Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistan beynəlxalq hüququ kobud şəkildə pozur

Şanlı Azərbaycan Ordusunun son günlərdə bütün cəbhə boyu əks-hücum əməliyyatlarına başlaması təkcə Ermənistanı deyil, onun havadarlarını da narahat etməkdədir. Xüsusilə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən olan və indiyədək aparılmış danışıqların səmərə verməməsində birbaşa cavabdehlik daşıyan Fransanın birmənalı şəkildə təcavüzkarın yanında olması təəccüb doğurur. Amma Azərbaycan nəticəyə hesablanmış sülh prosesində maraqlıdır.

Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında çıxışı zamanı da açıq bəyan etdi ki, Azərbaycan danışıqlarda həmişə konstruktivlik nümayiş etdirib. Dövlət başçımız dedi: “Son iki ildə mən dəfələrlə və başqa məsul şəxslər səviyyəsində bəyan etmişik ki, biz illər boyu işlənib hazırlanmış, Minsk qrupunun və onun həmsədrlərinin danışıqlar prosesi üçün əsas hesab etdikləri nizamlama prinsiplərinə sadiqik. Üstəlik, son iki ildə və bundan əvvəl də dəfələrlə bəyan etmişik ki, biz danışıqların formatına da sadiqik. Danışıqlar Ermənistan ilə Azərbaycan arasında aparılır. Münaqişənin yalnız iki tərəfi var. Bəzən münaqişədən söhbət gedəndə bütün tərəflər haqqında danışırlar. Bu, düzgün anlayış deyil. Bütün tərəflər yoxdur, yalnız iki tərəf var - Ermənistan və Azərbaycan. Lakin Ermənistanın baş naziri açıq-aşkar bəyan edir ki, “Qarabağ Ermənistandır və nöqtə”. Belə olan halda hansı danışıqlar prosesindən söhbət gedə bilər”. 
Prezidentin sözlərinə görə, Ermənistanın baş naziri deyir ki, Azərbaycan danışıqları Dağlıq Qarabağın oyuncaq rejimi ilə aparmalıdır. Beləliklə, danışıqların artıq 20 ildən bəri mövcud olan formatını dəyişməyə çalışır. Bununla da Ermənistan bilərəkdən danışıqlar prosesini pozur, qəbuledilməz tələblər irəli sürür. 
Hesab edirik ki, bu gün beynəlxalq ictimaiyyət, o cümlədən, Minsk qrupu sentyabrın 27-də, eləcə də ondan əvvəl, iyulun 12-də Ermənistan tərəfindən törədilmiş təxribatlara diqqət yetirməlidir. Avqustun 23-də Ermənistanın təxribat qrupu təxribata cəhd edib, bu qrupun başçısı təmas xəttində ələ keçirilib. Bütün bunlar Azərbaycanı təqsirləndirmək, sonra üçüncü tərəfləri cəlb etmək və beləliklə, danışıqlar prosesini pozmaq üçün edilib. Hamıya aydındır ki, Ermənistanın məqsədi status-kvonu saxlamaqdır. ATƏT-in Minsk qrupunun həmsədrləri Rusiya, Fransa və ABŞ-ın dövlət başçılarının şəxsində dəfələrlə bəyanatlar veriblər ki, status-kvo qəbuledilməzdir. Bu isə o deməkdir ki, işğal altında olan ərazilər Azərbaycana qaytarılmalıdır. 
Bu gün Azərbaycan cəbhədə uğurlar qazananda həmsədrlərin yadına düşür ki, atəşi dayandırıb danışıqlara başlamaq lazımdır. Hazırda cəbhədə vəziyyət gərgindir. Ermənilərin sentyabrın 27-də səhər başladıqları hərbi təxribat nəticəsində Azərbaycanın yaşayış məntəqələri və bizim döyüş mövqelərimiz şiddətli artilleriya atəşinə məruz qalıb. Bu təcavüz nəticəsində Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olub, hərbi qulluqçular arasında da həlak olanlar var. Azərbaycan Prezidenti bu barədə deyib: “Biz təcavüzkara adekvat cavab verməyə və beləliklə, öz xalqımızı, öz adamlarımızı və torpağımızı müdafiə etməyə məcbur idik. Beləliklə, artıq üçüncü sutkadır ki, şiddətli döyüşlər gedir, bu döyüşlər nəticəsində Azərbaycan Ordusu bir sıra yaşayış məntəqələrini işğaldan azad edib, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəklikləri tutub”. 
Prezident İlham Əliyev Türkiyənin rolu haqqında danışaraq deyib ki, bu ölkə regionda sabitləşdirici rol oynayır. Təbii ki, Türkiyə bizə qardaş ölkə və müttəfiqdir. Ermənistanın Azərbaycana hücumu kontekstində Türkiyə rəsmiləri Azərbaycanı, eləcə də beynəlxalq hüququ dəstəklədiyini bildirib. Ona görə ki, Ermənistan 30 ilə yaxın müddətdə Azərbaycan ərazisini işğalda saxlamaqla beynəlxalq hüququ kobud şəkildə pozur: “Türkiyə bizə mənəvi dəstək göstərir və biz Türkiyə rəhbərliyinə, Türkiyə Prezidentinə və türk xalqına bizimlə həmrəy olduğuna və bizi dəstəklədiklərinə görə təşəkkür edirik. Guya Türkiyənin münaqişə tərəfi kimi iştirak etməsi barədə erməni tərəfin yaydığı bütün şayiələr təxribat xarakteri daşıyır, indiki dildə desək bu, feyk-nyusdur. Türkiyənin münaqişədə iştirakı barədə heç bir sübut yoxdur və buna zərurət yoxdur. Azərbaycan Ordusu öz xalqının və öz ərazisinin müdafiəsini təmin etmək üçün kifayət qədər hazırlıqlıdır”.

 

Vəkil HÜSEYNOV, 
Azərbaycan Dövlət İqtisad Universitetinin professoru

 

1 Oktyabr 2020 00:01 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə