeyd edib: “Ermənistanla Azərbaycan arasında-- Dağlıq Qarabağ regionunda gedən döyüşlərin fonunda vurulmuş hərbi helikopterin Azərbaycan məxsus olduğu iddia edilib. Məsələ ilə bağlı sosial şəbəkələrdə müxtəlif iddialar irəli sürülüb.”
Məqalədə “Reuters” həmin fotonun saxta olduğunu üzə çıxarıb: “Amma sosial şəbəkələrdə yayılmış son foto ilə onların bu iddialarını əlaqələndirmək mümkün deyil. Çünki bu foto Suriyanın Nayrab şəhərində bu ilin fevralında çəkilmiş videodan götürülüb. Saxtakarlıqdır! ­Fotodakı guya bu günlərdə vurulmuş helikopter Azərbaycan helikopteri deyil. Sosial şəbəkələrdə yayılmış foto bu ilin fevralında Suriyada helikopterin vurulması ilə bağlı yayılmış videodan götürülüb.”
Bu gün işğalçı ölkə Ermənistanda cəbhədəki uğursuzluqlarının yayılmasının və əhali arasında təşvişin qarşısının alınması üçün hər vəchlə sosial şəbəkələrlə bağlı əhaliyə xəbərdarlıq edilir. Rəsmi strukturların, xüsusilə də güc strukturlarının bəyanatlarında əhaliyə çağırış edilir. Bildirilir ki, sosial mediada dinc sakinlərin yaşayış yerlərini tərk etməsi və bu kimi xəbərlərə inanmasınlar. Bu bəyənatlar onu deməyə əsas verir ki, qarşı tərəf reallığı öz cəmiyyətindən və beynəlxalq ictimaiyyətdən gizlətməyə çalışır. “İzvestiya” qəzeti Xankəndidəki müxbirinə əsasən yazır ki, bu şəhərin mülki əhalisi kütləvi olaraq İrəvana doğru evakuasiya edilir. Erməni ekspertlər çıxışlarında sosial şəbəkələrdə könüllülərin Ermənistandan Qarabağa yollanması videolarından narahatlıq ifadə ediblər. “Ermənistanın İnternet İdarəçiliyi Üzrə Komissiyanın üzvü, “Noravank” fondun eksperti Samvel Martirosyan sosial media istifadəçilərinə videomüraciət ünvanlayaraq, diqqətli olmağı xahiş edib. Buradan da belə qənaətə gəlmək olar ki, erməni cəmiyyəti könüllülərin, əsasən xaricdən gələn erməni əsilli muzdluların yola salınması və Qarabağda döyüşməsi faktının aşkar edilməsindən narahatdır. 
Artıq heç kimə sirr deyil ki, Ermənistan xaricdən gətirilmiş muzdlu döyüşçüləri, PKK silahlılarını hər vəchlə işğal altında olan Azərbaycan ərazilərinə yerləşdirməyə çalışır. PKK-nın Ermənistanın xidmətinə 15 min ­terrorçu təklif etdiyi bildirilir. Bu rəqəmi Türkiyə KİV-i İraqdan, həmin terrorçuların əsas bazasından əldə edib. Məlumata görə, PKK ilə Ermənistan arasında 2020-ci ilin iyunundan bu istiqamətdə danışıqlar gedir. Odur ki, bu məsələnin mediada foto və ya videosübutlarla yayımlanması Ermənistanın təxribatçı hərəkətlərinin ifşa edilməsi deməkdir.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

1 Oktyabr 2020 00:03 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə