Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Biz zəfər çalacağıq! Çünki haqq yolundayıq

“Bizim mövqeyimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Biz öz torpağımızda vuruşuruq. Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var?! Ermənistan ordusunun bizim torpağımızda nə işi var?! Heç kəs üçün sirr deyil ki, “Dağlıq Qarabağ ordusu”nun tərkibində olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır”. Prezident İlham Əliyevin sentyabrın 27-də xalqa müraciətində əks olunmuş bu fikirlər Ermənistanın işğalçılıq siyasətindən əl çəkmədiyini bir daha nümayiş etdirdi.

Dövlət başçımızın müraciəti sentyabrın 27-də səhər Ermənistan ­silahlı qüvvələrinin bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutmasından sonra yayımlanıb. Görünür, işğalçı Ermənistan 2016-cı ilin Aprel döyüşlərində və bu il iyul ayında Tovuz əməliyyatlarında Azərbaycan Ordusu tərəfindən aldığı layiqli zərbədən hələ də ciddi nəticə çıxarmayıb. Əgər Ermənistanın baş naziri bu zərbələrin ağırlığını dərk etsəydi, yenidən sərhədboyu ərazilərdə növbəti təxribatların törədilməsi üçün tapşırıq verməzdi.
Həm Aprel döyüşlərində, həm də iyul hadisələrində Ermənistana da beynəlxalq təşkilatlara da aydın oldu ki, Azərbaycan Ordusu, həqiqətən də, dünyanın ən güclü ordularından biridir. Qüdrətli Ordumuz hər iki əməliyyat zamanı təcavüzkar ordunu darmadağın etməklə “güclü Ermənistan ordusu” mifini də puç etdi. 
Son vaxtlar Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları müntəzəm xarakter alıb. Təəssüf ki, özlərini insan hüquq və azadlıqlarının müdafiəçisi və demokratiya, haqq-ədalət tərəfdarı kimi təqdim edən beynəlxalq təşkilatlar, həmçinin digər ölkələrə “demokratiya dərsi” keçən qüdrətli dövlətlər bu ədalətsizliyə, beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasına laqeyd yanaşır, seyirçi mövqe tuturlar. Bu il iyul ayında Ermənistan--Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində artilleriya atəşi nəticəsində hərbçilərimiz və bir mülki şəxs həlak olanda da beynəlxalq təşkilatlar, xüsusilə münaqişənin nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürən ATƏT-in Minsk qrupu ciddi münasibət bildirmədi. Heç kəsə sirr deyil ki, ilk atəşi, o cümlədən artilleriya atəşini Ermənistan açıb və ilk həlak olanlar da məhz Azərbaycan hərbçiləri olmuşlar. Düşmən layiqli cavabını aldı və bir addım da olsun irəliyə doğru gedə bilmədi. Sarsıdıcı zərbələr nəticəsində Ermənistan tərəfi acı məğlubiyyətlə razılaşmaq məcburiyyətində qaldı. 
Təcavüzkar Ermənistanın növbəti təxribatı -- atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər, yaralananlar var. Ancaq bunun əvəzi qat-qat artıq çıxılıb. Qısa vaxt ərzində düşmənin xeyli hərbi texnikası, canlı qüvvəsi məhv edilib, 30 ilə yaxın düşmən əsarətində olan bir sıra kəndlərimiz artıq azad edilib. Müdafiə Nazirliyinin yaydığı məlumatda da bildirilir ki, Azərbaycan Silahlı Qüvvələrinin keçirdiyi uğurlu əks- hücum nəticəsində Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdülrəhmanlı, Böyük Mərcanlı, Nüzgar kəndləri işğaldan azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, strateji əhəmiyyətli yüksəkliklər nəzarətə götürülüb.
İşğalçı Ermənistanın bu təxribatı törətməkdə əsas məqsədi, ilk növbədə, Azərbaycan torpaqlarının işğalını davam etdirməkdir. Düşmən tərəfi bu xəbis niyyətini gizlətmir və bununla da beynəlxalq hüquqa meydan oxuyur. Onların hərbi-siyasi rəhbərliyi Azərbaycanı yeni işğalla hədələməyə çalışırdı, yeni ərazilər uğrunda işğal siyasəti aparırdı. Lakin bütün ümidləri puç oldu. Üstəlik neçə illərdir işğal altında saxladıqları Azərbaycan əraziləri, starteji əhəmiyyətli yüksəkliklər də azad edildi. Digər səbəb isə ölkəni idarə edə bilməyən Nikol Paşinyanın hakimiyyəti bir müddət də əlində saxlamaq, habelə Ermənistanda mövcud olan çox ciddi sosial, iqtisadi və siyasi problemlərdən ölkə əhalisinin fikrini yayındırmaq, Azərbaycandan düşmən obrazı yaratmaqdır. 
Ermənistanın təxribatlar törətməkdə əsas məqsədlərindən biri də hər vəchlə danışıqlar prosesini pozmağa cəhd etməsidir. Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra , demək olar ki, artıq buna nail olub. Məhz Ermənistanın riyakar, qeyri-konstruktiv və yalançı siyasəti nəticəsində hazırda danışıqlar faktiki olaraq dayanıb. 
Düşmənin bütün fitnə- fəsadlarına baxmayaraq, biz zəfər çalacağıq! Çünki haqq yolundayıq. Bütün dünya və beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Dağlıq Qarabağ əzəli Azərbaycan ərazisidir. 

 

Səhər İSMAYILOVA, 
Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının sektor müdiri, politoloq

1 Oktyabr 2020 00:02 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə