Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Paşinyanın sərsəm və dolaşıq nitqi onun siyasi cəhətdən nə qədər zəif olduğunu bir daha göstərdi

Azərbaycan Prezidenti İlham Əliyev dünən “Rossiya-1” telekanalının “60 dəqiqə” proqramına müsahibəsində Ermənistanın növbəti təxribatı nəticəsində yenidən alovlanan münaqişə haqqında həqiqətləri rusdilli auditoriyaya çatdırdı. Prezident İlham Əliyev, ilk növbədə, Ermənistanın təxribatları, işğalçılıq siyasəti haqqında danışdı. Bir çox rusdilli KİV-lərin yanlış təbliğat apardığı hazırkı vaxtda həqiqətlərin dövlət başçısı tərəfindən tutarlılığı və qətiyyətliliyi ilə deyilməsi çox gözəl fürsət oldu.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bildirib.

Komitə sədri diqqətə çatdırıb ki, Prezident İlham Əliyev məntiqli, tutarlı, peşəkar və səlis cavabları ekspertlər tərəfindən diplomatiya məharətinin zirvəsi kimi səciyyələndirilir. Bunun fonunda Nikol Paşinyanın sönük, faktoloji bazadan məhrum olan, dolaşıq və təkrarlanan fikirləri onun həm siyasi cəhətdən zəif olduğunu, həm də müdafiə etdiyi mövqeyin heç bir tənqidə dözmədiyini aydın göstərdi. Paşinyan istər Münxen debatında, ondan öncə Aşqabatdakı dəyirmi masada, istərsə də BBC-nin “Hard Talk” proqramında olduğu kimi, “Rossiya-1”də bir daha öz səbatsızlığının və haqsızlığının aqibətini yaşadı.

Deputat deyib: “Əlbəttə, fürsətçi, hiyləgər və ən əsası, işğalçı Ermənistan hakimiyyəti ilə müqayisədə bizim ən əsas silahımız haqlı olmağımız, məhz həqiqətin özünü deməyimizdir. İkinci silahımız, üstünlüyümüz isə, işğala məruz qalan tərəf olsaq da, daha güclü olmağımızdır. Bu iki amil auditoriyanı düşündürməyə bilməz. Haqlıyıq, amma haqsızla eyni yanaşma görür, eyni çağırış eşidirik, bir çox halda ikili standartla qarşılaşırıq. Haqlıyıq, amma haqsızın güclü diaspor və lobbi təzyiqi, təbliğatı ilə üz-üzəyik. Güclüyük, amma torpaqlarımız 30 ilə yaxındır işğal altındadır. Güclüyük, amma sülh danışıqlarında uzun illər iştirak etmişik və nəticəsiz olsa da, kövrək sülh danışıqları məhz Ermənistan tərəfindən pozulub. Bu gerçəklik fonunda bir də ard-arda hərbi təxribatlara, hücumlara məruz qalırıqsa, bizi qınayanlar desin: bəs biz nə etməliyik?!”

Q.Paşayeva bildirib ki, Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-də səhər başladığı hücum da bundan əvvəlki bütün hücumların davamıdır. Yenə hərbi obyektlərlə yanaşı, mülki obyektlər, dinc əhali hədəfə alındı. Belə olan halda Azərbaycan Ordusu cavab tədbiri görməlidir. Həm də dövlət öz vətəndaşlarını, öz ərazisini müdafiə etməyə mükəlləfdir.

“Prezident İlham Əliyev “Rossiya-1”ə müsahibəsində Ermənistan ordusunun əsas hədəfinin yaşayış məntəqələri və mülki əhali olduğunu, ümumən müharibənin mahiyyətini faktlarla, rəvan nitq, məntiqi ardıcıllıq və cəsarətlə göstərdi. Dövlət başçısı sərrast cavabları ilə Ermənistan hakimiyyətinin diktator mahiyyətini ifşa etdi. Paşinyanın hakimiyyətə gəlməsini bir “siyasi layihə” kimi şərh edərək onu əlaltı adlandırdı. Dövlət başçımız öz fikrini Ermənistanda daxili siyasi böhranın hökm sürməsi, bu böhranın Paşinyanın 2 il öncə çoxlu vədlər verərək hakimiyyətə gəlməsi (və hazırda bu vədlərin altında qalması) ilə əlaqələndirərək, “Paşinyana bir xarici amil, qarışıqlıq lazım idi ki, əhalinin diqqətini yayındırsın” şəklində ifadə etdi”, - deyə Qənirə Paşayeva qeyd edib.

Deputat vurğulayıb ki, müsahibədə diqqətçəkən digər məqam isə, Prezident İlham Əliyevin rusdilli auditoriyanın nüfuzlu efirində də qardaş Türkiyənin maraqlarını qoruması, qardaş ölkəni Ermənistanın haqsız “media hücumu”ndan müdafiə etməsidir. Bununla dövlətimizin başçısı Ermənistan təbliğatının iç üzünü açdı, artıq öz saxtakarlıqlarından əziyyət çəkməyə başlamış işğalçı ölkənin dövriyyəyə buraxdığı yalan məlumatların məqsədyönlü şəkildə tirajlandığını göstərdi. Prezident qeyd etdi ki, Ermənistandan fərqli olaraq Azərbaycanın hazırlıqlı ordusu və çox böyük səfərbərlik ehtiyatı var. Azərbaycan özünü müdafiə etməyə və təcavüzkarı cəzalandırmağa qabildir. “Bizim işimiz haqq işidir. Biz qalib gələcəyik. Dövlətimiz var olsun!”, - deyə Qənirə Paşayeva qeyd edib.

30 Sentyabr 2020 20:39 -

Köhnə versiyamızdan xəbərləri izlə