Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vətəndaş olaraq məsuliyyətimizi artırmalıyıq

Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən deyə bilərik ki, dünyanın bir sıra ölkələrində pandemiya səngiməkdənsə, daha da alovlanmağa başlayıb. Artıq COVID –19-a yoluxanların sayı 32 milyonu,  virusdan ölənlərin sayı isə 1 milyonu keçib. Son zamanlar qadağaların əksəriyyətini aradan götürmüş Avropa ölkələrində yoluxmaların sayı artdığından bəzi yerlərdə yenidən sərt karantin rejimi tədbirləri görməyə başlayıblar. Qonşu Türkiyədə də, Gürcüstanda da yoluxmaların sayı artmaqdadır və bu səbəbdən yenidən qadağalar tətbiq olunmağa başlanılıb. Payız fəslində ənənəvi hesab etdiyimiz mövsümi xəstəliklər də baş qaldırıb. Məktəblərin açılması ilə həm adi hesab etdiyimiz qripə, həm də koronavirusa yoluxma hallarının artması müşahidə edilir. Bunu artıq fəaliyyəti standart qrafiklə bərpa olunan poliklinikalara çağırışlar da təsdiqləyir. Vətəndaşlar ikinci dalğa və yenidən sərt karantin rejiminə keçidlə bağlı ehtimallardan narahat olduqlarını bildirirlər. “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Yazgül ABDIYEVA bizimlə söhbətində bu kimi məsələlərə aydınlıq gətirməyə çalışdı:

– Azərbaycan ­Prezidenti İlham Əliyev sentyabrın 29-da “COVID –19 dövrü və sonrakı dönəmdə Dayanıqlı İnkişaf Məqsədlərinin 2030-cu il Gündəliyinin maliyyələşdirilməsi” mövzusunda dövlət və hökumət başçılarının toplantısında videoformatda çıxış edərkən pandemiyanın çox sahələr kimi, iqtisadiyyata da təsir etdiyini bildirdi. Həmçinin qeyd etdi ki, bu dövrdə dövlət gəlirlərinin azalmasına baxmayaraq, hökumət iş yerlərinin və səhiyyənin qorunması, habelə iqtisadi inkişafı təmin etmək məqsədilə ümumi daxili məhsulun 3 faizi həcmində maliyyə vəsaiti ayırmışdır. Bundan əlavə, Azərbaycan COVID --19 ilə bağlı 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərmişdir. Dövlət başçısı bildirdi ki, bəşəriyyət pandemiyaya qarşı mübarizə və onun fəsadlarının aradan qaldırılmasına yalnız həmrəylik və birgə səylər sayəsində nail ola bilər: “Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan BMT Baş Assambleyasının koronavirusa qarşı mübarizə üzrə Xüsusi Sessiyasının keçirilməsini təklif etmişdir. Bu təşəbbüs BMT-nin üzvü olan 130-dan çox ölkə tərəfindən dəstəkləndi. İnanıram ki, xüsusi sessiya pandemiyanın təsir etdiyi bütün sahələrin kompleks şəkildə müzakirə olunmasında çərçivə rolunu oynayacaq və onun yaratdığı fəsadların aradan qaldırılması səylərinə töhfə verəcəkdir”.
Qeyd edək ki, mütəxəssislər və dünyanın aparıcı epidemioloqları hələ aprel ayında ehtimal olunan ikinci dalğanın payız ayına təsadüf edəcəyini təxmin edirdilər. Artıq bunu İtaliya, Fransa, İspaniya, İsrail, Ukrayna, Türkiyə və Gürcüstan kimi qonşu ölkələrdə görürük. Bu ölkələrin bəzilərində artıq hava məkanı qapadılıb, turist qəbulu dayandırılıb, bəzilərində ölkədaxili məhdudiyyətlər tətbiq olunub, sərt karantin rejiminə keçiblər. Azərbaycanda ikinci dalğanın oktyabrın ortalarına təsadüf edəcəyi təxmin edilir. Bu, hələlik fərziyyədir. Dəfələrlə pandemiyaya məruz qalmış ölkələrin təcrübələrinə əsasən, ikinci dalğanın gücünün birincidən daha dağıdıcı olması ehtimalı da var. Onu da demək olar ki,  əgər Avropa ölkələrində ikinci dalğanın gələcəyi haqqında əminliklə danışmaq olardısa, Azərbaycanda bu, ancaq ehtimal edilə bilər. Çünki, əvvəla, dünyanın heç bir ölkəsində Azərbaycandakı kimi 6 ay davam edən karantin rejimi tətbiq olunmadı. Hər yerdə həyat normal axarına düşdü, sadəcə insanlara özlərini qorumaq tövsiyə edildi. İnsanlar da  öz sağlamlıqlarının qayğısına özləri qaldılar. Amma bizdə uzun müddət qadağalar qaldı, bəziləri hələ də davam edir. Ona görə də Azərbaycanda ikinci dalğa olacaqmı, olacaqsa, nə vaxt olacaq, bunu heç kim dəqiq deyə bilməz. Ancaq təxmin edilə bilər.
İkincisi, bizdə poliklinikaların nəzdində COVID məntəqələri yaradıldı ki, bu da xəstəliyi simptomsuz və ya yüngül simptomlar¬la keçirən xəstələrə lazımi dərmanlarla təmin edilmək şərtilə evdə müalicə almağa şərait yaratdı. Əhalinin xeyli hissəsi evdə müalicə edildilərsə də, bəziləri ümumiyyətlə, virusa yoluxduğunu gizlətdi. Tamamilə mümkündür ki, əhalinin yarısı artıq virusu bu və ya digər vəziyyətdə keçirib. Çünki, mütəxəssislərin fikrincə, bəziləri COVID --19-a simptomsuz, eyni zamanda, konyunktivit, mədə bağırsaq pozulmaları şəklində və ya hərarət olmadan, öskürəksiz, boğulmalarsız da yoluxdular və yüngül müalicə ilə sağaldılar. Bu yoluxma və sağalma məhz həmin insanların immunitetinə bağlı olan məsələdir. Təbii ki, dəfələrlə alimlər, virusoloqlar, infeksionistlər  bildiriblər ki, immuniteti zəif insanlar xəstəliyə digərlərindən daha tez yoluxurlar, güclü olanlar isə yoluxsalar da, tez sağalırlar.
İndi mövsümü qriplərin çoxaldığı payız fəslidir. COVID –19 virusunu qriplə müqayisə etdikdə görürük ki, ətrafımızda insanlardan 100 nəfərdən biri qriplə qarşılaşmaya bilər, çünki, hamı qrip infeksiyasını keçirib. COVID --19 kimi virusla da hamımız zaman içində qarşılaşacağıq. Bu gün dünya səhiyyə sistemi olaraq koronavirusla bağlı hadisələrə 70--80 faiz hakimik. Lakin kütləvi yoluxmanın gətirəcəyi stres və virusu öyrənməyə görə hadisəni nəzarətdə saxlamaq üçün insanları evdə saxlamaq qərarına hökumətlər məcbur oldu. Üç ay bundan qabaqkı vəziyyətlə müqayisədə həm dünya, həm də ölkəmizdə indi xeyli yaxşıdır.  Artıq bu virusun davranma üsulunu öyrənmişik. Bilirik ki, bu virus sadə qripdə olduğu kimi davranır, hava yolu təması ilə keçir. Biz buna uyğun şəkildə qorunduğumuz zaman gündəlik həyatımızı davam etdirə bilərik. İndi vəziyyət tam nəzarət altındadır, karantin xəstəxanalarının çarpayılarının çoxu boşdur, əlavə xəstəxanalar da ayrılır. Amma virus bizimlədir, növbəti dalğa bizim gücümüzdən böyük olarsa, nəzarətdən çıxa bilər. Burada virusun davranma tərzi də nəzərə alınmalıdır, aprel ayında virusa yoluxanlarda ağciyər tutulması heç 1 faiz olmadığı halda, iyun -- iyul aylarında yoluxanların 90 faizində ağciyərdə zədələnmələr oldu. Bunu dərəcəsindən asılı olaraq kimsə hiss etməyə bilərdi. Amma həkimlər hər şeyi görür. Amma, etiraf etməliyik ki, virusun növbəti davranışının necə olacağı da bəlli deyil. Buna görə ehtiyatlı olmalıyıq. Amma biz əvvəlki qədər qorxub evlərə qapanmayacağıq. Çünki dünyanın artıq bir təcrübəsi var. Biz vətəndaş olaraq qaydalara ciddi əməl etməliyik, məsuliyyətimizi artırmalıyıq.
Y.Abdıyeva  ÜST-ün payızla bağlı vəziyyətin daha da pisləşə biləcəyi haqda xəbərdarlığına da toxundu. Bildirdi ki, virusun insanlar üzərində yaratmış olduğu qorxu ilə uşağımızın adi qrip olduğu zaman keçirəcəyimiz stresi düşünərək, cəmiyyət bizi nələrin gözləyəcəyinə hazır olmalıdır ki, həmin vaxt küyə düşərək daha böyük zərər görməyək. Həkim dedi:
–Bu payızdan sonra istər peyvənd olsun, istər olmasın, gələcək üçün artıq rahat nəfəs alınacaq zaman başlayacaq.  COVID  --19 da digər virus xəstəlikləri kimi olacaq. Vaxtilə “Hepatit A” virusuna  yoluxaraq, nə qədər insan həyatını itirib, amma indi o viruslar davranışını dəyişərək insana zərər vermədən yaşayırlar. Virusun belə fərqli davranması, ağciyərə, ürək-damar sisteminə qarşı həssaslığı ilə bağlı mütəxəssislərdə və tədqiqatçılarda fərqli düşüncələr var. Yenidən alovlanmalar olduğu zaman hər bir ölkə ÜST tərəfindən verilən tövsiyələrə uyğun  hərəkət etməlidir.
Ağır, sərtləşdirilmiş karantin rejimlərinin COVID --19 virusu ilə mübarizədə zərərinin çox olduğu sübut olunub. Amma tibbi nöqteyi-nəzərdən faydasına görə karantin elan edilmişdi. Biz  məsafəli yürüşlər edib, maskadan istifadə etdikdən sonra, təbii ki, həyat olduğu kimi davam edəcək. Amma, virusla mübarizədə ayrı-ayrı mütəxəssislər tərəfindən  nə qədər səhv yanaşmalar olsa da, etiraf etməliyik ki, istər, dövlət, hökumət səviyyəsində, istərsə də tibb personalı tərəfindən doğru atılmış qətiyyətli addımlar sayəsində ölkəmizdə ölüm halları az oldu. Yoluxanların əksəriyyəti sağaldı və öz fəaliyyətlərinə davam edirlər.
Həkim söhbətin sonunda üzünü vətəndaşlarımıza tutaraq sadə bir həqiqətə riayət etməyə çağırdı. Bu da cənab Prezidentin çıxışlarında dəfələrlə tövsiyə etdiyi sosial məsafə, maskadan istifadə və gigiyenaya diqqətdən ibarətdir.Y.Abdıyeva, “Bu üç sadə, sınanılmış vasitədən istifadəyə əməl edilsə, virus nə qədər güclü olsa da, kimsəyə zərər verə bilməyəcək” – dedi.

 

Zərifə BƏŞİRQIZI,  
“Xalq qəzeti”

1 Oktyabr 2020 00:49 - CƏMİYYƏT
CƏMİYYƏT
29 Oktyabr 2020 | 11:58
Cəbhə gündəliyi, 28 oktyabr

Köhnə versiyamızdan xəbərləri izlə