Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Elçin Hüseynbəyli: Kəndimiz uğrunda gedən döyüşlərdə iştirak etmək istəyirəm

Yazıçı Elçin Hüseynbəyli KİV-ə açıqlamsında işğal altda qalan doğma kəndi uğrundan döyüşmək istədiyini bildirib:

– İnşallah çox istərdim ki, torpaqlarımız işğaldan azad olunsun, haqq-ədalət qalib gəlsin. Çünki biz öz torpağımızda döyüşürük, niyə dədə-babamızın məzarını ziyarət edə bilmirik, kəndimizə gedə bilmirik.

İndi gözləyirəm, əgər aparsalar, kəndimiz uğrunda gedən döyüşlərdə iştirak etmək istəyirəm. Mən Mahmudlu kəndində doğulmuşam, Böyük Mərcanlıyla bizim kəndin arasında iki kənd var.

Açığını deyim ki, son hadisələr adamı həyacanlandırır. Çünki bir tərəfdən sevinirsən, amma o biri tərəfdən də narahat olursan ki, torpaqlarımızın azad edilməsi uğrunda döyüşlər gedir, hücum edən tərəf bizik və itkilərimiz də var. Bizim gənc hərbçilərimiz şəhid olurlar, amma təbii ki, müharibə itkisiz olmur. Qaldı ki, ermənilər bu müharibəni bizə sırıyıblar.

26 ildən çox vaxt keçir Bişkek müqaviləsindən. Ancaq ermənilər ipə-sapa yatmırlar. Paşinyanın son çıxışları adamda qıcıq yaradırdı. İnşallah çox istərdim ki, torpaqlarımız işğaldan azad olunsun, haqq-ədalət qalib gəlsin. Biz başqa dövlətdən torpaq istəmirik və hamı da bilir ki, Ermənistan özü qədim Azərbaycan torpaqlarında yaradılıb.

Bizim dövlətimiz, ordumuz var, xalqla dövlət bir yerdədir və hamı da Ali Baş Komandanın yanındadır, hər zaman ona dəstək olmağa hazırdır. Əqidəsindən asılı olmayaraq torpaqlarımızın azadlığı uğrunda hər kəs öz töhvəsini versin.

Beynəlxalq ictimaiyyət əgər istəyirsə ki, bu problem tez həll olunsun, onda ermənilərə desinlər ki, qoşunlarını Azərbaycan torpaqlarından geri çəkin, qoy Azərbaycan öz vətəndaşlarıyla, çünki Qarabağ  erməniləri də bizim vətəndaşlarımızdır, onlarla  münaqişəni həll etsinlər.

R.TAHİR,
“Xalq qəzeti”

1 Oktyabr 2020 10:40 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə