Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezident İlham Əliyev “Rosiya1” telekanalına müsahibəsində Ermənistanın təxribatlar törətməklə Azərbaycanı təqsirləndirmək cəhdini alt-üst etdi

Son iki il ərzində Ermənistanın  atəşkəs rejimini pozması Azərbaycan ərazilərində təxribatlar törətməsi mütəmadi xarakter alıb. İyul ayının 12- 16- da Azərbaycanın Tovuz rayonu sərhədini artilleriyadan atəşə tutan, hərbçiləri, mülki əhalini qətlə yetirən, yaşayış məntəqələrini yararsız hala salan işğalçı ordu darmadağın edildikdən bir müddət sonra yenidən baş qaldırıb. Bu dəfə genişmiqyaslı hücuma keçərək artıq təxribat törətmək yox, müharibə aparır.

Prezident İlham Əliyev həm yerli televiziya kanallarına verdiyi müsahibəsində  BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda, BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformatda çıxışları, o cümlədən “Rossiya 1” telekanalının “60 dəqiqə” proqramına verdiyi müsahibəsində Ermənistanın işğalçı siyasətini, baş nazir Nikol Paşinyanın münaqişənin nizamlanmasını daha da alovlandıran müharibə çağırışlarını kəskin tənqid etdi. Dövlətimizin başçısı bu ədalətsizliyə göz yuman beynəlxalq təşkilatları da kəskin etdi. “Rossiya 1” telekanalının “60 dəqiqə” proqramına verdiyi müsahibəsində isə Ermənistanın müharibəyə başladığını, əsas hədəfin dinc əhali olduğunu, beynəlxalq humanizm prinsiplərini və beynəlxalq hüquq normalarını kobud şəkildə pozduğunu faktlarla ortaya qoydu.

Dövlət başçımızın “Rossiya 1” telekanalına verdiyi müsahibə qısa müddət ərzində beynəlxalq aləmdə böyük rezonans doğurdu. Bu barədə bir neçə beynəlxalq ekspertin rəyləri diqqətimi cəlb etdi. Amerikalı ekspertin Nikol Paşinyanın çıxışı haqqında yazdıqlarından məlum olur ki, artıq Ermənistanın baş naziri dünyada yalançı və saxtakar kimi tanınıb.  Qarabağ münaqişəsi üzrə ekspert, ABŞ-ın EurasiaNet.org portalının şərhçisi Coşua Kuçera özünün "Twitter" səhifəsində Ermənistanın baş naziri Nikol Paşinyanın  “Rossiya 1” telekanalının “60 dəqiqə” proqramında “suriyalı muzdluların Azərbaycana gətirilməsi” haqda danışmasına münasibət bildirib. Siyasi şərhçi yazır: “Paşinyan deyib ki, onun aldığı məlumata görə artıq suriyalı muzdlular Azərbaycanın cəbhəboyu yaşayış məntəqələrində yerli əhali ilə qarşıdurmaya giriblər, toqquşma olub”.

Coşua Kuçera yazır ki, Paşinyan bu informasiyanı feyk-mənbədən götürüb. O, ermənilərin özlərinin Azərbaycana qarşı feyk xəbərlər paylaşmaq üçün qurduqları “freeazerbaijan.info” adlı sayta istinad edir. Hansı ki, həmin yalan məlumat iki gün əvvəl bu saytda yerləşdirilmişdi. Rusiyalı ekspert Korotçenko da Prezident İlham Əliyevin Nikol Paşinyanı “bağladığını” diqqətə çatdırıb.

Bu fakrları diqqətə çatdırmaqda əsas məqsədim odur ki, artıq dünya ictimaiyyəti də əsl həqiqərtdən xəbərdardır və sərhədboyu ərazilərdə təxribatların Ermənistan ordusu tərəfindən törədildiyinə, müharibənin, ilk olaraq, Ermənistan tərəfindən başlanılmasına əminliklərini ifadə edirlər.

Dövlətimizin başçısı da müsahibəsinin əvvəlində müharibənin Ermənistan tərəfindən başlanıldığını bildirdi. Cəbhədəki son vəziyyət barədə məlumat verən cənab Prezident  ermənilərin sentyabrın 27-də səhər başladıqları hərbi təxribat nəticəsində Azərbaycanın yaşayış məntəqələrini və döyüş mövqelərimizi şiddətli artilleriya atəşinə turduqlarını bildirdi. Bu təcavüz nəticəsində Azərbaycanın 11 dinc sakinin, o cümlədən 2 uşağın həlak olduğunu,  həmçinin hərbi qulluqçular arasında da dünyasını dəyişənlərin olduğunu diqqətə çatdırdı. Qeyd etdi ki, biz təcavüzkara adekvat cavab verməyə və  öz xalqımızı, öz adamlarımızı və torpağımızı müdafiə etməyə məcbur idik. Artıq üçüncü sutkadır ki, şiddətli döyüşlər gedir, bu döyüşlər nəticəsində Azərbaycan Ordusu bir sıra yaşayış məntəqələrini işğaldan azad edib, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəklikləri tutub. Bu gün vəziyyət elədir ki, fəal döyüş əməliyyatları aparılır.

Ermənistanın baş nazirinin, guya, cəbhə bölgəsində türk əsgərlərinin və Türkiyəyə məxsus hərbi texnikanın olması,  onların Ermənistan ordusuna qarşı vuruşduqları yalan dövlətimizin başçısı tərəfindən ifşa olundu. Ölkəmizin başçısı bu məsələ ilə əlaqədar aparıcının sualını cavablandırarkən dedi ki, Türkiyə bizə mənəvi dəstək göstərir və biz Türkiyə rəhbərliyinə, Türkiyə Prezidentinə və türk xalqına bizimlə həmrəy olduğuna və bizi dəstəklədiklərinə görə təşəkkür edirik. Guya Türkiyənin münaqişə tərəfi kimi iştirak etməsi barədə erməni tərəfin yaydığı bütün şayiələr təxribat xarakteri daşıyır, indiki dildə desək bu, feyk-nyusdur. Türkiyənin münaqişədə iştirakı barədə heç bir sübut yoxdur və buna zərurət yoxdur. Azərbaycan Ordusu öz xalqının və öz ərazisinin müdafiəsini təmin etmək üçün kifayət qədər hazırlıqlıdır.

Tamaşaçılarda  Nikol  Paşinyanın siyasi riyakar, böhtançı, yalançı olduğna bir daha əminlik yarandı. Ümumiyyətlə,  Paşinyanın ölkəyə rəhbərliyi dövründə bütün beynəlxalq tədbirlərdə yalan danışdığı, siyasi riyakarlığı artıq dünya ictimaiyyətinə də bəllidir. Budəfəki proqramda da onun suallara dili dolaşa-dolaşa cavab verməsi, sözləri düzgün tələfüz edə bilməməsi, suallar qarşısında aciz qalması yalançı və riyakar olmasından irəli gəlirdi. Faktlar qarşısında aciz qalan Paşinyandan bundan artıq nə gözləmək olardı?

Prezident İlham Əliyev Ermənistanın dinc əhaliyə qarşı müharibə apardığını, Ermənistan ordusunun əsas hədəfinin yaşayış məntəqələri və mülki əhali olduğunu faktlarla göstərdi. Bu, əslində, faşistlərə xas olan xüsusiyyətdir. Paşinyanın da faşizm ideologiyasına xüsusi rəğbəti beynəlxalq ictimiyyətə də bəllidir.

Dövlətimizin başçısı müsahibəsində həm münaqişənin mahiyyətini Rusiya ictimaiyyətinin diqqətinə çatdırdı, həm də faktlarla Ermənistanın təxribatçı siyasətini ifşa etdi. Prezident İlham Əliyev həmçinin  Ermənistan təbliğatının iç üzünü açdı, bu ölkə tərəfindən dövriyyəyə buraxılan yalan məlumatların məqsədini göstərdi.

Kamil SEYİDOV,
Azərbaycan Azad Respublikaçılar Partiyasının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru

30 Sentyabr 2020 15:55 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə